1-6 may tarixlərində İspaniyanın Kataloniya muxtar regionunun Santa Suzana adlı bölgəsində keçirilən fitnes və bodibildinq üzrə Avropa çempionatında Azərbaycan idmançıları tarixi ilkə imza atıb.
Prosport.Az-ın xəbərinə görə, kişilər, qadınlar, gənclər və veteranlar (master) kateqoriyalarında yarışan Azərbaycan idmançıları 26 medal qazanıb. Bunun 11-i qızıl, 9-u gümüş və 6-sı bürünc medal olub.
Bunlardan 22 yaşlı Əli Həsən hamıdan çox – 3 medal qazanıb. O həm böyüklər, həm də gənclər kateqoriyasında yarışıb. Fariz Nəcəfli, Əli Qurbanlı, Rauf Əliyev, Pərviz Qasımov və Aşur Abdullayev hərəyə 2 medal qazanıb. Həmçinin, bu yarışda məşhurlardan Çaqayev kimi artıq dünyada tanınan fitnes məşqçisi Emin Babayev, komediya seriallarında minirollarda çıxış etmiş Şükran Soltanov, eləcə də "İdman" telekanalının aparıcısı Fuad Quluzadə də bürünc medala yiyələnib. Yeri gəlmişkən, kişilərin muskular fizik (179 sm boy) yarışında ilk 3 sıranı azərbaycanlı idmançılar tutub ki, bu da nadir rast gəlinən haldır.
Qızıl medalçılar: Seymur Əliyev (klassik bodibildinq, 180 sm), Fariz Nəcəfli (fizik, 170 sm + fizik/overoll), Əli Qurbanlı (fizik, 182 sm), Rauf Əliyev (muskular fizik, 179 sm + muskular fizik/overoll), Pərviz Qasımov (bodibildinq, +95 kq + bodibildinq/overoll), Aşur Abdullayev (fizik, 18-20 yaşlı gənclər arasında, open + fizik, gənclər arasında/overoll), Əli Həsən (fizik, 21-23 yaşlı gənclər arasında, +174 sm)
Gümüş medalçılar: Seymur Əliyev (klassik bodibildinq/overoll), Əli Həsən (fizik, 176 sm + fizik, gənclər arasında/overoll), Təbriz Tarverdiyev (fizik, 179 sm), Əli Qurbanlı (fizik/overoll), Kamil Əliyev (muskular fizik, 179 sm), Xızrı Şəhriyar (klassik fizik, 180 sm), Seymur Sadıqov (bodibildinq, 75 kq), Teymur Aslanov (bodibildinq, 40-44 yaşlı veteranlar arasında, 80 kq)
Bürünc medalçılar: Emin Babayev (muskular fizik, 179 sm), Şükran Soltanov (muskular fizik, +179 sm), Ərtoğrul Sadıxlı (bodibildinq, 80 kq), Fuad Quluzadə (bodibildinq, 95 kq), Fərhad Quliyev (bodibildinq, 45-49 yaşlı veteranlar arasında, 80 kq), Vüqar Verdiyev (bodibildinq, 45-49 yaşlı veteranlar arasında, 90 kq).
Qeyd edək ki, 28 ölkənin idmançılarının mübarizə apardığı Avropa çempionatında kişilərin komanda yarışında Azərbaycan 154 xalla 1-ci, Türkiyə 127 xalla 2-ci və Rumıniya 119 xalla 3-cü yeri tutub. Qadınların yarışında Azərbaycan 4 xalla sonuncu – 27-ci olub. Gənclərdə Azərbaycan 32 xalla 11-ci, veteranlarda 37 xalla 15-ci yerdə qərarlaşıb.
Səbuhi Musa