Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov komandası “Dinamo”nun Almaniya Regionalliqasındakı çıxışını dəyərləndirib.
Prosport.Az xəbər verir ki, 32 yaşlı futbolçu son turlardakı uğursuz nəticələrin ardından liderdən uzaq düşmələrini sindromla əlaqələndirib. O bu halın motivasiyalarına da təsirsiz ötüşmədiyini etiraf edib.
Zədəsini yenicə sağaldan Rüfət Dadaşov kənarda qaldığı dönəmi də xatırlayıb: “Son oyunların ardından komandada əhvali-ruhiyyə dəfn mərasiminə bənzəyirdi. Çünki autsayderə məğlubiyyət bizim enişimizə yol aça bilərdi. Təəssüf ki, zədə səbəbindən ötən ay 3 matçı buraxdım. Kənardan izləmək heç də xoş deyildi. Əksinə, çox ağırdır. Çünki komanda yoldaşlarınıza kömək edə bilmirsiniz”.
Millimizin sabiq üzvünün fikrincə, mövsümün əvvəllərində daha yaxşı vəziyyətdə idilər: “Biz ilk yarıda daha sərt, aqressiv və yığcam idik. Ola bilsin ki, zədələr komandanı geri salıb. Heyətimiz kifayət qədər yaxşıdır. Amma futbolda belə uğursuzluqlar ola bilər”.
Qeyd edək ki, son 4 oyunun 3-də məğlub olan və yalnız 1 qarşılaşmada heç-heçə edən “Dinamo” hazırda 57 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.