"Qarabağ"ın 13 yaşadək komandası Belarusun paytaxtı Minskdə keçirilən "Bizim gələcəyimiz" adlı turnirdə 8-ci yeri tutub.
Prosport.Az-ın Minskə ezam olunmuş əməkdaşı komandanın baş məşqçisi Elşad Xudadatovdan müsahibə götürüb.
– Turniri necə dəyərləndirirsiniz?
– Ötən ilin aprelində "İzmir Cup"da iştirak etmişdik. Orada qrupumuzda "Ayaks", "Ayntraxt", "Portu", "Srvena Zvezda", "Başakşəhər" və "Bursaspor" kimi komandalarla qarşılaşmışdıq. İzmirdə 8 futbolçu heyətdə ola bilərdi. Belarusdakı turnirdə isə artıq 11 futbolçu ilə çıxış etdik. Bu turnir mənə xoş təsir bağışladı. Uşaqların təcrübəsi üçün 11 nəfərlə oynamaq ilk oldu. Çünki biz çempionatı 9 nəfərlə keçiririk. Bu turnirdə biz ən azı 4-cü yeri tutmalı idik. "Baltika" ilə 1/4 finalda üstün tərəf biz idik, qol şanslarımızı qaçırdıq. Onların 1 şansı oldu və bundan yararlanıb qalib gəldilər.
– Məsələ burasındadır ki, sonrakı 2 oyunda da komanda 0:1 uduzdu. Komandada "vuran ayaq" problemi hiss olundu. Bunu nə ilə əlaqələndirirsiniz?
– Sizin sözünüzə şərikəm. "Vuran ayaq" hiss olundu. Biz seleksiya zamanı da hücumçu mövqeyinə futbolçu tapmaqda çətinlik çəkirik. Hücumçumuz İbrahim Rza "Sabah"da olan vaxt onu turnirə aparmamışdılar. O da "Qarabağ"ın pullu komandasına qoşulmuşdu. Elə olub daha sonra onu komandamıza cəlb etdik. Minskdə vurduğumuz 5 qolun 2-ni o vurdu. Digər 3 qolun müəllifi isə Fərid İsrafilli, Raul Hüseynli və Miroslav Medvedev oldu. Uşaqlar qol vurmaqda həddindən artıq çətinlik çəkir.
– Boş mövqelərə açıla bilməmək və hədsiz top itkiləri də nəticənin uğurlu olmasına mane oldu deyə bilərik?
– Bu da 11-11-ə oynamamağımızdan irəli gəlir. Minskə gəlməzdən öncə Qaraçuxurda "Rəvan"ın bazasında 2 yoxlama oyununu keçirəndə 11 nəfərlə çıxış etdik ki, buna öyrəşək. ROFM-i (Respublika Olimpiya Futbol Məktəbi) böyük hesabla məğlub etdik, "Neftçi"yə də 6:5 qalib gəldik. Ancaq 2 nəfər futbolçu artıq heyətə qoyanda belə, ehtiyat oyunçu skamyan da güclü olmalıdır. Üstəlik, bu meydança bizim Azərbaycanda oynadığımız meydançadan da böyük idi. Bakıda 60 metr uzunluqdakı meydançada oynayırıqsa, Belarusdakı manejin meydançasının uzunluğu 110 metrdir. Belə olanda da iş diapozonu böyüyür. Amma uşaqların çıxışını qənaətbəxş adlandırıram. Biz güclü olan "Kalininqrad"la heç-heçə oynadıq.
– Sizin komandanızda "Qarabağ"ın kapitanı Maksim Medvedevin oğulları – Miroslav və Daniel, eləcə də "Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyevin oğlu Ramil çıxış edir. Oğulları ehtiyatda qalanda sizə narazılıq bildirmirlər?
– Çox yaxşı sualdır (gülür). Maksimin özü də mənim tələbəm olub. İş elə gətirib ki, uşaqlarının da məşqçisiyəm. Maksimin yoldaşı da vaxtı ilə futbol oynayıb. Yoldaşı da bir neçə valideynlə birgə Minskə gəlmişdi. Maksim dünyasında bir dəfə mənim işimə müdaxilə etməz. Cinah müdafiəçisi olan Danini (Daniel Medvedevi nəzərdə tutur – red.) bəzən oynatmıram. Amma mərkəz müdafiəçisi mövqeyində çıxış edən Mirini (Miroslav Medvedevi nəzərdə tutur – red.) daim oynadıram. Dani Miridən 1 yaş kiçikdir. Mirini gələn gündən kapitan qoymuşam. Onda liderlik potensialını görmüşəm. İnşallah, gələcəkdə də "Qarabağ"ın əsas komandasında atası kimi kapitan olar. Bəzi valideynlər məşqçinin işinə qarışır. Heç biri öz ayranına turş demir. Rahid Əmirquliyevin oğlu da özü kimi dayaq yarımmüdafiəsi mövqeyində çıxış edir və komandamızın açar oyunçularından biridir. Ağıllı, tərbiyəli oyunçudur. O da heç vaxt mənim işimə qarışmayıb.
– Neçə ildir "Qarabağ"da çalışırsınız?
– 1998-ci ilin avqustunda "Qarabağ"da uşaq futbolunu - "alt yapı"nı yaratdıq. Əslində "yaratdım" deməyi xoşlamıram. Ona görə də həmişə "yaratdıq" deyirəm. 1998-ci ilin avqustunda Zoopark tərəfdə olan "Treti sad"da ("Üçüncü bağ") uşaq futbolunun təməlini qoyduq. Orada Anatoli Banişevski, Eduard Markarov, Maşallah Əhmədov kimi futbolçular məşq edib.
1997-ci ildə - 32 yaşımda "Qarabağ"da futbolla vidalaşdım. 33 yaşım var idi, məşqçi işləmək istəyirdim. Bu işə uşaq futbolundan başlamağa qərar verdim. Klubun təsisçisi rəhmətlik Adil Nadirovla görüşdük. Adil müəllimə dedim ki, uşaq futbolunda məşqçi işləməyə başlamaq istəyirəm. Bildirdi ki, "Qarabağ"da uşaq futbolu yoxdur, gəl, bunu yaradaq. O vaxt UEFA-nın tələbi var idi ki, 17 yaşlı futbolçular oynamalıdır. Nadirov dedi ki, hər il buna görə Vaqif Paşayevdən, Böyükağa Ağayevdən, İsmayıl Əliyevdən müəyyən məbləğ qarşılığında 1981-1982-ci il təvəllüdlü uşaqları oynamağı xahiş edirik. Beləcə, "Qarabağ"da uşaq futbolunu təsis etdik.
– Bəs, bu komandaya nə vaxtdan rəhbərlik edirsiniz?
– Hazırkı komanda 2021-ci ildən məndədir. Pandemiyadan sonra götürdüm. Bu uşaqlar 4 ilə yaxındır ki, mənim başçılığım altında məşq edir.
– Deməli, növbəti il U-14 komandasında işləyəcəksiniz?
– Bizdə aşağı yaş qrupları 2 yerə bölünür. 9-13 yaş arası uşaqlarla "Gənclik"də (Köhnə "Neftçibaza"nı nəzərdə tutur - red.) işləyirik. Yaşı 14-dən 19-a qədər olan isə "Sərhədçi"dədir. Ola bilər ki, bu uşaqlar 13 yaşdan sonra "Sərhədçi"yə getsin. Buna rəhbərlik qərar verir. Belə olan halda mən yenidən 10 yaşlılardan ibarət komanda götürə va ya builki 12 yaşlılarla gələn il də işləyə bilərəm. Bayaqkı suala qayıdıram. O vaxt uşaq futbolunu yaratdıq. İlk dəfə 1982-1983-cü il təvəllüdlü uşaqlarla başladıq. 17 yaşlıları oynatdıq. Oradan-buradan uşaq tapıb daş meydançada məşq edirdik. Sonra UEFA-dan AFFA-ya dedilər ki, 2 yaş qrupu olmalıdır. Onda AFFA-nın rəhbəri Fuad Musayev idi. U-15 və U-17 mütləq idi. Bu yaş qrupları olmasa, komandalara lisenziya verilmirdi. Buna görə yenidən 15 yaşlı oyunçuları yığmağa başladım. Ondan sonra içim bir az çətinləşdi. Bir nəfər 2 qrupa başçılıq edir, 15 və 17 yaşlıları oyuna çıxarırdı. 2005-ci ilədək belə işlədim. Həmin ilin əvvəlində bizə Sərpil Tüzün gəldi, bir müddət onunla çalışdım. Gedəndən sonra yenə tək işləməyə başladım. O vaxtdan bu yana çox koordinatorlarla işləmişəm.
– Aşağı yaş qrupları üzrə komandalarda adətən gənc məşqçiləri görürük. 59 yaşınız var. Səhv etmirəmsə, siz "Qarabağ"ın akademiyasında ən yaşlı məşqçisiniz...
– Səttar Əliyev də var. Onunla birlikdə futbol oynamışam. Əvvəl U-19-un baş məşqçisi idi. Aftandil Hacıyev gələndən sonra Əliyevi bizə koordinator təyin etdi. Həm də Aftandil müəllimin köməkçisidir. O, məşqçi deyil, vəzifəsi koordinator köməkçisi gedir.
– Siz Rasim Karanın dövründə əsas komandada da işləmisiniz...
– Rasim Kara ilə 2007-nin yanvarından 2008-in yayına kimi işlədim. Sonra o, komandadan ayrıldı. Kızılcahamamdakı toplanışdan qayıtdıqdan sonra Qurban Qurbanov baş məşqçi təyin olundu. Əsas komandada 2 ay işlədikdən sonra Qurban müəllim mənə dedi ki, əvəzedici heyətdə işləməyini, oradan başlamağını istəyirik. Söylədim ki, problem deyil, siz necə məsləhət görürsünüzsə, elə də edərik. Yenidən əvəzedici komandaya baş məşqçi kimi qayıtdım. Orada 2008-dən 2011-ci ilədək işlədim. 2008/2009 mövsümündə 2-ci yeri tutduq. Növbəti mövsümdə isə Azərbaycan çempionu olduq. 2011-ci ildə dedilər ki, fəaliyyətini uşaq futbolunda davam elətdir. 13, 15, 17, 19 yaşlılarla işləmişəm. Hərəsi ilə 2-3 il çalışanda, görürsən ki, 20 il keçib.
– Aşağı yaş qruplarında bu qədər işləmisiniz. Hazırda yetirmələrinizdən əsas komandada çıxış edən futbolçulardan biri Maksim Medvedevdir. Başqa kimlər var?
– İndi "Neftçi"nin formasını geyinən Qara Qarayevi, karyerasını başa vurmuş Əfran İsmayılovu qeyd edərdim. Sərpil Tüzün 2005-ci ildə "Qarabağ"a gələndən sonra böyük bir seleksiya işi apardıq. Düzdür, əvvəlcədən Maksim, Rauf Əliyev və Əfran İsmayılovu gözaltı etmişdim. Onda Maksimlə Rauf Adil müəllimin rəhbərliyi altında "Neftçi" İSM-də (indiki "Neftçi" İK) oynayırdı. Adil müəllim şəxsən özü demişdi ki, bu uşaqları istəməzsən? Həmin vaxt 14 yaşları var idi. Onlar 14 yaşdan o tərəfə oyunçu saxlayırdılar. Mən də dedim ki, niyə istəmirəm. O vaxt "Neftçi" ilə "Neftçi" İSM-in bağlılığı yox idi. Həmin futbolçuların komandaya cəlb olunması Serpil hocanın gəlişi ilə üst-üstə düşdü. Qara Qarayevi Elnur müəllimlə tapmışıq. O hazırda "Vətən"də işləyir. Qara o vaxt Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Elnur müəllimin yanına məşqə gedirdi. Həmin futbolçuları biz tapdıq, "Qarabağ"da böyüdülər. 17 yaşları olanda ora-bura qaçmaq istəyirdilər. "Neftçi" bir tərəfdən "başlarını yeyirdi". Aşağı yaş qrupları üzrə yığmalarda oynadıqları üçün diqqət mərkəzində idilər. Bəzi klublar deyirdilər ki, gəlin, sizə yaxşı maaş verəcəyik. Bunların hamısını mənə danışırdılar. Deyirdim ki, narahat olmayın, burada qalıb özünüzü göstərin, yaxşı olacaq. Şükürlər olsun ki, məni eşidib qaldılar. 18-19 yaşlarından böyüklərlə oynamağa başladılar. Yaxşı da alındı.
– Bəs, əvəzedici komandada sizin yetirməniz olan hansı futbolçular var ki, onların gələcəyini parlaq görürsünüz?
– Açığı, hazırda əvəzedici komandada yetirməm yoxdur. Hazırda "dubl"da çıxış edən Səbuhi Niftəliyevi 12 yaşında mən gətirmişəm, yaxşı uşaqdır. Elton Babazadəni də qeyd edərdim. Onu da "Qarabağ"a mən cəlb etmişəm.
– Əsas komandada oynayacaq potensialları var?
– Həmin futbolçular bu gün Bəhlul Mustafazadə, Toral Bayramov və Elvin Cəfərquliyevlə ayaqlaşmaq üçün çox artırmalıdır. Onların səviyyəsinə çatmalıdırlar ki, əsas komandada oynaya bilsinlər.
Səbuhi Musa
Minsk