Türkiyənin son 4 mövsümdə çempionu olan “Qalatasaray” mövsümöncəsi hazırlıq çərçivəsində keçirdiyi son yoxlama oyununda məğlub olub.
Prosport.Az xəbər verir ki, İstanbul təmsilçisi İspaniyanın “Vilyarreal” klubu ilə qarşılaşıb. Görüş “Vilyarreal”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Qalatasaray” hazırlıq dövründə keçirdiyi 5 yoxlama matçında cəmi 1 qələbə qazanıb.
Qarşılaşmanın 5-ci dəqiqəsində “Qalatasaray”ın baş məşqçisi Okan Buruk hakimə sərt etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Mütəxəssis görüşün qalan hissəsini tribunadan izləyib.
Buruk matçdan sonra jurnalistlərə açıqlama vermədən stadionu tərk edib.
Qeyd edək ki, “Qalatasaray” azarkeşləri klub rəhbərliyinin yay transfer pəncərəsində cəmi bir futbolçu transfer etməsindən narazıdır. Tərəfdarlar həm qarşılaşmadan əvvəl, həm də oyundan sonra rəhbərliyə etirazlarını bildiriblər.
