Azərbaycan Güləş Federasiyası yeni ilə yeni təyinatlarla qədəm qoyur.
Prosport.Az-ın xəbərinə görə, işlərə yunan-Roma güləşi üzrə məşqçilər heyətindən başlanılıb.
Belə ki, rusiyalı baş məşqçi Aleksandr Tarakanov və onun köməkçisi Həsən Əliyevlə yollar ayrılıb.
Yeni baş məşqçi iranlı Məhəmməd Bəna olacaq. Bəna ilə bərabər, daha 2 iranlı məşqçi onun komandasında yer alacaq. Bunlardan biri ötən il Fransanın paytaxtı Parisdə keçirilmiş Olimpiadadan sonra karyerasını başa vurmuş ən ağır çəkidə olimpiya və Avropa mükafatçısı Sabah Şəriəti olacaq.
Bəs Məhəmməd Bəna kimdir? İranın paytaxtı Tehranda doğulmuş Bəna (68 kq) 1983-cü ildə Ukraynanın paytaxtı Kiyevdə keçirilən dünya çempionatının finalçısı (1979-cu il inilabından sonra İranın güləşin bu növündə ilk dünya çempionatı medalıdır) və elə həmin il Tehranda baş tutmuş Asiya çempionatının qızıl medalçısı olub.
67 yaşlı Bəna İranın ən uğurlu yunan-Roma güləşi üzrə məşqçisi sayılır. 4 dəfə bu millini çalışdırıb (2005-2007, 2009-2012, 2014-2015, 2018-2022). İran millisi onun rəhbərliyi altında 2010-cu ildə Çinin Quançjou şəhərində keçirilmiş Asiya Oyunlarında 8 qızıl, 2012-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda baş tutmuş Olimpiadada 3 qızıl medal qazanıb. Həmçinin, 2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Olimpiadada da İran millisi 1 qızıl medal əldə edib. Onun rəhbərliyi altında İran millisi ardıcıl 3 il dünya çempionatında qızıl medal qazanıb.
2011-ci ildə Dünya Güləş Birliyi (UWW) tərəfindən ilin məşqçisi seçilib. 1 il sonra isə İran Tələbələri Xəbər Agentliyi (ISNA) onu ilin məşqçisi adına layiq bilib. 2012-ci ildə İranın o vaxtkı prezidenti Mahmud Əhmədinecad tərəfindən 1-ci dərəcəli Cəsarət ordeni ilə təltif olunub. O bu yaxınlarda İranda əsrin ən yaxşı məşqçisi də seçilib.
Ancaq 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Olimpiadada zəif nəticə göstərməsindən sonra ağlaması ilə diqqət mərkəzinə düşüb. O daha sonra bunu İran xalqını xoşbəxt edə bilmədiyinə görə ağladığını və komandanın "onun övladı" kimi olduğunu söyləyib. Onun ağlaması video və fotolarla sosial mediada gündəm olub. Hətta İranın futbol məşqçiləri – Əli Pərvin və milliyətcə azərbaycanlı olan Əli Dayi onun ağlamasını gördükdən sonra göz yaşlarına boğulduqlarını bildirib.
Onu da bildirək ki, Məhəmməd Bəna hələ 1 il əvvəl federasiyamızın diqqət mərkəzində olub. Lakin həmin vaxt maliyyə məsələsində razılığa gəlinməyib.
Həmçinin, federasiya yaxınlarda Prezident İlham Əliyev tərəfindən fərdi təqaüdə layiq bilinən Qərib Əliyevlə yolları ayırıb. O, yaşı ilə əlaqədar Hakimlər Kollegiyasının sədri vəzifəsindən ayrılıb. Bu vəzifəyə beynəlxalq dərəcəli hakim, Azərbaycanı son 2 Olimpiadada təmsil etmiş Asif Şirəliyev təyin olunub.
Qeyd edək ki, bütün bu təyinatlar yeni ilin ilk günlərində federasiya tərəfindən rəsmən elan olunacaq.
Səbuhi Musa
