Bakının Pirallahı adasında yerləşən Nǝrǝkǝnd parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “IronWinD” açıq ölkə turniri keçirilib.
Prosport.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, Bakı Şəhər Halqası və "Triterra" klubunun birgə təşkilatçılığı ilə baş tutan yarış 3 mərhələdən ibarət olub. İdmançılar 1.9 km üzüb, 90 km velosiped sürüb və 21.1 km məsafəyə qaçıblar.
Qadınlar arasında İnna Anisimova qalib gəlib. Rəbiyə Oruclu 2-ci, Natalya Vallek isə 3-cü olub. Kişilərin yarışında isə Aleksandr Mordasov 1-ci, Teymur Fərəcov 2-ci, Konstantin Vedmed isə 3-cü pillədə qərarlaşıblar.
Turnir zamanı Nərəkənd parkında aşağı yaş qruplarından olan idmançı uşaqların kiçik qaçış yarışı da təşkil olunub.

