Azərbaycanlı ağırlıqqaldıran Zülfüqar Süleymanovun ömürlük cəzası ləğv olunub.
Prosport.Az-ın əldə etdiyi məlumata görə, 41 yaşlı Süleymanovun Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına (IWF) müraciəti sözügedən qurum tərəfindən müsbət dəyərləndirilib.
Şəxsən ona göndərilən IWF-in iraqlı prezidenti Məhəmməd Calud və italiyalı baş katibi Antonio Ursonun imzası olan məktubda idmançının cəzasını artıq çəkdiyini və ömürlük cəzaya ehtiyac qalmadığı göstərilib.
Qeyd edək ki, 2009-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə 62 kq çəki dərəcəsində Avropa çempionatının gümüş medalçısı olmuş Zülfüqar Süleymanov 2013-cü ilin noyabrın 18-də ömürlük cəzalandırılmışdı. O həmin il Albaniyanın paytaxtı Tiranada Avropa 3-cüsü olsa da, 9 aprel və 14 sentyabrda götürülmüş nümunələrdə qanında dopinq tərkibi olan dehidrometiltestosteron aşkarlandığından, bu cəzaya məhkum edilmişdi.