Voleybol üzrə qadınlar arasında Yüksək Liqanın matçları V turdan başlayacaq.
Prosport.Az-ın xəbərinə görə, bunun səbəbini Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova bildirib.
Belə ki, V turda keçiriləcək son ölkə çempionu "Azərreyl" və son ölkə kubokunun qalibi "Abşeron" arasında keçiriləcək qarşılaşma V tura təsadüf etdiyindən, çempionatın açılış matçının bu olması barədə qərar verilib. V turun digər görüşləri də bu həftə baş tutacaq. Növbəti turlar I, II, III, IV, VI və s. bu ardıcıllıqla davam etdiriləcək.
Qeyd edək ki, çempionatın açılış qarşılaşması olan "Azərreyl" – "Abşeron" oyunu ilk dəfə Bakı İdman Sarayında baş tutacaq. Bu gün keçiriləcək görüş saat 17:00-da başlayacaq. Qalan matçlar isə Dərnəgüldə yerləşən Voleybol Mərkəzində olacaq. Bundan sonra çempionat öz axarında davam edəcək.
Səbuhi Musa
