Ağırlıqqaldırma üzrə Azərbaycan millisi ötən ay İrəvanda keçirilmiş Avropa çempionatını başlamamış tərk etdiyindən, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası həmin 4 idmançıya 11-20 may tarixlərində Tunisin eyniadlı paytaxtında keçiriləcək Afrika çempionatında yarışmaq imkanı yaradıb.
Lakin İrəvana getmiş 4 idmançımızdan heç biri 28-29 apreldə Ağır Atletika Akademiyasının yarış zalında keçirilən Azərbaycan çempionatında yarışmadı. Afrika çempionatından öncə bu yarışda iştirak etmək fiziki gücünü bilmək baxımdan effektiv olmazdımı?
Ağırlıqqaldırma üzrə millimizin baş məşqçisi Emil Əliyev Prosport.Az-a açıqlamasında onlara istirahət verilməsinin səbəbini izah etməyə çalışıb:
"Bildiyiniz kimi, Tunisdəki yarışa hazırlaşırıq. Həmin yarışa yaxşı hazır olmaq üçün onlara istirahət verdik. Zatən yarışa yüklənmə ilə çıxırlar. Yüklənib, sonra bərpa olunmaları çətin olardı, buna vaxt yoxdur. Ona görə qərara gəldik ki, respublika çempionatını buraxsınlar. Tunisdəki lisenziya xarakterli yarış bizim üçün daha vacibdir".
Qeyd edək ki, Emil Quliyevin geniş müsahibəsi ilə sabah tanış ola biləcəksiniz.

