Gənclər və İdman Nazirliyinin Naxçıvan üzrə bütün idarə işçilərinin maaşları 2 aydır ki, ödənilməyib.
Prosport.Az mia.az-a istinadən xəbər verir ki, Naxçıvan şəhər, Babək, Kəngərli, Sədərək, Şərur, Culfa, Ordubad və Şahbuz rayon Gənclər və idman idarələrinin əməkdaşları ən son sentyabr ayında maaş alıb:
"Burada əməkdaşlara maaşların gecikməsinin səbəbini nazirliklə, daha dəqiqi, Gənclər və İdman Nazirliyinin mühasibi Tofiq müəllimin məsuliyyətsizliyi ilə əlaqələndirirlər. İddia edirlər ki, o, müvafiq sənədləri zamanında hazırlayıb, Maliyyə Nazirliyinə təqdim etməyib. Və buna görə gecikmə var".
İşçilər deyir ki, yaranmış vəziyyət iş əmsalına da təsirsiz ötüşmür: "İşçilər pulsuz qalıb. Təsəvvür edirsinizmi dövlət qulluqçuları 2 aydır ki, maaş almır və nə vaxt alacaqları da bəlli deyil".
Məlumatda o da deyilir ki, hələ avqust ayından etibarən Naxçıvandakı idarələrdə maaşların ləngiyəcəyi haqda söhbət dolaşıb: "Bu bilindiyi halda, zamanında heç bir tədbir görməyiblər. Bu səbəbdən bu qədər idarələrin işçiləri pulsuz qalıblar..."
Məsələ ilə bağl Naxçıvan MR nazirliyinin də mövqeyini dinləməyə hazırıq.
