Azərbaycan cüdoçusu Murad Fətiyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə serbiyalı Nemanja Majdova qalib gəlib.
Bu, Azərbaycan millisinin mundialda 5-ci medalı olub. Daha əvvəl Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc mükafat əldə ediblər.
Bu, Azərbaycan cüdo tarixində rekorddur. İndiyədək heç bir mundialda cüdo yığmamız bu qədər medala sahib çıxmayıb.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.
15:10
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
Prosport.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda yaponiyalı Qoki Tayimaya uduzub.
O, turnirdəki sonuncu qarşılaşmasında serbiyalı Nemanya Majdovun müqavimətini qırmağa çalışacaq.
Daha əvvəl eyni çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev 1/8, Süleyman Şükürov isə 1/16 finalda rəqiblərinə uduzaraq turnirlə vidalaşıblar. Südabə Ağayeva (70 kiloqram) isə 1/32 finalda mübarizəni dayandırıb.
10:00
Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
Prosport.Az xəbər verir ki, yarışın 5-ci günündə Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, Murad Fətiyev və Süleyman Şükürov (hamısı 90 kq) tatamiyə çıxacaqlar.
Ağayevanın 1/32 finaldakı rəqibi ispaniyalı Ai Tsunoda Roustant olacaq.
Hacıyev 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufla, Şükürov eyni raundda norveçli Kornelius Eylertsenlə üz-üzə gələcək.
Fətiyev yarışa 1/16 finaldan qoşulacaq. O, Yahor Varapayev (Belarus) – Teodoros Tselidis (Yunanıstan) görüşünün qalibi ilə görüşəcək.
Təsnifat mərhələsi saat 10:30-da başlayacaq. Medal görüşlərinin keçiriləcəyi final blokuna isə 18:00-da start veriləcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
