Fransalı cüdoçu Sara-Leoni Sizik Bakıda keçirilən dünya çempionatında ağır zədə aldıqdan sonra yerləşdirildiyi xəstəxanadan buraxılıb.
Prosport.Az xəbər verir ki, idmançı 57 kq çəki dərəcəsində yarımfinal görüşündən sonra təcili tibbi yardım maşını ilə aparıldığı “Leyla Medical Center”də müayinədən keçib.
Sizik xəstəxanada kompüter tomoqrafiyası və MRT müayinələrindən keçib.
Fransa Cüdo Federasiyasının məlumatına görə, müayinələrin nəticələri ürəkaçan olub və gecə saatlarında idmançıya milli komandanın otelinə qayıtmağa icazə verilib. Hazırda o, Fransa millisinin həkiminin nəzarəti altındadır.
Xatırladaq ki, insident 1 gün əvvəl Sizikin yaponiyalı Akari Omori ilə görüşündə baş verib. Rəqibinin fəndindən sonra fransalı cüdoçu əvvəlcə çiyinləri, daha sonra isə başı ilə tatamiyə uğursuz şəkildə düşüb. 28 yaşlı idmançı xərəkdə zaldan çıxarılaraq klinikaya aparılıb.
