Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulub.
Prosport.Az xəbər verir ki, ikinci yarış günündə qadınlar arasında Gültac Məmmədəliyeva (52 kq), kişilər arasında isə Turan Bayramov, Nizami İmranov və Ruslan Paşayev (hamısı 66 kq) qüvvələrini sınayıblar.
Bayramov təsnifat, İmranov 1/16, Paşayev 1/8, Məmmədəliyeva isə 1/4 finalda rəqiblərinə məğlub olublar. Qadın cüdoçumuz bürünc medal uğrunda təsəlliverici görüşdə çıxış etsə də, bu cəhdi də uğursuz alınıb.
Beləliklə, Azərbaycan cüdoçuları dünya çempionatının 2-ci gününü medalsız başa vurublar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) dünya çempionu olub.
10:00
Bakıda keçirilən dünya çempionatında Azərbaycanın daha 4 cüdoçusu bu gün mübarizəyə başlayacaq.
Prosport.Az xəbər verir ki, yarışın 2-ci günündə Gültac Məmmədəliyeva (52 kq), Turan Bayramov, Nizami İmranov və Ruslan Paşayev (hamısı 66 kq) tatamiyə çıxacaqlar.
Məmmədəliyevanın ilk rəqibi 1/16 finalda İsrail təmsilçisi Gefen Primo olacaq.
Bayramov 1/32 finalda Finlandiyadan olan Lukas Saha, İmranov isə Gürcüstan cüdoçusu Vaja Marqvelaşvili ilə qarşılaşacaq. Paşayev 1/16 finalda Serdar Rahimov (Türkmənistan) – Adrian Nieto Çinarro (İspaniya) görüşünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
Təsnifat mərhələsinin görüşləri saat 10:00-da başlayacaq. Dünya çempionatının rəsmi açılış mərasimi saat 16:30-da, final bloku isə 18:00-da keçiriləcək.
Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.
