Azərbaycan cüdoçuları Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının 2-ci gününü mükafatsız başa vurublar.
Prosport.Az xəbər verir ki, bu gün tatami üzərinə çıxan Əbil Yusubov (73 kq), Cəsur İbadlı və Mehdi Abbasov (hər ikisi 81 kq) fəxri kürsüdən kənarda qalıblar.
Cəsur İbadlı ilk 2 görüşdə qələbə qazanaraq 1/4 finala yüksəlsə də, bu mərhələdə məğlub olub. 21 yaşlı cüdoçu təsəlliverici görüşdə də rəqibinə uduzaraq mübarizəni dayandırıb.
Abbasov 2-ci, Yusubov isə ilk qarşılaşmada tatamini məğlub tərk edib.
Hazırda Azərbaycanın hesabında 2 qızıl medal var. Ötən gün Ayxan Mirzəzadə (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl medal qazanıblar.
