Azərbaycanın deflimpiyaçı cüdoçusu Coşqun Əliyev İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən “Ecole Mont-Olivet Deaf Judo Masters Top 18” turnirində qızıl medal qazanıb.
Prosport.Az xəbər verir ki, -60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız dairəvi sistem üzrə keçirilən yarışda üç görüşə çıxıb.
Coşqun Əliyev ilk görüşündə 2025-ci il Deflimpiya çempionu braziliyalı Dantes Pedronu 2:0 hesabı ilə məğlub edib.
İkinci qarşılaşmada qazaxıstanlı Aktynberk Kakitayevə 0:1 hesabı ilə uduzan cüdoçumuz son görüşdə türkiyəli Nurullah Dündarı ipponla məğlub edərək turnirin qalibi olub.
Beləliklə, Coşqun Əliyev güclü rəqiblərin iştirak etdiyi “Masters Top 18” turnirinin ilk azərbaycanlı qalibi kimi tarixə düşüb.
Bu nəticə ilə eşitmə qabiliyyəti məhdud idmançılar arasında Azərbaycan cüdosunda daha bir ilkə imza atılıb.
