Azərbaycan və İran arasında idman və gənclər sahəsində əməkdaşlığın genişləndirilməsi vacib hesab olunur.
Prosport.Az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İranın idman və gənclər naziri Əhməd Dünya Mali jurnalistlərə açıqlamasında deyib.
Nazir iki ölkə arasında 2026-2028-ci illər üzrə imzalanan Fəaliyyət Planının əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib.
“Azərbaycan və İran arasında idman və gənclər sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Fəaliyyət Planı imzalanıb. Bu, çox müsbət haldır. İki ölkə arasında idman sahəsində əməkdaşlığın daha da genişləndirilməsini və əlaqələrimizin sıxlaşdırılmasını vacib hesab edirəm”, – deyə Ə.Dünya Mali qeyd edib.
İranlı nazir səfəri zamanı Azərbaycanın müxtəlif idman infrastrukturları ilə tanış olduqlarını da söyləyib.
O, Azərbaycanın beynəlxalq idman yarışlarının keçirilməsində təcrübəsini yüksək qiymətləndirib:
“Burada olduğum üçün şadam. Ölkəniz bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi edib. 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarını və digər mötəbər turnirləri xüsusi vurğulayardım. Azərbaycan bir çox idman növlərində uğurlar əldə edib. Paris-2024-də cüdoda qazanılan 2 qızıl medal həqiqətən yüksək nəticə idi”.
