Qadın voleybolçulardan ibarət millimiz üçün Avropa çempionatı erkən başa çatıb.
Prosport.Az xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi C qrupunda bu gün qrup lideri Türkiyə Almaniyanı, Çexiya isə İsveçi 3:0 məğlub edib.
Bu nəticədən sonra bütün görüşlərində maksimum xal qazanan Türkiyə 15 xalla 1-ci, Çexiya 8 xalla 2-ci, Almaniya 7 xalla 3-cü və İsveç 6 xalla 4-cü olub. Bununla da Azərbaycanın 5 xalla 5-ci olması və 2021-ci ildə keçirilmiş ötən Avropa çempionatında olduğu kimi qrupda qalması dəqiqləşib. Yunanıstan isə 4 xalla sonuncu – 6-cı olub.
Qeyd edək ki, Ataman Güneyligilin baş məşqçisi olduğu komandamız Çexiyanı 3:0 və Yunanıstanı 3:2 hesabları ilə məğlub edib, Türkiyəyə 0:3, Almaniya və İsveçə isə 1:3 hesabları ilə uduzub.
1/8 finalda İtaliya – İspaniya, Fransa – Rumıniya, Türkiyə – Belçika, Polşa – Almaniya, Niderland – İsveçrə, Bolqarıstan – Slovakiya, Serbiya – İsveç və Çexiya – Ukrayna cütləri üz-üzə gələcək. Avropa çempionatının bu mərhələ oyunları 26-28 avqust tarixlərində keçiriləcək.

