Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Mixeil Xerqiani Kuboku beynəlxalq idman dırmanması turniri Azərbaycan idmançıları üçün uğurla başa çatıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının təmsilçiləri boulderinq növündə 1 gümüş və 1 bürünc medal qazanıb.
Turnirdə Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistan idmançıları mübarizə aparıb. Yığmamız məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında 2 kişi və 2 qadın olmaqla 4 idmançı ilə təmsil olunub. Komandanın bütün üzvləri təsnifat mərhələsini uğurla adlayaraq finala yüksəlib.
Qadınların yarışında Leyla Əhmədova gümüş medala layiq görülüb. Kişilər arasında isə Nazim Yusifzadə 3-cü yeri tutaraq bürünc mükafat qazanıb.
Qeyd edək ki, Mixeil Xerqiani Kuboku Gürcüstan Alpinizm Federasiyasının təşkil etdiyi beynəlxalq idman dırmanması turniridir. Yarış boulderinq növü üzrə keçirilir və final mərhələsində təsnifatın ən güclü 8 qadın və 8 kişi idmançısı mübarizə aparır.

