Gənclər arasında dünya və ikiqat Avropa çempionu Ravin Alməmmədov (79 kq) Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında ciddi zədə alıb.
Prosport.Az-ın Batumiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, 20 yaşlı idmançı birdən qaldırmada 152 kq ağırlığın öhdəsindən gəlsə də, 156 kq-ı qaldırarkən sağ qolu burxulub.
Bu səbəbdən də gənc idmançı 3-cü cəhdini edə bilməyib. O, həmçinin təkanla qaldırmada da çıxış etməyəcək.
Birdən qaldırmada qalib isə Rusiya ermənisi Qevorq Serobyan olub. O, 161 kq çəkinin öhdəsindən gəlməklə həm kiçik qızıl medal qazanıb, həm də Avropa rekordunu yeniləyib. Son Avropa çempionu Kaan Kahriman (Türkiyə) isə 156 kq-la 2-ci yeri tutub. Tiberiu Yonuts Donose (Rumıniya) isə 154 kq-la 3-cü olub.
Xatırladaq ki, dünən İsa Rüstəmov (71 kq) birdən qaldırmada gümüş medal qazanmışdı. Azərbaycanın daha bir idmançısı Əli Şükürlü (110 kq) aprelin 25-də körpücük üzərinə çıxacaq.
Səbuhi Musa

