Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Heç veteranlar arasında milli komanda olduğunu eşitmisiniz?" – Rəşad Rəsullu
    30.03.2026 20:53:07

    “Əvvəldən demişdik ki, 2025 bizim üçün keçid ilidir”

    Həm infrastrukturun, cüdoçu sayının artımı, məşqçilərin təhsili baxımından, həm də cüdonun özünün idman növü kimi inkişafı baxımından ili uğurlu hesab edirəm. İdman nəticələrinə baxanda da biz əvvəlcədən demişdik ki, 2025-ci il bizim üçün keçid ilidir. Müxtəlif səbəblər var. Yəni həm idmançıların zədələri, həm də cüdoda yeni qaydalar onların fəaliyyətinə təsir edib.

    Təbii ki, nəticələri əla qiymətləndirmək olmaz. Yeniyetmə və gənclərlə bağlı siyasətimizi də bir qədər dəyişirik və bunun nəticələri yaxın 2–3 ildə daha aydın görünəcək. Hazırda biz fiziki hazırlıqdan daha çox cüdoçuların inkişafına önəm veririk. Yəni bizim yeniyetmə və gənclərdə siyasətimiz bundan ibarətdir ki, idmançıları yalnız fiziki cəhətdən gücləndirib yarışlarda medal qazanmağa fokuslanmaqdansa, onların cüdo texnikasını inkişaf etdirək. Əvvəllər fiziki hazırlıq daha ön planda idi, amma bu yanaşmanı 2022-ci ildən etibarən mərhələli şəkildə dəyişirik.

    Biz bu yanaşmanı dəyişəndə fiziki hazırlıqdan daha çox texniki hazırlığa üstünlük veririk. Çünki bizim üçün vacib olan odur ki, uşaq müxtəlif səbəblərlə böyüklər səviyyəsinə gəlib çatanda artıq hazır olsun və zədələnməsin. Fiziki hazırlıq düzgün qurulmayanda biz çəkisalma məsələlərinə yönəlmirik. Yəni sırf medal qazanmaq üçün idmançını süni şəkildə aşağı çəkiyə salmaq bizim siyasətimiz deyil. Məsələn, deyək ki, 60 kq-da 3 yaxşı idmançı var, amma biz onun 1-ni məcbur edib daha aşağı çəkiyə salmırıq.

    “66 kq-da Məhəmməd olduğundan, deyə bilərdik ki, Nihad 60 kq-da qalsın”
    Nihad Məmişov yenə çəkisini dəyişib. Çünki bu uşaqda bədən, boy inkişaf edir. İlk dəfə yeniyetmələrdə dünya çempionu olanda 50 kq-da, 2-ci dəfə dünya çempionu olanda 55 kq, 2024-cü ildə gənclərdə Avropa çempionu olanda 60 kq idi. Ötən il isə 66 kq-a keçdi. Halbuki  66 kq-da Məhəmməd Musayev var. Deyə bilərdik ki, Nihad 60 kq-da qalsın. Bu, vacib deyil. Vacib olan odur ki, onlar böyüklərə düzgün formada keçsin. Təbii ki, siyasətimizi dəyişmək o deyil ki, yarışlara medal üçün getməyəcəyik. Amma bu yaş qruplarında medal əsas hədəf deyil. Əsas məqsəd cüdoçuların hərtərəfli inkişafıdır. Kumi-katalar, yəni tutmalar, parterdə güləş, texniki-taktiki hazırlıq bizim ən zəif nöqtələrimizdir. Bunları düzəltmək lazımdır. Bu idmançıların öyrənməli vaxtı indidir. Böyüklərə gəlib çatanda artıq öyrətmək gec olur. Bu bəzən 3-4 il çəkir.

    “2025-ci ildə Dünya Cüdo Turunda tarixdə ən çox medal qazanmışıq”

    Ümumilikdə nəticələrə baxsaq, biz onları pis hesab etmirik. Ən azından deyə bilərəm ki, son 10-15 ilin orta illik statistik göstəricilərini müqayisə etsək, hazırda bu ortalamanın üzərindəyik. Məsələn, çox adam bilmir ki, 2025-ci ildə Azərbaycan millisi Dünya Cüdo Turunda böyüklər arasında tarixində ən çox medal qazanan ilini yaşayıb. Ümumi sıralamada da dünyada ilk “5-lik”dəyik. Yaponiya, Rusiya, Fransa, Gürcüstandan sonra biz gəlirik. Cənubi Koreya, Özbəkistan, Qazaxıstan kimi ölkələri qabaqlamışıq.

     

    Hazırda ölkədə cüdo ilə məşğul olanların sayı 22 min nəfərə çatmaqdadır. Buraya həm kişilər, həm də qadınlar daxildir.

    Gənclərdən böyüklərə keçid təbii şəkildə getməlidir. Hər ilin yanvarında Avstriyanın Mitazill şəhərində təlim-məşq toplanışı olur. Zədəli Məhəmməd Musayev – o, apreldə qayıdacaq – istisna,  Nihad Məmişov, Ramazan Əhmədov, Süleyman Şükürov kimi gənclər böyüklərlə birgə toplanışda iştirak edib. Bu gənclərin bəziləri yanvarda Belçikanın Vise şəhərində keçirilən turnirdə yarışıb. Gənclər komandasının əsas hədəfi oktyabrda İordaniyanın paytaxtı Ammanda keçiriləcək dünya çempionatıdır. Böyüklər arasında dünya çempionatı ilə gənclərinki arasında təxminən 2 həftə fərq var. Ona görə də eyni idmançının həm böyüklərdə, həm də gənclərdə eyni vaxtda çıxış etməsi mümkün deyil.

    Ola bilsin ki, hansısa gənc idmançı böyüklər arasında dünya çempionatında çox yaxşı çıxış etsin. Amma səmimi desəm, hazırda mən gənclər arasında elə bir idmançı görmürəm ki, böyüklər səviyyəsində artıq formalaşmış idmançıya rəqabət göstərə bilsin. Bunu Azərbaycan çempionatı göstərir. Çünki gənclər və böyüklər fiziki baxımdan fərqlidir. Nihad Məmişov 66 kq-da böyüklərin ölkə çempionatında yarışsa da, medal qazana bilmədi. Amma ona ümidlərimiz var. Nizami İmranov və Kənan Nəsibov artıq gənclərdə çıxışını başa vuraraq böyüklərə keçib.

    Belə idmançılara böyüklər arasında, xüsusilə daha nüfuzlu yarışlarda şans vermək olar. Amma hazırkı mərhələdə çox şey dəyişə bilər. Burada əsas amil gənclər arasında keçiriləcək dünya çempionatıdır. Çünki gənclər arasında dünya çempionatında medal qazanan idmançılar, demək olar ki, artıq Böyük Dəbilqə səviyyəsində nəticə göstərə biləcək potensiala malik olur. Yəni onlar böyüklər arasında yarışlara hazır idmançılar kimi qiymətləndirilir. Zatən Olimpiya Oyunlarına təsnifat yarışları iyundan başlayır və gənclərin dünya çempionatı da bu dövrə düşür. Gənclərdə yeganə yarışdır ki, həm dünya, həm də olimpiya reytinq xalları verir. Əgər gənc idmançılar orada həqiqətən yaxşı nəticə göstərsə, əminəm ki, böyüklərin məşqçilər heyəti tərəfindən onlara daha nüfuzlu yarışlarda şans veriləcək.

    Elə idmançı var ki, hazırda zədəlidir və buna görə də yenicə məşqlərə başlayıb. Ona görə də onun üçün bu mərhələ bir qədər çətin olacaq. Amma məsələn, Nizami İmranov artıq gənclərdə çıxışını bitirib. Hesab edirəm ki, qarşıdakı dövrdə Nizami daha da güclənəcək və özünü daha yaxşı göstərəcək.

    Ümumi sıralamada 2-ci olduq. Normal haldır. Hər zaman 1-ci olmaq mümkün deyil və bu, əsas hədəf də olmamalıdır. Orada seçim prosesi var. Bildiyim qədərilə Gənclər və İdman Nazirliyinin müvafiq komissiyası tərəfindən seçim edilir, sosial mediada da müzakirələr aparılır və sonda qərar verilir. Yəni belə yanaşma düzgün deyil ki, 1-ci olanda hər şey yaxşıdır, 2-ci olanda isə hər şey pisdir.

    Liqa yarışlarının keçirilməsinin böyük əhəmiyyəti var. Əvvəla, idmançılar daim yarış praktikası qazanır. Milli komandaya düşən idmançılar müəyyən beynəlxalq yarışlara gedir. Əsas heyət Avropa çempionatı, dünya birinciliyi kimi böyük yarışlara hazırlaşır. Amma digər idmançılar da var ki, həm milli komandanın məşqlərində, həm də klublarda fəaliyyət göstərir. Onlar ilin sonunu gözləməlidir ki, yalnız Azərbaycan və ya Bakı birinciliyində iştirak etsin. Bu baxımdan liqa və digər daxili yarışlar çox vacibdir. Bu turnirlər idmançılarda yarışmaq həvəsini artırır və onların məşq prosesinə də müsbət təsir göstərir. 2-cisi, bu yarışların arxasında mükafatlandırma sistemi var. Biz reytinq əsasında həm idmançılara, həm onların şəxsi məşqçilərinə, həm də klublara mükafat verəcəyik. Ümumi mükafat fondu liqa yarışları üzrə təxminən 400 min manata yaxındır və bu məbləğ il ərzində bütün yaş qrupları üzrə bölüşdürüləcək. Təbii ki, biz bunu digər böyük ölkələrlə, məsələn Rusiya ilə müqayisə edə bilmərik. Orada bəzən 1 yarışın qalib komandasına 1 milyon manat civarında mükafat verilir. Amma bizim imkanlara görə bu da kifayət qədər ciddi bir dəstəkdir. 3-cü və ən vacib məqamlardan biri isə milli komandanın seçim sisteminin dəyişdirilməsidir. Əvvəllər seçim əsasən Azərbaycan birinciliyinə əsaslanırdı. Regionlardan kvota ilə idmançılar gəlirdi və ölkə birinciliyində ilk 3 yeri tutan 4 idmançı milli komandaya düşürdü. Bu sistemdə bəzən problemlər yaranırdı. Məsələn, hansısa idmançı zədəli olurdu, xəstə olurdu və ya müəyyən səbəblərdən özünü göstərə bilmirdi, amma əslində potensialı yüksək idi. İndi isə biz seçimləri reytinq sistemi əsasında edirik. Bu sistemə 4 liqa yarışı, ne-vaza yarışı, regional birinciliklər və Azərbaycan birinciliyi daxildir. Hər yarış üzrə xal sistemi tətbiq olunur və idmançılar il ərzində topladıqları xallara görə qiymətləndirilir. Bu o deməkdir ki, idmançı bir yarışda uğursuz çıxış etsə belə, digər yarışlarda nəticə göstərərək ümumi reytinqdə yüksələ bilər. Yəni sistem əvvəlkindən daha obyektivdir. İlin sonunda toplanan xallar əsasında ümumi reytinq formalaşır və ilk "4-lüy"ə düşən idmançılar milli komandanın üzvü olur. Təbii ki, baş məşqçi və performans direktoru istisna hallarda reytinqdən kənar bəzi istedadlı idmançıları da milliyə cəlb edə bilər. Bu istisna hallar da qaydalarda açıq şəkildə göstərilib. Bu liqa sistemi ümumilikdə cüdoda böyük bir canlanma gətirir. Hazırda sistem müxtəlif yaş qruplarını – U-14, U-17 və böyüklər kateqoriyaları əhatə edir. Gənclər arasında isə iştirakçı sayı az olduğu üçün keçirmirik. Bu il isə bu sistemi daha da genişləndirdik.  Məsələn, U-16 yaş kateqoriyası üzrə 2 yeni “İstedadların seçimi” yarışı keçirdik. Məqsəd nə idi? Yeniyetmə millinin baş məşqçisi 2009-cu il təvəllüdlərə üstünlük verir. Bu, normal prosesdir. 2010–2012 təvəllüdlü uşaqlar isə kənarda qalır. Amma nəticədə həmin uşaqların zamanı çatanda biz vaxt itirmiş oluruq. Məhz buna görə biz bu problemi aradan qaldırmaq üçün fevral və martda “İstedadların seçimi” adlı yarış təşkil etdik. Bu 2 əsas yarışın nəticələrinə əsasən həmin yaş qrupları üzrə ayrıca milli komanda formalaşdırılacaq. Bu qruplar üçün ayrıca məşqçilər təyin olunub və onların əsas işi uşaqları texniki-taktiki baxımdan öyrətməkdir. Bu istiqamətdə qərarları performans direktoru verəcək. Bu yarışlar açıq olacaq. Yəni Azərbaycanın bütün bölgələrindən idmançılar iştirak edə biləcək. Məqsəd istedadlı uşaqları erkən mərhələdə müəyyənləşdirməkdir. Bu uşaqlar gələcəkdə yeniyetmələr millimizin ehtiyat bazasını təşkil edəcək. Yəni məqsəd odur ki, vaxt itirmədən bu istedadları seçək və onlarla sistemli şəkildə işləməyə başlayaq. Onlar üçün ayrıca təlim-məşq toplanışları, yoxlama yarışları və hətta beynəlxalq turnirlər də təşkil oluna bilər. Amma bu mərhələdə əsas məqsəd medal qazanmaq deyil. Əsas məqsəd onların inkişafıdır. Məşqdə öyrəndiklərini yarış şəraitində tətbiq edə bilirlərmi, bax, bunu yoxlamaqdır. Bundan başqa, ötən il olduğu kimi, 25-26 iyulda “Baku Judo Hopes” beynəlxalq turniri keçiriləcək.

    Yeniyetmələrin Avropa Kubokunu bu dəfə Gəncə İdman Sarayında keçirəcəyik. Gəncə İdman Sarayının seçilməsi təsadüfi deyil. Bu bizim üçün bir növ test xarakteri daşıyırdı. Orada Avropa Cüdo Birliyinin rəsmiləri iştirak edirdi. Gələcəkdə yeniyetmə və gənclər arasında Avropa və dünya çempionatı keçirməyi fikirləşə bilərik. Yəqin ki, belə yarış təşkil olunsa, 2028-ci il Olimpiadasından sonra baş tutacaq. Ümumiyyətlə, Gəncə cüdo ənənələri olan bir şəhərdir. Əvvəl Gəncə İdman Sarayı kimi idman obyekti olmadığından, Avropa Kubokunu Göygöl Olimpiya İdman Kompleksinə salırdıq. Amma bu hər il yarışın orada olacağı demək deyil. Hər il bir yerdə keçirmək istəyirik. Ötən il Qubada keçirməyimiz də bundan qaynaqlanırdı.

    İstəsəydik ki, bu il Bakıda Böyük Dəbilqəni də keçirə bilərdik, amma özümüz bunda maraqlı olmadıq. Çünki dünya çempionatının özü böyük büdcə tələb edir. Ona görə də həm dünya çempionatı, həm də Böyük Dəbilqəni keçirmək bizim üçün böyük maliyyə yükü olardı. Həm də Böyük Dəbilqəni fevralda keçirməliydik. O da Olimpiadaya lisenziya xalları verməyəcəkdi.

    2024 və 2025-ci illərdə Tokio Böyük Dəbilqə turnirlərində iştirak etməmişik. Əvvəldən belə planlamışdıq. Noyabrda İslamiada və Əbu-Dabi Böyük Dəbilqə yarışları uşaqları yordu. Tokiodakı yarış Olimpiadaya lisenziya xalı vermirdi. Amma bu il lisenziya xalı verdiyindən, orada iştirak etməyi planlamışıq.

    Qadın komandamızda rəqabət çox yüksəkdir və heyətə düşmək üçün ciddi səbəblər olmalıdır. Heyətə düşməyən idmançıların məşqçiləri də bunun səbəbini bilir. Çünki səbəbləri izah edilir. Şahdağda qadın idmançılarımız 12 km kross qaçır. Əgər idmançı heç kəndirlə qalxa bilmirsə, o zaman biz neyləyək?! Hər kəsə şans verilir. Bilirsinizmi ki, baş məşqçi Əminə Abdellətif Südabə Ağayevanı ötən ilin ilk yarısında 3 aylıq xarici təlim-məşq toplanışlarından və yarışlardan kənarlaşdırıb? Çünki fiziki hazırlığı yerində deyildi. Nəticəsini gördük. İlin sonunda İslamiadanın qalibi oldu. Sağ olsun ki, Südabənin şəxsi məşqçisi də bunu başa düşdü və idmançıya izah etdi.

    Bizdə problem ondadır ki, qadınların ölkə çempionatının ağır çəki dərəcələrində rəqabət azdır deyə, orada yer tutan millidə özünü görür. Əvvəlcə özünü məşqlərdə göstərməlisən ki, səni xaricə apara bilək. Südabə heç vaxt potensialını göstərə bilmirdi. Özü də səbəbini bilir. Ona deyildi ki, məşqlərdə özünü tam şəkildə göstər, heyətə düş.

    Elmar Qasımov sizə Azərbaycan çempionu olduqdan sonra verdiyi müsahibədə çox ağıllı və məntiqli cavablar vermişdi. O indiki kimi məşq etsəydi, 2 dəfə olimpiya çempionu olardı. Çox intizamlıdır. 2023-cü ildə Mitazilldəki təlim-məşq toplanışından sonra məşqçilərə dedi ki, yorulmuşam, cüdonu atıram. Biz onu göndərməmişik. O özü istəyib. Biz qətiyyən onu sosial şəbəkədəki paylaşımlarına görə kənarlaşdırmamışıq. Onun pul səpələməsi hərəkətinə haqq qazandırmıram. Ancaq o pullar saxta idi. Bir az o məsələ şişirdildi. Elmar şəxsiyyətinə görə çox gözəl insandır. Tam səmimi deyirəm, indi o, daha yetkinləşib. Təəssüf ki, hər bir insanın həyatında müəyyən bir dövr olur. Öz dediyi kimi, evdə boş oturmaqdansa, cüdoya qayıtdı. Onun zalda olması bizim üçün çox faydalıdır. Fiziki gücü, texnikası hələ də yerindədir. Yaşına görə sürət və çeviklik xüsusiyyətlərini itirmiş olsa da, zalda onun olması bizim ağır çəkili idmançılar üçün müsbət haldır. Ən azından məşqdə keyfiyyətli sparrinq yaranıb. Əminəm ki, ona beynəlxalq yarışlarda şans veriləcək.

    Federasiyanın özünün intizam kodeksi var. İdmançılar bunlarla tanışdır. Kim qaydanı pozursa, nizam-intizam tədbirləri görürük. İntizam tədbirləri təkcə pul cəriməsindən ibarət deyil. Məcburiyyət qarşısında qalmadığımız təqdirdə, bunu heç vaxt açıqlamırıq. Əksər hallarda idmançı səhvini başa düşür və onu təkrar etməməyə çalışır. Hamı səhv edə bilər. Hidayət Heydərovu həmişə tərifləyirdilər, zəif nəticədən sonra tənqid etmişdilər, o da emosional davranmışdı. Onun paylaşımının jurnalistlərə aid olduğunu düşünmürəm. Hidayət daha çox onun haqda “pul alıb, qudurub, məşq etmir” yazanlara sözünü çatdırırdı. Bu şərhlər ona toxunmuşdu. Məşq etməsə, onu dünya çempionatına aparmazdıq. Təbii ki, bu söhbətlərdən sonra onunla söhbətimiz olmuşdu. Özü də bilir ki, təmkinini qorumalıdır. Könül Əliyevanın məlum əl hərəkətinə gəlincə, özü də sonra bildirdi ki, bu hərəkətin dini anlamını bilmirdi. Bu barədə də ona müəyyən xəbərdarlıq etmişik. Gəncdir, səhv etməsi mümkündür.

    Bu il də veteran idmançılara federasiya tərəfindən maliyyə ayrılması nəzərdə tutulmayıb. Bu, könüllü əsasda olan yarışdır. Nizamnaməmizə görə biz ancaq milli komandaları maliyyələşdirə bilərik. Bura veteranlar aid deyil. Çünki veteranlar arasında milli komanda anlayışı yoxdur. Ora veteranlar klublar və ya şəxsi sponsorları hesabına gedir. DİN İdman Cəmiyyətinin sədri Mövlud Mirəliyev həvəskar kimi gedib orada yarışır. Veteranların dünya çempionatında 2 mindən çox adam yarışır. Bu, həvəskar turnirdir. Bunu peşəkar idmanla müqayisə etmək olmaz. Düzdür, Fərhad Rəcəbli peşəkar idmançılar kimi ilboyu məşq edir. Ancaq eləsi var ki, yarışa 2 ay qalmış məşq keçib ora gedir. Ora ayıracağımız pula hətta sonradan nəticə verməsələr belə, qadın cüdoçularımızı Yaponiyadakı təlim-məşq toplanışına göndərərəm. Bu daha faydalıdır. Dəfələrlə bunu onlara izah etmişik. Bir yarış 50-60 minə başa gəlir. Hər hansısa idman növündə veteranlar arasında milli komanda olduğunu eşitmisiniz? Bu, kommersiya yarışıdır. İştirak haqqı orada yüksəkdir. Biz vizaların və təşkilati məsələlərin həllində onlara dəstək veririk. Federasiyamızın İcraiyyə Komitəsinin üzvü, Veteran Cüdoçular Assosiasiyasının prezidenti Azər Əsgərovun özü neçə nəfəri maliyyələşdirir. Mütləq deyil ki, federasiya maliyyə ayırsın. Nazirlər Kabinetinin qərarına əsasən hərəkət edirik. Veteran idmançılar bunu başa düşür, lakin bəzən yeni qaydaları qəbul etməkdə çətinlik çəkirlər.

    Performans direktoru Ruslan Paşayevə Azərbaycan çempionatında güləşməyə icazə verməmişdi. Çünki çox yarış keçirmişdi və zədələnmə ehtimalı vardı. Azərbaycan çempionatında Nizami İmranov, Rəşad Yelkiyev, Nəriman Mirzəyev, Mehdi Cəfərov zədələndi. Olimpiya çempionu ora çıxsa, ona qarşı elə güləşəcəklər ki, sanki son yarışlarıdır. Biz də olimpiya çempionlarını zədədən qorumalıyıq. Zelim Kotsoyev 2023-cü ildə ölkə çempionatında güləşib qızıl medal qazanmışdı. Hidayətin isə nə vaxt sonuncu dəfə Azərbaycan çempionatında yarışması yaddan çıxıb. Onların güləşməsinə performans direktoru qərar verir və biz buna qarışmırıq.

    Yukonun qaytarılması Hidayət üçün o qədər də yaxşı deyil. Ötən ilin yanvarında İstanbulda izah edildiyi kimi, yuko verilsəydi, problem yox idi. İndi isə qarnın üstdə yıxılanda da, yuko verilir. Bu da Hidayətin cüdo taktikasına mənfi təsir göstərir. Son dünya çempionatında yıxıldığına görə ona yuko verdilər. Əvvəl isə heç bir xal olmurdu. Yukodan sonra rəqib də hesabı qorumağa çalışdı. Qaydalar həmişə dəyişəcək və bu qaydalarla ayaqlaşmağa çalışmaq lazımdır. İdmançılar məşqlərdə və yarışlarda maksimum performans göstərmək üçün bu qərarlara əməl etməlidir.

    Beynəlxalq idman təşkilatlarının hər birinin öz qaydaları və mədəniyyəti var. Cüdoda verilmiş bir qərar qəbul olunduqdan sonra ona qarşı çıxmaq mədəniyyət baxımından düzgün hesab olunmur. Bu, cüdo mədəniyyətinin bir hissəsidir və komandamızda da tam şəkildə riayət olunur. Yukonun qaytarılması “Golden Score”ların çox çəkməməsinə görə nəzərdə tutulub. Ona görə də onların da məntiqini başa düşmək olur. Ancaq yaponların özləri də yukodan narazıdır. Son illər onlar müəyyən lobbiçilik fəaliyyətlə ayaqdan tutma fəndinin geri qaytarılmasına çalışır. Bu, onların strateji maraqları ilə bağlıdır.

    III MDB Oyunları zamanı Yeri Təşkilat Komitəsi Sambo Federasiyasına müəyyən texniki dəstək verilməsini xahiş etmişdi. Çünki cüdo və sambo Göygöl Olimpiya İdman Kompleksində idi. Biz də təşkilati məsələlərdə dəstək vermişik, amma döşəklərin alınması və digər əsas avadanlıq Yerli Təşkilat Komitəsi tərəfindən təmin olunub.

    Braziliya və Yaponiya cüdo üzrə dünya çempionatını tam yayımlamaq istəyirdi. Lakin yayda futbol üzrə dünya çempionatı ilə üst-üstə düşürdü. Hər iki ölkənin yayımçıları belə olan halda, futbolu göstərəcəklərini bildirmişdi. Belə olan halda Beynəlxalq Cüdo Federasiyası bizə müraciət etdi və tarixi oktyabra dəyişdik. Əvvəl futbolun dünya çempionatı bitdikdən sonra yarışı keçirməyi təklif etmişdilər. Biz də göstərdik ki, Bakıda iyul-avqust aylarında U-17 güləş üzrə dünya çempionatı var. Ona görə də oktyabr seçildi. Əslində oktyabra keçirilməsi yaxşı oldu. Çünki əvvəl Avropa və dünya çempionatları arasında 3 ay vaxt qalırdı. İndi isə ciddi şəkildə hazırlaşa biləcəyik. Əvvəllər də Avropa çempionatı adətən aprel-mayda, dünya çempionatı isə sentyabr-oktyabrda keçirilirdi. Son 3 ildə də bu qrafik qorunub. Növbəti ildən dünya çempionatı yenidən yayda keçiriləcək.

    Açelya Toprakı biz göndərməmişik. Biz federasiya olaraq millimizdə çıxış edən əcnəbi idmançılara bir şərt qoyuruq: onlar Bakıda yaşamalı və məşqlərə burada qatılmalıdırlar. Ancaq o bildirdi ki, buranın sosial həyatına uyğunlaşa bilmir, Londondakı klubunda qalıb məşq keçmək istəyir. Bu tələbi qəbul edə bilmədik və onun yenidən Böyük Britaniya adından çıxış etməsinə razılıq verdik. Böyük Britaniya onu bizə buraxanda, 3 il bizi gözlətmədiyindən, biz də onun dərhal yaşadığı ölkənin millisində çıxış etməsinə razılıq verdik.

    İndi hazır idmançı milliləşdirmək mümkün deyil. Çünki qarşı tərəf bunun üçün 500 min avro civarında pul istəyir. Ancaq 2 əcnəbi qadın idmançı artıq Azərbaycan çempionu olub (bunlardan biri +70 kq-da çempion olan Aişa Jestekinadır, digəri 48 kq-da Azərbaycan 3-cüsü olan, Zelim Tçkayevin bacısı Dianadır – red.). Onlar heç bir ölkənin millisində iştirak etmədiyindən, Açelya kimi hansısa federasiyadan razılıq almağa ehtiyac qalmadı”.

    Söhbət etdi: Səbuhi Musa

    Cüdo

    Cüdo yığmamızda məcburi dəyişiklik - Avropa çempionatını buraxacaq

    8.04.2026 18:52:10
    Cüdo

    Prezidentin açılışını etdiyi OİK-də cüdo zalı fəaliyyətə başladı - FOTOLAR

    8.04.2026 16:20:46
    Cüdo

    ACF daha bir bölgədə cüdo zalı açdı - FOTOLAR

    7.04.2026 15:35:51
    Cüdo

    Gənc hakimlərimiz Avropa Kubokunda debüt etdilər - FOTOLAR

    7.04.2026 13:20:27
    Cüdo

    Cüdo millimiz Gəncədəki Avropa Kubokunda 2-ci oldu

    5.04.2026 22:38:56
    Cüdo

    “Bir az yorğunluq var” – Millimizin baş məşqçisi

    5.04.2026 10:53:53
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" Çempionlar Liqasında tarixi qələbə qazandı

    8.04.2026 21:48:15

    Debütantlar yarımfinala darmadağınla başladılar

    8.04.2026 21:11:08

    Cüdo yığmamızda məcburi dəyişiklik - Avropa çempionatını buraxacaq

    8.04.2026 18:52:10

    Millimizin 2 üzvü Avropa çempionatının final mərhələsində

    8.04.2026 18:29:55

    "Alisson mənə imzalı formasını verdi" - Dani Bolt

    8.04.2026 17:52:02

    I Liqa: "Baku Sportinq"dən inamlı qələbə, "Zaqatala" uduzdu

    8.04.2026 17:23:19

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    8.04.2026 16:55:20

    Prezidentin açılışını etdiyi OİK-də cüdo zalı fəaliyyətə başladı - FOTOLAR

    8.04.2026 16:20:46

    Azərbaycanda bu federasiyanın prezidenti yenidən seçildi - FOTOLAR

    8.04.2026 15:58:04

    Premyer Liqaya iddia edən klub legionerlərdən imtina etdi

    8.04.2026 15:17:50

    Azərbaycan klubu "Benfika"nın sabiq futbolçusunu icarəyə verəcək

    8.04.2026 14:59:27

    Paris-2024 medalları yeniləndi - MOK-da təqdimat olacaq

    8.04.2026 14:30:03

    "Qarabağ"da vacib toplantı: Heyət gücləndirilir - FOTOLAR

    8.04.2026 13:55:00

    Premyer Liqa təmsilçisi Avropa nəhəngləri ilə eyni siyahıda

    8.04.2026 13:22:04

    "Qarabağ" baxışa çağırdığı legionerləri geri qaytardı

    8.04.2026 12:54:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved