Almaniyanın paytaxtı Berlində gənclər arasında Avropa Kuboku turnirinin ikinci yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.
Prosport.Az xəbər verir ki, yarışın 2-ci günündə oğlanların arasında -90 kq. və +100 kq. çəki dərəcələrində, qızlar arasında isə -52 kq. və -57 kq. çəki dərəcəsində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanlar arasında 90 kq çəki dərəcəsində Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalını qazanıb. +100 kq çəkidə Kənan Nəsibov bürünc medal əldə edib.
Qızların mübarizəsində 52 kq çəkidə Aydan Vəliyeva bürünc medala, 57 kq çəkidə Fidan Əlizadə isə gümüş medala sahib olub.
İdmançılarımız yarışda ümumilikdə 2 qızıl, 2 gümüş və 3 bürünc medal əldə edib. Nəticələrə görə, cüdoçularımız turniri ümumi hesabda 3-cü, oğlanlar arasında isə 2-ci, qızlar arasında isə 8-ci yerdə başa vurub.

