Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində keçirilən cüdo yarışlarında daha bir cüdoçumuz medal qazanıb.
Prosport.Az xəbər verir ki, cüdoçularımızdan yalnız -81 kq çəki dərəcəsində qüvvəsini sınayan Süleyman Şükürov fəxri kürsüdə yer alıb.
İlk mərhələdən azad olan təmsilçimiz 1/8 finalda Arel Koçinskini (İsrail), növbəti mərhələdə isə Adrian Curceviçi (Bosniya və Herseqovina) mübarizədən kənarlaşdırıb. Yarımfinalda almaniyalı Yozef İvtsenkonu da üstələyən yeniyetmə cüdoçumuz adını finala yazdırıb. Həlledici görüşdə rumıniyalı David Qaliqaya uduzan Süleyman Şükürov gümüş medala sahib çıxıb.
Beləliklə, Azərbaycan komandasının Maribor-2023-də qazandığı medalların sayı 7-yə (2 qızıl, 1 gümüş, 4 bürünc) çatıb. Bütün medallar cüdoda qazanılıb. Bu nəticə ilə Azərbaycan EYOF-un cüdo yarışlarında əyar baxımından Gürcüstandan sonra 2-ci, say baxımından 1-cidir. Ümumilikdə Azərbaycan millisi isə EYOF-un medal sıralamasında 14-cü sıradadır. İtaliya (10-10-8), Çexiya (7-2-1) və Rumıniya (5-1-4) ilk 3 sıranı bölüşdürür.

