Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Müsahibə
    "Biz Bilbao "Atletik"inin sxemi ilə gedirik" – "Şəfa"nın sahibi olan şirkətin vitse-prezidenti
    11.02.2026 13:47:00

    I Liqada lider olan və ən yaxın izləyicisi "Baku Sportinq"dən 5 xal öndə olan "Şəfa" futbol klubu Premyer Liqaya çıxmağa əsas namizəd hesab olunur. 

    Prosport.Az bu səbəblə klubun sahibi olan "MyGroup" şirkətinin vitse-prezidenti Kənan Sadıqlıdan geniş müsahibə götürüb.

    – 2024-cü ilin avqustun 17-də rəsmi müqavilə ilə "Şəfa" "MyGroup Holding"in tərkibinə daxil oldu. 
    – Əslində bizim 2024-cü ilin martından bu klubla əlaqəmiz vardı. Biz "Şəfa"nı götürəndə komandanın AFFA Region Liqasına düşmək riski vardı. Biz bu klubu götürən vaxt futbolçu transfer etmək üçün gec idi. Ona görə də nəticələr zəif idi və rəsmi formada Region Liqasına düşmüşdük. Çünki ovaxtkı "Haypers Quba"ya (indiki "Quba") pley-off matçında uduzduq. Ancaq I Liqada "İrəvan" klubunun uzaqlaşdırılmasından sonra, biz də II Liqada qalası olduq... Məncə, "Şəfa" ilə hamının uşaqlıqdan bağlılığı var. Mən özüm də "Şəfa" adlanan vaxt o stadionun 4-cü meydançasında futbol oynamışam. 1998-ci ildə yaradılmış klubdur, oradan çoxlu peşəkar futbolçular çıxıb. Biz klub tərəfindən bizə olan müraciəti dəyərləndirdik. Əvvəl klubla bağlı planlar fərqli idi...

    – Fərqli deyərkən, əvvəlcə yalnız sponsor olmaq istəyirdiniz?
    – Bəli, belə düşünürdük. Ancaq daha sonra klubu "MyGroup"un tərkibinə keçirdik və oyunçular transfer etməyə aktiv şəkildə başladıq. Qarşımıza məqsəd qoyduq ki, Premyer Liqaya çıxacağıq və yaxın gələcəkdə avrokuboklarda iştirak edəcəyik.

    – "İrəvan" dağılmasaydı, biz klubu Region Liqasında görəcəkdik. Bəs "MyGroup"u necə, bu kluba sponsor kimi görəcəkdik?
    – Biz bu klubu zatən götürəndə vəziyyəti yaxşı deyildi və Region Liqasına düşəcəyini bilirdik. Ona görə də ora düşsəydik belə, əməkdaşlığı davam etdirib II Liqaya çıxmağa çalışacaqdıq. Üstəlik, AFFA-ya da öz planlarımızı açıqlamışdıq. Bildirmişdik ki, bizim uşaq və qadın futbolu ilə bağlı da planlarımız var.

    – Sizin holdinqdə vəzifənizi bilirik. Bəs klubda hansısa vəzifəniz mövcuddur?
    – Xeyr. Premyer Liqaya çıxsaq, vəzifə bölgüsü olacaq. II Liqada olduğu kimi, I Liqada da strukturla bağlı dəyişikliyə ehtiyac görməmişik.

    – "Araz-Naxçıvan"ın məşqçisi Əfran İsmayılovun da qeyri-rəsmi kluba kömək etdiyini bilirik. Onunla tanışlığınız hardandır?
    – Onu bir neçə ildir ki, tanışam. Ortaq tanışımız var. II Liqada ötən mövsüm dekabrda keçirilən "Şahdağ Qusar"la oyun zamanı Əfrana dedim ki, Şamaxıdakı matça bir yerdə gedək. O da razılaşdı. Bura fərqli sahə olduğundan, bundan sonra Əfrandan məsləhətlər almağa başladıq. Qeyd etdiyiniz kimi, onun klubda rəsmi vəzifəsi yoxdur. Sadəcə, dost kimi bizə kömək edir.

    – Amma Premyer Liqaya çıxsanız, onunla bağlı qərar verməli olacaqsınız: ya bizdə, ya da "Araz-Naxçıvan"da işləməlisən...
    – (gülür) Görək necə olur. Onun özü bu barədə qərar verməlidir. Çünki onun "Araz-Naxçıvan"da da vacib işi var. Ancaq istənilən halda, o, dost olaraq qalacaq.

    – Loqonuzda 1998-ci il yazılıb. Bu "Şəfa" həmin "Şəfa"nın varisi sayılır?
    – Bəli, sənəddə həmin "Şəfa"dır. Sadəcə, klub indi "MyGroup"un balansındadır. Təsisçisi bizim holdinq sayılır.

    – II Liqada olanda da çox pul xərclədiniz. Ancaq sonda yalnız "Şahdağ Qusar"ın ardından I Liqaya yüksələ bildiniz. Bu sizə pis təsir etmədi?
    – Açığı, ötən mövsüm onlar da yaxşı heyət qurmuşdu. Büdcəsi də bizdən kəskin aşağı deyildi. Ancaq müqayisədə bizim büdcə daha çox idi. Əslində Bakıda "Şahdağ Qusar"la 0:0 oynamasaydıq, qalib gəlsəydik, lider olacaqdıq. Həmin matçda II Liqa səviyyəsinə uyğun olmayan ajiotaj vardı. Məlum bilet hadisəsi də olmuşdu ki, o deyilənlər kimi tam da reallığı əks etdirmirdi. Həmişə məqsəd liderliyə oynamaq olub. Ancaq qismət belə imiş. Digər tərəfdən Premyer Liqada komanda sayı artırıldı deyə, biz I Liqa klubu ilə pley-off oynamalı olmadıq. I Liqada isə lider qalmaq üçün işimizi ehtiyatlı tuturuq. Buradakı komandaların hamısı istəklidir. Hətta autsayderlər belə, yaxşı müqavimət göstərir.

    – Ötən ay "İmişli" ilə yoxlama matçınız yarımçıq qaldı. 70-ci dəqiqədən sonra gərginliyə görə oyun dayandırıldı. Amma siz sosial şəbəkə hesabınızda nəticəni Premyer Liqa klubuna 1:0 qalib gəlmiş kimi göstərdiniz...
    – Məndə olan məlumata görə, 80-ci dəqiqədə oyun dayandırılıb. Bu da komandaların qarşılıqlı razılığına əsasən olub. Çünki deyilənə görə, kobud oyun keçib. Yoxlama oyunu olduğundan, zədələnmə heç kimə lazım deyil. Görünür, bizim marketinq komandası oyunun yarımçıq dayandırılmasını nəzərə almayıb (gülür).

    – Bakıda oyunlara azarkeş toplamaq onsuz da çətindir. Sizcə, klublar arasında kiçik intriqalar olsa, bir qədər marağlı olmazmı?
    – Daha maraqlı olar. Təbii ki, bu, senzura çərçivəsindədirsə, sağlam rəqabətdirsə, bunu alqışlayıram. Bu, azarkeşlərdə maraq yaradır. Qarşılıqlı hörmətsizlik yoxdursa, normaldır. Biz bir-birimizlə rəqibik, düşmən deyilik. Mən buna normal baxıram. Nəsə də olanda bu bizə pis təsir etmir. Bizim heç bir klubla və klub rəhbəri ilə problemimiz yoxdur. Öz yolumuz var və öz yolumuzla gedirik.

    – I Liqa səviyyəsində komanda üçün oyunçulara yaxşı maaş verirsiz. Bu, I Liqa çərçivəsində çox yüksək pullardır...
    – Ümumi götürsək, bəli, büdcəmiz genişdir. Holdinqin rəhbərliyi olaraq biz tərəfdarıq ki, öz oyunçularımızı yetişdirək, xaricdən legionerdən gətirməyək. Misal üçün Qanadan və ya başqa Afrika ölkəsindən çox rahatlıqla futbolçu gətirib, ona daha az maaş verə bilərik. Amma əvvəldən bizim niyyətimiz o idi ki, komandada azərbaycanlılar olsun. Bir növ "Atletik" (Bilbao) sxemi ilə gedirik. Azərbaycanlılar olsun, Azərbaycan futboluna töhfə verək. Təbii ki, bu çox çətin yoldur. I Liqa üçün yaxşı futbolçular formalaşdırmışıq, amma Premyer Liqada bu bizə bir az problem yarada bilər. Amma yenə də niyyətimiz odur ki, bu strategiyanı qoruyaq və Azərbaycan futboluna, milli komandaya töhfə verək. Bizdə də potensiallı futbolçular var. İstəyirik ki, o futbolçuları üzə çıxardaq. Akademiyaya və aşağı yaş qruplarına diqqət ayırmışıq. Premyer Liqada əvəzedicilər komandası olacaq. Orada 17, 19 yaşlı futbolçularımız oynayacaq.

    – Yeri gəlmişkən, I Liqada yeganə klubsunuz ki, bütün yaş qruplarında komandalarınız var. Hətta Premyer Liqanın builki debütantlarında bu yoxdur...
    – Bəli. Biz bu məsələ əsaslı yanaşmışıq. Akademiyamızda oğlanlarla yanaşı, qızların bir neçə yaş qrupu var. Kifayət qədər inamlı təsir bağışlayırlar. Yeganə problemimiz meydança ilə bağlıdır. Meydançanı həll edəcəyimiz təqdirdə, akademiyanı istədiyimiz kimi inkişaf etdirməyə başlayacağıq.

    – Məndə olan məlumata görə, Maştağa qəsəbəsində stadion inşa edirsiniz. Bu nə dərəcədə doğrudur? 
    – Hələ dəqiq heç nə yoxdir. Planda 1-2 yer var. Biri də oradır.

    – Bəs o birisi haradır?
    – Dədə-baba yurdumuz olan keçmiş “Şəfa” stadionunun özü. 

    – Bu yaxınlarda adı növbəti dəfə dəyişdirilib "Baku Arena" qoyuldu. Azərbaycan İnvestisiya Holdinqinin balansındadır. Ora qayıtmaq nə dərəcədə realdır?
    – Ora qayıtmaq istərdik. Oranı istədiyimizi bildirmişik. Məndə olan məlumata görə, oradakı "Barselona" Akademiyası ilə bağlı layihə də baş tutmayacaq. Yəni, stadion hazırda boşdur... Şəhərdə gedəndə də nişanlarda stadionun adı “Şəfa” olaraq qalıb. Oranın adı "İnter Arena" da, "ASK Arena" da oldu, amma yaddaşda yenə "Şəfa" stadionu olaraq qalır. Biz çox istəyərik ki, ora qayıdaq. Təklifimiz odur ki, uzunmüddətli icarəyə götürək. "Şəfa" stadionu azarkeşlərin gediş-gəlişi üçün də uyğundur.

    – Bununla bağlı görüşlər keçirilib?
    – Hələ ki yox. O stadion alınmasa, o biri variant Maştağadakı Olimpiya İdman Kompleksidir. Onun stadionunu təmir etdirmək istəyirik. O stadion da Gənclər və İdman Nazirliyinin balansındadır.

    – Kubokda Qəbələyə məğlub oldunuz, amma minimal hesabla. Keçsəydiniz, ciddi uğur olacaqdı. Çünki son illərdə I Liqa komandalarından heç biri Premyer Liqa klublarına bata bilmir. Amma "Şəfa"ya ümid var idi. Kubokda hədəfiniz nə idi?
    – Açığı, biz də o matçda çox inamlı idik. İstəyirdik ki, mərhələ keçək. Amma hücumda "Qəbələ"nin futbolçularının fərdi ustalığı nəticəni həll etdi. Amma kifayət qədər yaxşı təsir bağışladıq, oyundan razı qaldıq. Çünki uşaqlar sona qədər oynadı. Sona yaxın yorğunluq var idi. Nə qədər də olmasa Premyer Liqa klubu olduğundan, sürətdə bizi üstələyirlər. Legionerləri nəticəni müəyyənləşdirdi.

    – Premyer Liqaya çıxsanız, orada strategiyanız necə olacaq? Yerli futbolçularla davam edəcəksiniz? Yoxsa "Qarabağ"ın əvvəlki nümunəsində olduğu kimi 2-3 legioner alıb, daha çox yerli futbolçulara üstünlük verəcəksiniz?
    – Legioner limiti ləğv edilib. Bununla belə, strategiyamıza əsasən legioner oynatmayacağıq. Azərbaycanəsilli legioner oynaya bilər. Məsələn, bizdəki Əmir İbrahimzadə İran azərbaycanlısıdır. Rusiyada oynayan azərbaycanlılar oynaya bilər. "Atletik"də basklar oynayır, bizdə də ancaq azərbaycanlıların oynamasını istəyirik. Başa düşürəm ki, bu çətindir. Kimə deyiriksə, bunu mümkünsüz hesab edir. Amma biz buna inanırıq.

    – II Liqada oynayanda bəzi klublarla əməkdaşlıq edirdiniz. Sanki AFFA-dakı Klublar Komitəsi kimi II Liqa klubları arasında birlik yaratmağa çalışırdınız. Bu nəyə hesablanmışdı?
    – Açığı, bu mənim təklifim deyildi. Klublar arası mehribançılıq yaratmaq kimi bir təşəbbüs idi. Amma bu da özünü doğrultmadı. Bəlkə də II Liqa klubları üçün bu, tez idi. Təxmini 2-3 klubla memorandum imzalamışdıq. Biri "Şahdağ Qusar" idi. Onlarla da son matçımızda bilet məsələsinə görə problemlərimiz oldu (gülür).

    – "MyGroup" həm də güləşə investisiya yatırır. "MyWrestling" adlı klub Azərbaycan çempionatında yarışdı. Güləşə gəlməyiniz necə alındı?
    – "MyWrestling" əvvəlcə MMC idi, daha sonra onu ictimai birliyə çevirdik. Birliyin rəhbəri keçmiş güləşçimiz, dünya çempionu Saday İsmayılovdur. Paris Yay Olimpiadasından sonra güləşdə qızıl medalımız olmadı. Bu dəfə cüdo yaxşı nəticə göstərdi, 2 qızıl medal qazandıq. Ancaq güləşdə nəticə yaxşı alınmadı. Ondan sonra qərara gəldik ki, ora da dəstək olaq. Güləş Federasiyası ilə əməkdaşlıq edək, ictimai birlik kimi güləşçi uşaqları yetişdirək. Orada da məqsədimiz aşağı yaş kateqoriyalarından güləşçilər yetişdirməkdir. Bu, uzun müddətli layihədir. Bizim üçün həm də sosial layihə əhəmiyyətini daşıyır. İstəyirik ki, sağlam həyatda yer alsınlar.

    – Deyəsən, yeganə klubsunuz ki, güləşçilərə həm də maaş verirsiniz...
    – Seçilmiş, nəticəsi olan idmançılara əməkhaqqı veririk. Bütün uşaqları idman geyimləri ilə təmin etmişik. Bacardığımızı edirik ki, uşaqlarda maraq olsun. "MyWrestling"in qısa müddətdə yaradılmasına baxmayaraq, nəticələrimiz yaxşıdır. Bu sahəyə maraq var. Regionlarda Füzuli və Gəncədə, Bakıda isə Sulutəpə qəsəbəsində güləş zalımız var. Yeri gəlmişkən, Gəncədə hazırda da davam edən gənclər və yeniyetmələr arasında Azərbaycan çempionatında da "MyGroup" olaraq baş sponsoruq. 

    – Qurban Qurbanovla da yaxınlığınızın olduğunu bilirəm. Futbol formalarınız onun rəhbəri olduğu şirkətdən alınır. O, "Şəfa"nın çıxışını və strategiyasını necə dəyərləndirir?
    – Allah ondan razı olsun. Qurban Qurbanov Azərbaycan futbolunun əfsanəsidir. Onunla tanışlığımızda da Əfran İsmayılovun rolu olub. Qurban müəllim bizə çox dəstək olub, indi də məsləhətlərini verir. Onun baş məşqçisi olduğu "Qarabağ" Avropada Azərbaycanı çox uğurla təmsil edir... Ümumi olaraq strategiyamızı yaxşı dəyərləndirir. Amma o da deyir ki, sırf azərbaycanlılarla nəticə qazanmaq qəlizdir. Amma sevinir ki, belə bir strategiyası olan klub var. "Qarabağ"la Avropadakı rəqiblərə qarşı bunu etmək çətindir. Biz isə bunu reallaşdırmaq istəyirik. "Qarabağ" və digər klubların Akademiyasından oyunçu götürmək istəyirik. Niyyətimiz hansı futbolçular ki oynamır, onlara şans verib Azərbaycan futboluna dəstək olmaqdır.

    – Bəs Qurban müəllim deməyib ki, gələn mövsüm bir-birimizə rəqib olacağıq?
    – (gülür) Bizim "Qarabağ"a rəqib olmağımız hələ tezdir. Reallıq var. Amma təbii ki, Premyer Liqaya çıxacağımız təqdirdə, meydanda istər-istəməz rəqib olacağıq... Qurban müəllimdən də ona görə məsləhət alırıq ki, getdiyimiz yolda səhv etməyək və ləngiməyək.

    – Başqa hansısa klub rəhbərləri ilə dostluq münasibətiniz var?
    – Ümumi olaraq hamı ilə. "Sabah"ın prezidenti Maqsud Adıgözəlovla da görüşmüşəm. Bayaq da dediyim kimi, bizim heç bir klubla prinsipimiz yoxdur. Bilərəkdən heç kimin xətrinə dəymirik. Hər klubun öz strategiyası var. Hamı ilə rəqib olacağıq, amma düşmən yox.

    – Əgər klub Premyer Liqaya vəsiqə qazanmasa, klub fəaliyyətini davam etdirəcəkmi? Çünki Azərbaycanda belə mənfi presedent var ki, klub ümidləri doğrultmayanda fəaliyyətini dayandırır. Klub rəhbərləri fikirləşir ki, bu qədər pul tökmüşəm, amma nəticə yoxdur...
    – Açığı, bu barədə düşünməmişəm. İstəmərəm ki, belə hal olsun. Biz artıq bu yola girmişik. Artıq geriyə yol yoxdur. Bu qədər insan bu klubdan ruzi aparır. Allahın izni ilə bu yola davam edəcəyik.

    – Hazırda futbol və güləşdən başqa da idman növlərinə maliyyə yatırmağı düşünmürsünüz?
    – Hələ ki yox.

    – Saytınızda "MyGroup" holdinqinə daxil olan şirkətlər arasında "Şəfa" və "MyWrestling"in adı görünmür. Bir də "MyGroup" özü hansı sahədə daha çox fəaliyyət göstərir?
    – Bunu yaxşı qeyd etdiniz. Saytımızda onların adının olması lazımdır. Çünki hər iki qurum da holdinqə daxildir... Elektronika satışı ilə – "MyShops"la bazara girmişik. Daha sonra tikinti, avtomobil və s. sahələrə daxil olduq. Maşallah, şaxəli sahələrdə fəaliyyət göstəririk. Şirkətlərimizin bəziləri Bakıda, bəziləri də Dubayda fəaliyyətdədir.

    Səbuhi Musa

    Futbol

    AFFA 2 kluba texniki məğlubiyyət verdi

    11.02.2026 15:46:05
    Futbol

    Nəriman Axundzadə "Qarabağ"a bu sözlərlə vida etdi

    11.02.2026 15:16:30
    Futbol

    "Araz-Naxçıvan" gecikməyə, "Zirə" şorta görə cərimələndi

    11.02.2026 15:00:26
    Futbol

    "Qarabağ" azarkeşlərini stadiona buraxmayan "Neftçi" cərimələndi

    11.02.2026 14:42:13
    Futbol

    "Turan Tovuz"la bağlı sərt qərarlar – 12500 manat cərimə, Berdiyevə 4 oyunluq cəza

    11.02.2026 14:24:21
    Müsahibə

    "Biz Bilbao "Atletik"inin sxemi ilə gedirik" – "Şəfa"nın sahibi olan şirkətin vitse-prezidenti

    11.02.2026 13:47:00
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Olimpiya çempionlarımız Daşkənkə yollanacaq - ADLAR

    11.02.2026 16:06:46

    AFFA 2 kluba texniki məğlubiyyət verdi

    11.02.2026 15:46:05

    Nəriman Axundzadə "Qarabağ"a bu sözlərlə vida etdi

    11.02.2026 15:16:30

    "Araz-Naxçıvan" gecikməyə, "Zirə" şorta görə cərimələndi

    11.02.2026 15:00:26

    "Qarabağ" azarkeşlərini stadiona buraxmayan "Neftçi" cərimələndi

    11.02.2026 14:42:13

    "Turan Tovuz"la bağlı sərt qərarlar – 12500 manat cərimə, Berdiyevə 4 oyunluq cəza

    11.02.2026 14:24:21

    Azərbaycan çempionatına hakimlər gecikdi, oyun gec başlayacaq

    11.02.2026 14:04:47

    "Biz Bilbao "Atletik"inin sxemi ilə gedirik" – "Şəfa"nın sahibi olan şirkətin vitse-prezidenti

    11.02.2026 13:47:00

    Fransa millisinin sabiq futbolçusu "Qəbələ"də

    11.02.2026 13:20:35

    Millimiz Avropa çempionatından 6 medalla qayıtdı

    11.02.2026 13:11:40

    "Qarabağ" - "Nyukasl": Biletlər satışa nə vaxt çıxarılacaq?

    11.02.2026 12:39:44

    "Qalatasaray" "Zirə"yə keçən futbolçuya görə təzminat tələb edə bilər

    11.02.2026 12:14:20

    Nəriman ABŞ-də Azərbaycanda oynamış futbolçu ilə komanda yoldaşı olacaq

    11.02.2026 11:42:38

    Serbiya millisinin sabiq üzvü Azərbaycandan təklif alıb

    11.02.2026 11:11:25

    "Kəpəz"in 21 oyunluq seriyası qırıldı

    11.02.2026 10:55:47
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved