Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Müsahibə
    "İnkişaf üçün bu gün dünəndən daha yaxşı olmalıyıq" - Federasiya prezidenti
    19.01.2026 16:11:24

    1 il bundan öncə Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti seçilmiş Zaur Əliyev ASF-nin rəsmi vebsaytına müsahibə verib.

    Prosport.Az xəbər verir ki, funksioner geridə qalan 2025-ci ilin yekunlarından və cari 2026-cı ilə dair planlardan bəhs edib.

    – Ötən il Azərbaycan Üzgüçülük Federasiyası üçün nələrlə yadda qaldı?

    – Öncə federasiyanın strategiyası hazırlandı, struktur baxımından yenilənmə proseslərinə başladıq, inzibati ofis icarələnib təmir olundu. Planlı şəkildə inkişaf etmək, ədaləti və şəffaflığı qorumaq üçün bir sıra məsələlər üzrə rəsmi proqramların, qaydaların və əsasnamələrinin yazılmasına start verdik. Aidiyyəti yerli və beynəlxalq idman qurumları ilə əlaqələri genişləndirdik – çalışırıq ki, əməkdaşlığımız maksimal dərəcədə sıx və məhsuldar olsun.

    Həmçinin ilk işlər çərçivəsində üzgüçülük üzrə milli komandaya yeni məşqçilər, məsləhətçi həkim, nutrisioloq, masajçılar və psixoloqlar cəlb edildi, idmançılar zəruri tibbi vəsaitlərlə, müasir və keyfiyyətli idman forması ilə təmin olundular. Təlim-məşq toplanışları, yerli və xarici yarışlarda iştirak da öz yerində.

    Bundan başqa, federasiyanın yeni brendbuku hazırlanaraq, təqdim olundu. Rəsmi vebsayt, sosial şəbəkə akkauntları yeniləndi ki, bu da həm ictimaiyyətin daimi şəkildə məlumatlandırılması, həm də idmanın təbliğatı baxımından əhəmiyyətlidir. Çalışdım yalnız əsas məqamları sadalayım. Ümumiyyətlə isə, mövcud işçi heyətinin formalaşdırılmasının müəyyən qədər vaxt apardığını nəzərə alaraq, qeyd edə bilərik ki, bütün bu işlər hətta 1 ildən az müddətdə görüldü.

    – Keçirilmiş və yaxud milli komandalarımızın iştirak etdiyi hansı yarışları xüsusilə vurğulayardınız?

    – Turnirlər çox oldu, amma bəzilərinin yeri başqadır. Əvvəlcə Azərbaycan çempionatını qeyd edərdim, çünki bu, ölkə birinciliyidir və biz ona xüsusi həssaslıqla yanaşırıq. Çalışdıq çempionatı beynəlxalq yarışlar səviyyəsində təşkil edək. Bakı Su İdmanı Sarayına təşrif buyurmuş çoxsaylı tamaşaçılar şou-proqramla yanaşı, maraqlı idman mübarizəsinə də şahidlik etdilər.

    Vurğulamalıyam ki, çempionat iştirakçılarının sayı 200-ə yaxın oldu. Turnir çərçivəsində yeni rekord da qeydə alındı və federasiya olaraq bu, bizi çox sevindirir. İdmançı üçün Azərbaycan çempionu olmaq bir şərəfdir. Digər tərəfdən, məhz bu yarışda gələcəyin ulduzları parlayır, püxtələşir, sonradan milli komanda səviyyəsinədək irəliləyirlər.

    Həmçinin mütləq “Gəncə Cup” turnirini vurğulamalıyam. Bu yarış paytaxtdan kənarda, MDB Oyunlarına hazırlıq məqsədilə Gəncə şəhərində, yeni gözəl idman arenasında təşkil edildi. Həmin mötəbər idman tədbirindən öncə bu turnir həm milli komanda üçün yaxşı hazırlıq, həm də MDB Oyunlarının təşkilatı baxımından hamımız üçün keyfiyyətli bir sınaq oldu.

    Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Üzgüçülük hamı üçün”, habelə dövlət qurumları arasında üzgüçülük yarışlarının keçirilməsini də vurğulaya bilərəm. Açıq suda “Dalğadan güclü”, suya tullanma üzrə isə “Gələcəyə doğru” və “Hədəfə doğru” yarışları keçirildi. Bu növ üzrə ilk dəfə yeniyetmələrdən ibarət milli komanda formalaşdırıldı, hətta Bolqarıstanda beynəlxalq yarışda iştirak etdi və medallar qazandı.

    Üzgüçülərimiz isə Latviya, Çexiya, Belarus, Şimali Makedoniya, Serbiya, Almaniya, Slovakiya, Polşa, Sinqapur və Səudiyyə Ərəbistanı kimi ölkələrdə keçirilmiş yarışlarda çıxış etdilər, onların da bir sıra uğurları oldu. Sadaladıqlarım arasında Avropa və dünya çempionatları kimi nüfuzlu turnirlər də var.

    – Yəqin ki, milli komandanın Gəncədəki təlim-məşq toplanışı və “Gəncə Cup” test yarışı üzgüçülərimizin MDB Oyunlarındakı uğurunda böyük rol oynadı.

    – Əlbəttə. Öncə, fürsətdən istifadə edərək, mən ilk dəfə əməkdaşlıq etdiyimiz Gəncə İdman Sarayının rəhbərliyinə, həmçinin milli komandalarımızın əsas evi olan Bakı Su İdmanı Sarayının rəhbərliklərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onların dəstəyi, onlarla uğurlu əməkdaşlıq, tərəfdaşlıq olmasaydı, işimiz daha çətin olardı.

    O ki qaldı nəticələrə, MDB Oyunlarında üzgüçülük üzrə milli komandamız 2 qızıl, 5 gümüş və 6 bürünc medal qazanmaqla bizi çox sevindirdi. Həm bayrağımızın ucaldığına görə, həm öncə bu yarışda üzgüçülük üzrə medalımızın hələ olmadığına görə, həm də ona görə ki, güclü üzgüçülük məktəblərinə sahib olan Rusiya və Belarus kimi ölkələr turnirdə müvafiq yaş kateqoriyası üzrə ən güclü heyətlərlə təmsil olunmuşdular.
     
    MDB Oyunları bizim üçün təşkilatçılıq baxımından da vacib idi. İlk dəfə idi ki, Azərbaycan multiidman tədbirinə qeyri-paytaxt şəhərlərdə ev sahibliyi edirdi və ilk dəfə federasiyaların təşkilatçılıqda məsuliyyəti bu qədər yüksək idi. Biz şadıq ki, payımıza düşən işlərin öhdəsindən layiqincə gələ bildik.

    Ölkəmiz üçün daha bir vacib multi-idman yarışı olan İslam Həmrəyliyi Oyunlarında da kifayət qədər yaxşı nəticəmiz oldu. Düzdür, Ər-Riyadda qızıl medalımız olmadı, lakin ilk dəfə idi ki, bu yarış tarixində məhz yerli idmançılar hesabına üzgüçülük üzrə 3 medal qazanıldı. Həm medal sayı, həm də digər idmançılarımızın çıxışı nikbinliyə əsas verir.

    – Uğurlardan söz düşmüşkən, 2025-ci il idmançılarımızın başqa hansı medalları ilə seçilib?

    – Vurğulamaq istərdim ki, uğur tək medallardan ibarət deyil. İdman səviyyəsi elə də güclü olmayan yarışa gedib on medal qazanıb qayıtmaq da olar, daha nüfuzlu yarışda şəxsi rekordunu yeniləyib mükafatsız qalmaq da olar. Misal üçün, Slovakiyada 18 yaşlı idmançılar arasında keçirilmiş Avropa çempionatını üzgüçülük üzrə milli komandamızın üzvü Süleyman İsmayılzadə yeddinci yerdə bitirdi. Bu, medal qazandıran nailiyyət olmasa da, belə mötəbər yarışdakı sözügedən nəticə yüksək potensialdan xəbər verir. Onu da vurğulayım ki, yarış zamanı idmançımızın cəmi 16 yaş var idi.

    Yəni medallar bizi hər zaman sevindirsə də, uğur meyarımız tək bu, olmamalıdır. Bizim üçün hazırda əsas medal sayı deyil, ciddi və köklü inkişafa nail olmaq istəyirik. Təbii ki, idmançılarımızın nəticələrinin daha da yaxşılaşması niyyətimizdir, istərdik ki, tədricən biz böyüklər arasında Avropa və dünya çempionatlarında da yüksək yerlər uğrunda mübarizə aparaq. Lakin bunun üçün öncə biz bu gün ən azı sadəcə dünəndən daha yaxşı olmalıyıq.

    Hər bir idmançı çalışmalıdır ki, öncə öz rekordunu yeniləsin, sonra ölkə rekordunu – bununla ciddi beynəlxalq uğurlar da gələcək. Bu gün biz idmançılar üçün ən yaxşı şəraiti yaratmağa çalışırıq. Onlar da öz növbələrində həvəslənib məşqlərinə daha ciddi yanaşırlar. Mütəmadi olaraq məşqçi heyətindən gedişat haqqında məlumat alırıq və eşitdiklərimizdən, gördüklərimizdən məmnunuq. Sürəti azaltmadan hər bir istiqamət üzrə sabit inkişafın davam etməsi olduqca önəmlidir.

    – Sizcə, nəticələrin yaxşılaşdırılması nədən başlanır? Bu yöndə federasiya hansı işləri həyata keçirir?

    – Bəzən idmanda sürprizlər qeydə alınsa da, adətən nəticə ümumi inkişafın məntiqi davamıdır. İnkişaf etmək üçün əvvəlcə harada olduğumuzu və hansı müddətdən sonra harada olmaq istədiyimizi, bunun mümkün olub-olmadığını və hansı resurs tələb etdiyini öyrənməliyik. Bunun üçün biz qeyd etdiyim strategiyanı hazırladıq. Əslində o, elə də böyük bir sənəd deyil, amma bir yol xəritəsidir ki, biz də işlərimizi ona əsasən qururuq.

    Beynəlxalq təcrübədən yararlanmaq da mühüm məsələdir. Bu məqsədlə federasiyamızın əməkdaşları Türkiyə və Rumıniyaya səfər etməklə oradakı yerli federasiya rəhbərləri ilə görüşüb fikir mübadiləsi apardılar. Həmçinin Avropa Su İdmanı Federasiyasının (European Aquatics) prezidenti Antonio Silva ötən il iki dəfə ölkəmizdə işgüzar səfərlərdə oldu. Azərbaycan Üzgüçülük Federasiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan İdman Akademiyası arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan memorandum imzalandı. Sənədin imzalanma mərasimi Gənclər və İdman Nazirliyində nazir Fərid Qayıbovun iştirakı ilə keçirildi. Ümumiyyətlə, bu müddətdə Gənclər və İdman Nazirliyindən və şəxsən Fərid müəllimdən böyük dəstək gördük.

    Hesab edirəm ki, həm nazirlik, həm də Milli Olimpiya Komitəsiylə effektiv əlaqələrimiz mövcuddur. Şübhəsiz ki, belə şəraitdə hər hansı bir idman növünü inkişaf etdirmək daha asan olur. Bununla belə, federasiyamız Azərbaycan Milli Paralimpiya Komitəsi, Azərbaycan Deflimpiya Komitəsi və İdman Veteranları İctimai Birliyi ilə memorandumlar imzalamaqla bu qurumlarla da sıx əməkdaşlığa başlayıb.

    – Federasiya strategiyasının əsas istiqamətlərindən biri də kütləvilikdir…

    – Belə deyim, əsas istiqamətlər çoxdur, hansısa birini seçmək çətindir. Proseslər paralel aparılmalıdır ki, faydası çox olsun. Kütləviliyə gəldikdə, buna nail olmaq üçün çalışmalıyıq ki, öncə əhalinin daha böyük hissəsi üzməyi bacarsın, üzməyi sevsin. Daha sonra bu insanlar üzgüçülüklə və digər su idman növləri ilə mütəmadi olaraq məşğul olsunlar. Bundan ötrü ciddi PR işləri aparılmalıdır. Proseslər başlanıb və istəyirik bu yöndə 2026-ci il ərzində daha da çox iş görək, müxtəlif layihələr həyata keçirək. Orta təhsil ocaqlarında maarifləndirici tədbirlərin təşkil edilməsi, əcnəbi məşqçilərimiz tərəfindən uşaqlara və yeniyetmələrə, onların valideynlərinə su idman növləri haqqında təqdimatların edilməsi nəzərdə tutulur.

    Həmçinin yerli məşqçilərimizin və hakimlərimizin peşəkarlığı artırılmalıdır. Federasiya olaraq, 2025-ci ildə bəzi seminarlar təşkil etmişik, amma bu, hələ başlanğıcdır, daha böyük işlər irəlidədir. Bildiyiniz kimi, anti-dopinq mövzusu da olduqca önəmlidir. Bu mənada AMADA ilə əməkdaşlıq edirik. Ümumiyyətlə, biz kimə “üzgüçü”, kimə “məşqçi”, kimə “hakim” deyirik, müvafiq statistikalar necə aparılacaq, milli komandaya üzvlük hansı meyarlarla olmalıdır – bütün bu mövzular nəzərdən keçirilib, dərindən təhlil edilib, uğurlu beynəlxalq təcrübə və bizdəki hazırkı vəziyyətə əsaslanaraq, bir sıra qaydalar formalaşdırılıb. Onlar yaxın zamanda ictimaiyyətə təqdim olunacaq və əminik ki, bundan sonra inkişafımız daha da sürətlənəcək.

    – Yeri gəlmişkən, əcnəbi mütəxəssislərin cəlb edilməsi haqqında fikirlərinizi bilmək istərdik.

    – Hər hansı bir problemin, çətinliyin həlli onu etiraf etməkdən başlanır. Ardınca səbəblər araşdırılır və dərk edilir. Daha sonra isə həll yolları axtarılır, sonda isə bu istiqamətdə addımlar atılır. Beləliklə, bu gün biz ölkəmizdə su idman növlərini inkişaf etdirmək istəyiriksə, vəziyyəti səmimi olaraq dəyərləndirməliyik. Reallıq isə belədir ki, su idman növlərinin ənənələri ölkəmizdə heç vaxt çox zəngin olmayıb. Zamanla maraq müəyyən qədər artsa da, heç hazırda da o, olmalı olduğu, ola biləcəyi səviyyədə deyil, sahədə peşəkar və təcrübəli kadrlar azdır. Belə olan halda bizim bu idman növlərinin daha çox inkişaf etdiyi ölkələrdən olan mütəxəssislərə ehtiyacımız yaranır. Onların dəstəyi ilə düzgün iş aparıb güclü bir zəmin, lazımi mühit yarada bilsək, sabah bizim mövcud mütəxəssislərimiz də inkişaf edəcək, daha bilikli və bacarıqlı yeni nəsil də yetişəcək.

    Ona görə federasiyanın nəzdində olan idman növlərinin, milli komandaların inkişaf etdirilməsi məqsədi ilə ölkəmizə bu aləmdə sayılıb-seçilən yüksək səviyyəli xarici məşqçilər, mütəxəssislər dəvət etdik. İdman direktoru vəzifəsinə kanadalı Pyer Ləfonten gətirildi. Onun, deyərdim ki, ümumiyyətlə təqdimata ehtiyacı yoxdur. Həmçinin 15 ildən artıq təcrübəyə malik mütəxəssis, İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışmış, Avropa və dünya çempionatlarında yetirmələri müvəffəqiyyətlər qazanmış isveçrəli Luka Qabrilo üzgüçülük üzrə millimizin baş məşqçisi təyin edildi. Bədii üzgüçülük üzrə Ukrayna milli komandasının keçmiş üzvü, əməkdar idman ustası və məşqçisi Oksana Pismenna ilə əməkdaşlığa başlanıldı, su polosu xorvatiyalı Qoran Sabliçə həvalə olundu, suya tullanma növü üzrə isə rusiyalı Anton Melnikovla uğurlu əməkdaşlıq davam etdirildi.

    – Və son olaraq Azərbaycanda su idman növləri üzrə bu il keçiriləcək ən mötəbər yarışa toxunaq. Belə ki, Bakıda ilk dəfə üzgüçülük üzrə Dünya Kuboku keçiriləcək. “Silk Road Tour” ölkəmiz, idmanımız üçün nə qədər əhəmiyyətlidir?

    – Möhtərəm Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı nəticəsində bu gün Azərbaycan bir idman ölkəsidir. Ötən illər ərzində bir sıra nüfuzlu siyasi və mədəni tədbirlərlə yanaşı, dövlətimiz dəfələrlə beynəlxalq turnirlərə uğurla ev sahibliyi edərək, yüksək təşkilatçılıq və qonaqpərvərlik qabiliyyətini hamıya nümayiş etdirmişdir. Bütün bunların məntiqi davamı olaraq Bakı 2026-cı il üçün Dünya İdman Paytaxtı seçilmişdir.

    Ölkə başçısının rəhbərliyi altında ölkəmizdə beynəlxalq standartlara cavab verən idman infrastrukturu yaradılmış, o cümlədən müasir üzgüçülük hovuzları inşa olunmuşdur ki, bu da beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə geniş imkanlar açır. Biz də istəyirik bu imkanlardan istifadə edib müxtəlif turnirlər keçirək ki, onların hesabına həm su idman növlərinə maraq artsın, idman növlərimiz inkişaf etsin, həm də, təbii ki, ölkəmiz daim dünyanın diqqət mərkəzində olsun.

    “Silk Road Tour”un Bakı mərhələsi 1-3 oktyabr tarixlərində Su İdmanı Sarayında keçiriləcək. Sözügedən turnir hər zaman aparıcı üzgüçülərin iştirak etdiyi, beynəlxalq reytinq xallarının toplandığı nüfuzlu Dünya Kubokunun bir hissəsi olacaq. Məhz bu yarışın keçirilməsi ilə əlaqədar Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləm noyabr ayında ölkəmizə təşrif buyurmuşdu, burada birlikdə müqavilə imzaladıq. Çalışacağıq ki, bu turniri dünyanın idman paytaxtı olan Bakımızda ən yüksək səviyyədə təşkil edək, həm də ümumiyyətlə 2026-cı il su idman növləri üçün ötən ildən daha da uğurlu olsun.

    Digər idman növləri

    "İnkişaf üçün bu gün dünəndən daha yaxşı olmalıyıq" - Federasiya prezidenti

    19.01.2026 16:11:24
    Digər idman növləri

    Azərbaycan çempionatında finalçılar bilindi

    15.01.2026 22:33:53
    Cüdo

    Cüdo yığmamızın üzvləri üçün şahmat dərsi

    15.01.2026 15:47:02
    Digər idman növləri

    Azərbaycan millisinə belaruslu baş məşqçi təyin olundu

    14.01.2026 11:03:01
    Digər idman növləri

    Badminton Federasiyasının İdarə Heyətində yer almış italyan aşpazla bağlı açıqlama – YENİLƏNİB

    13.01.2026 13:50:45
    Digər idman növləri

    Azərbaycan Tibb Universitetində ölkə çempionatı keçiriləcək

    9.01.2026 22:00:07
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Güləş yığmalarımız ilin ilk toplanışına başladı

    19.01.2026 17:49:37

    İlk dəfə bu idman növü üzrə Azərbaycan Kuboku keçiriləcək

    19.01.2026 17:16:20

    Premyer Liqa klubu sabiq baş məşqçisinə mövsümün sonunadək təzminat ödəyəcək

    19.01.2026 16:46:53

    "İnkişaf üçün bu gün dünəndən daha yaxşı olmalıyıq" - Federasiya prezidenti

    19.01.2026 16:11:24

    Azərbaycandan ayrıldı, 7 ay klubsuz qaldı

    19.01.2026 15:45:52

    Çempionlar Liqası: "Qarabağ"ın oyununa satılmış bilet sayı açıqlandı

    19.01.2026 15:14:46

    Azərbaycan çempionatında əcnəbi hakimlər

    19.01.2026 14:52:07

    Millimizin üzvləri müxtəlif testlərdən keçdilər

    19.01.2026 14:12:56

    "Qarabağ" - "Ayntraxt" oyununun hakimləri bilindi

    19.01.2026 13:37:01

    "Ayntraxt"ın Bakıda oyunöncəsi məşqi və mətbuat konfransı olmayacaq

    19.01.2026 13:10:00

    "Neftçi"dən darmadağın, "Zirə"dən səfər qələbəsi

    19.01.2026 12:35:27

    "Qarabağ"ın futbolçusu Superliqa klubunun hədəfində

    19.01.2026 12:13:10

    "Nani mübaliğəsiz futbol əfsanəsidir" - Şahruddin Məhəmmədəliyev

    19.01.2026 11:40:34

    Gəncədə yeni cüdo zalı fəaliyyətə başladı - FOTOLAR

    19.01.2026 11:02:47

    "Araz-Naxçıvan" sloveniyalı futbolçu ilə maraqlanır

    19.01.2026 10:43:48
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved