Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Güləş
    "Ola bilsin ki, gələn il Azərbaycan çempionatında qadınlar da güləşsin" – Pərvin Piriyev
    14.01.2026 19:51:00

    7-11 yanvar tarixlərində güləş üzrə növbəti Azərbaycan çempionatı baş tutdu.

    Prosport.Az Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyevdən bununla bağlı geniş müsahibə götürüb.

    – Güləş Federasiyasının baş katibi kimi sizin üçün ilk Azərbaycan çempionatı idi. Ümumilikdə turnir barədə və onun yekunları barədə fikirləriniz necədir?
    – Bilirsiniz ki, bu fikri daha öncələr də səsləndirmişdim ki, ölkə çempionatının nüfuzunun və səviyyəsinin yüksəldilməsi bizim əsas strateji istiqamətlərimizdən biridir. Ona görə də yerli çempionat milli komandanın formalaşdırılmasına təsir edən bir faktordur və körpü rolunu oynayır. Bu səbəbdən də biz bunu maksimal dərəcədə yaxşı səviyyədə keçirməyə çalışırıq ki, həm iştirakçılar, həm də azarkeşlər bu yarışdan zövq ala bilsin. Çox xoşdur ki, milli komandanın əksər üzvləri, titullu idmançılar çıxış etdi. Bir sıra tanınmış güləşçilərimiz (Eldəniz Əzizli, Həsrət Cəfərov, Ülvü Qənizadə və s. nəzərdə tutulur) oldu ki, onlar zədə səbəbindən yarışmadı. Çünki ötən il onlar daha çox yarışda – dünya, Avropa çempionatı, İslam Həmrəyliyi Oyunlarında çıxış etmişdi. Həmin idmançılar bu zədə ilə bağlı bizə müraciət etmişdi, bizim tibb və sağlamlıq bölməmiz də bunu araşdırmış və üzrlü səbəbi olan idmançılar razılığımız əsasında yarışdan kənarda qalmışdı. Lakin buna baxmayaraq, bir sıra gənc və istedadlı idmançılar gördük ki, milli komandaya namizəddirlər. Düşünürük ki, bu yarışdan sonra seçilən idmançılar milli komandanın tərkibində yer alacaq və ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil edəcəklər.

    – Bəzən olur ki, idmançı Azərbaycan çempionu ola bilmir, amma kifayət qədər yaxşı güləşir. Və ya final günü formada olmur, uğurlu çıxış edə bilmirlər. Belə idmançıların milli komandaya düşmə şansları nə qədərdir?
    – Bildiyiniz kimi, bu il yarış zamanı milli komandanın məşqçiləri üçün bir qədər fərqli şərait yaratmışdıq. Onları izolə etmişdik ki, yarışı rahat şəkildə izləyə bilsinlər, fikirləri yayınmasın, rahatlıqla qeyd apara bilsinlər və istedadlıları kəşf edə bilsinlər. Bildiyiniz kimi qarşıda 2028 Los-Anceles Oimpiya Oyunları gəlir. Real götürsək, vaxtımız çox deyil. Bizdə hansı çəkilərdə ki konkret idmançılarımız müəyyən deyil, biz ora gənc istedadlar axtarırıq. Ola bilsin ki, 2026-cı il güləşdə sınaqlarla, cəhdlərlə yadda qalacaq. Milli komandanın məşqçilərinin də belə təklifləri var ki, gənc istedadları, daha öncələr görmədiyimiz gənc istedadları yarışlara göndərək və onların bacarıqlarını sınayaq. Çünki sizin də qeyd etdiyiniz kimi, idmanda heç də hər zaman 1+1=2 olmur. Bu, insanların emosiyaları və duyğularından asılı olur. Bəzən olur ki, idmançı yerli çempionatda özünü göstərə bilmir, 2-ci və 3-cü nömrə təəssüratı yaradır. Amma yarışa gedəndə sanki 2-ci nəfəsi açılır, motivasiya olur və uğur qazanır. Yalnız Azərbaycanda yox, dünyada da belə praktika var ki, 2-3-cü nömrəyə şans verilir və bəzən onlar özünü doğruldur.

    – Bu il olimpiya çəkiləri üzrə mükafat fondu 3300, qeyri-olimpiya çəkiləri üzrə 2300 manat təşkil edirdi. Növbəti ölkə çempionatında mükafat fondu artırıla bilər, yoxsa düşünürsünüz ki, bu məbləğ kifayət edir?
    – Əslində, burada 1-ci hansı faktor rol oynayır? Siz özünüz də diqqətli jurnalistsiniz və əminəm ki, bu məqama diqqət etdiniz. Bu çempionatın özünün vizualiasiya, azarkeşlik təcrübəsi baxımından bir sıra yenilikləri oldu. Biz bu yenilikləri daha çox cəlb etdiyimiz partnyorların və tərəfdaşların hesabına reallaşdıra bildik. Gələcəkdə əgər hansısa böyük tərəfdaşlar, yeni sponsorlar cəlb edə bilsək, istisna deyil ki, bu məbləğdə artım olsun.

    – Ölkə çempionatında çəki dərəcələri üzrə hansıları xüsusi fərqləndirmək olardı?
    – Sözün düzü, sərbəst güləşdə son gündə 70 kq-da Kənan Heybətov və 61 kq-da Nürəddin Novruzovun final qarşılaşmaları kifayət qədər böyük marağa səbəb oldu. Əslində maraqlı görüşlərin sayı çox idi. Ona görə də hər birini dəqiqliyi ilə yadda saxlamaq çox çətindir. Hətta elə maraqlı görüşlər var idi ki, təsnifat mərhələlərində baş tutdu. Ümumi təəssüratı, azarkeşlərin və qonaqların reaksiyalarını nəzərə alsaq, düşünürəm ki, biz hədəfimizə çatmışıq. İdmanı insanlara maraqlı bir şou kimi təqdim etdik.

    – Sizin üçün gözlənilməz nəticələr hansılar oldu?
    – Baxır biz buna hansı prizmadan yanaşırıq. Azarkeş prizmasından baxsaq, gənc idmançıların sərgilədiyi maraqlı qarşılaşmalar bəlkə də sürpriz kimi görünə bilər. Misal üçün yunan-roma güləşi üzrə 60 kq-da Ayxan Cavadovun çıxışını göstərmək olar. Ancaq digər tərəfdən yarışdan əvvəl bizim məşqçilərlə müzakirələrimiz olmuşdu və onların proqnozlarına əsasən bu nəticələr gözlənilməz deyildi. Bu turniri xarakterizə edən xüsusiyyətlərdən biri bu idi ki, bu turnir kifayət qədər intizamlı keçdi. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Məlumdur ki, xüsusilə güləşə baxanda azarkeşlərin emosiyaları bir qədər yüksəlir. Azarkeşlər sağ olsunlar ki, mümkün dərəcədə, emosiyalarını idman rəqabətliliyi prinsipi ilə qoruyub saxlaya bildilər. Hakimlərin qeyd edərdim, yüksək səviyyədə idi. Düzdür, məşqçilər Dünya Güləş Birliyinin bir sıra yeniliklərini bilmədiyindən, öncədən onlara təlim keçmişdik. Amma bu onlar üçün də bir təcrübə oldu. Yəqin bilirsiniz ki, yeni qaydalara əsasən diz yerdə olanda xalçadan kənara çıxarmağa görə 1 xal verilir. Bəzi məşqçilər təəssüf ki, bunu bilmirdi. Amma olsun, bu, normaldır, yeni qaydadır. Məqsədimiz həm də maarifləndirməkdir və biz bunu edəcəyik. Hətta sizə eksklüziv yenilik deyim. Yarışın baş hakimi Asif Şirəliyevlə videoçarx hazırlayıb mübahisəli epizodları şərh formasında təqdim edəcəyik. Bunu qaydalarla izah edəcəyik. Dəvət etdiyimiz əcnəbi hakimlər ən azı 2 Olimpiadada iştirak etmiş təcrübəli referilər idi. Biz çalışdıq ki, hakimləri də izolə edək ki, onlara kənardan təsir olmasın. Çünki hakimlərin kənar təsir altında olmaması çox vacibdir. Düşünürəm ki, buna da nail olduq. Və ilk dəfə çempionatımızda yalnız beynəlxalq dərəcəli hakimlər iş başında oldu.

    – Çempionatın gedişində siz Göyçayda idman zalının açılışında da oldunuz. Yarışın ümumi yekunlarına nəzər salsaq, əsasən Bakıda fəaliyyət göstərən klubların idmançılarını qaliblər arasında görürük. Bölgələrdə güləşi canlandırmaq üçün nələr edirsiniz?
    – Bununla bağlı öz "facebook" səhifəmdə status da yazmışam. İdmanda sistemli nəticənin əldə olunması üçün kütləvilik lazımdır. Kütləvilik üçün isə şərait, keyfiyyətli məşqçilər və çoxlu yarışlar olmalıdır. Bunlardan ən tez başa gələni infrastrukturun yaxşılaşdırılmasıdır. Düzdür, bu, vəsait tələb edir. Amma bu gün görürük ki, çoxlu sahibkar öz bölgəsində güləşə yatırım etməkdə maraqlıdır. Biz özümüz də onları dəstəkləyirik. Xərclərin optimallaşdırılması üsulu ilə biz müəyyən zallar açırıq. Bugün bölgələrdə idman zallarının açılmasına, mövcud zalların bərpa edilməsinə, məşqçilərin bilik və bacarıqlarının artırılmasına ehtiyac var. Burada yalnız döşək məşqindən söhbət getmir. Uşaqların fiziki hazırlığı, psixoloji işin aparılması, ilkin tibbi yardım, qidalanma və s. sahədə də məşqçilərin bilikləri artırılmalıdır. Artıq həmin dövr gəlib.

    – Cüdo Federasiyası qadınların da yarışlarını keçirir. Onlar mentalitet məsələsinə görə qızları cüdoya cəlb etmək üçün layihələr icra edir. Güləşdə isə hələ qadınlar üzrə Azərbaycan çempionatını keçirmək mümkün olmur. Qadın güləşinin kütləviləşməsi üçün hansı addımlar atılır?
    – Çox yaxşı qeyd etdiniz. Son illərdə Cüdo Federasiyası uğurlu layihələr həyata keçirib. Federasiyanın baş katibi Rəşad Rəsullu ilə tez-tez ünsiyyətdə oluruq, bilik mübadiləsi aparırıq. Onların keçirdiyi layihələrlə tanışam. Azərbaycan Güləş Federasiyası olaraq biz də bu layihələri artıq həyata keçirməyə başlamışıq. Son 2 ildə ilk dəfə U-15 və U-17 yaş qrupları üzrə qızlar arasında yarışlar keçirdik. Bu il də keçirilməsi nəzərdə tutulub. Əslində qadınlar arasında Azərbaycan çempionatını da keçirmək istəyirdik. Sadəcə say imkan vermədi. Lakin aşağı yaş qruplarından gələn tələbatı görərək başa düşürük ki, biz zamanla qadın güləşi üzrə ölkə çempionatını da keçirəcəyik. Hətta ola bilsin ki, bu, gələn il olsun. Biz ötən ilin sonlarında yalnızca qızların məşq etməsi üçün zal açdıq. Qeyd etdiyiniz bu mental məsələləri nəzərə alaraq yalnız xanım məşqçilər burada məşq keçir. Azyaşlı qızlar buyurub gəlib orada məşqlərə yazıla bilər.

    – Ölkə çempionatında sərbəst güləş üzrə yuxarı çəkilərdə yenə də legionerlər çoxluq təşkil edir. Bu legioner idmançılardan nə vaxt qurtulmaq mümkün olacaq?
    – Çox yaxşı sualdır. Bu haqda çox danışmaq istəyirəm. Əslində buna 2 cür cavab verə bilərəm. Birincisi, güləş tariximizə baxsaq, həmişə yüngül çəkilərdə istedadlı güləşçilərimizin sayı daha çox olub, nəinki yuxarı çəkilərdə. Bu, fiziki xüsusiyyətlərə görədir. Ağır çəkili güləşçilərin yetişməsi çətindir. Hətta indi mövcud olan ağır çəkili, boyu hündür idmançılara o qədər tələbat çoxdur ki, onlar başqa idmanla məşğul olsalar belə, güləş və ya başqa növlərə asanlıqla yönələ bilir. Onları saxlamaq çox çətin olur. Düşünürəm ki, biz bu barədə pilot layihələrə başlaya bilərik. Xalq olaraq biz hündür boy və ağır çəkili deyilik. Boy ortalamalasına da baxdıqda görünür ki, bizdə boy orta statistikdir. Məsələn, bizdə 125 kq və ya 97 kq-da çıxış edən güləşçini çox çətinliklə tapmaq olur. Amma elə bölgələr var ki, orada fiziki göstəriciləri fərqlənən ağır çəkili idmançı tapmaq mümkündür. Məsələn, Zaqatala, Gədəbəy, Naxçıvan, Qusar və s. belə bölgələrimizdə. Biz düşünürük ki, məhz ağır çəkili güləşçilərin yetişməsi üçün həmin bölgələrdə xüsusi fokuslanmış iş aparaq. Amma bu o demək deyil ki, bu dərhal sabah nəticə verəcək. Hətta sabah bu işə başlasaq belə, nəticələri ən yaxşı halda 5 il sonra görəcəyik. Çünki biz onu yeniyetmə yaşlarında tapsaq, onun üzərində işləsək, yeniyetməliyindən gəncliyinə qədər 5-6 il vaxt alacaq. Belə istedad olarsa, 16-17 yaşlarında üzə çıxa bilər. Ağır çəkili idmançıların yetişdirilməsi çətin olsa da mümkündür və məncə, sistemli iş aparsaq, biz bu istiqamətdə də öz güləşçilərimizi görəcəyik.

    Səbuhi Musa

    Güləş

    "Ola bilsin ki, gələn il Azərbaycan çempionatında qadınlar da güləşsin" – Pərvin Piriyev

    14.01.2026 19:51:00
    Futbol

    "İnanıram ki, Qara Qarayev bizə uğur gətirəcək" – Millimizin baş məşqçisi

    12.01.2026 12:08:52
    Top oyunları

    "Özümüzü yenidən kubokun sahibi kimi görürük" - Bakı klubunun legioneri

    6.01.2026 15:08:57
    Müsahibə

    "Kişilər sərt yanaşma tələb edir, qadınlar isə incə dəstəyə ehtiyac duyur" - Nicat Abasov

    26.12.2025 12:12:38
    Cüdo

    "Yeni ilə yeni çəki dərəcəsində başlayacağam" - Avropa çempionu

    24.12.2025 17:10:22
    Müsahibə

    "Orada bizə 3500 manat qiymət oxudular" – Klub prezidenti gileyləndi

    24.12.2025 09:06:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Yeni transferlərdən razı qaldım" – Kaxaber Sxadadze

    14.01.2026 21:58:52

    "Gələn həftə komandamıza yeni qatılan oyunçular olacaq" – Bölgə təmsilçisinin baş məşqçisi

    14.01.2026 21:34:31

    Azərbaycan Kuboku: Daha 2 komanda 1/4 finalda

    14.01.2026 21:19:09

    AFFA ilə FIFA arasında müqavilə imzalandı

    14.01.2026 20:07:42

    "Ola bilsin ki, gələn il Azərbaycan çempionatında qadınlar da güləşsin" – Pərvin Piriyev

    14.01.2026 19:51:00

    "Uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin" – "Araz-Naxçıvan"ın baş məşqçisi

    14.01.2026 18:11:29

    UEFA paylaşdı: Emin Mahmudovdan inanılmaz qol - VİDEO

    14.01.2026 17:41:08

    "Qəbələ" "Araz-Naxçıvan"a da qalib gəldi

    14.01.2026 17:12:24

    "Qarabağ"ın rəqibində qalmaqal: Komandanın çıxışı tənqid olundu

    14.01.2026 16:40:22

    Cənubi Azərbaycan klubunun sabiq futbolçusu öldürüldü

    14.01.2026 16:09:26

    Kot d`İvuar millisinin müdafiəçisi "Qəbələ"də

    14.01.2026 15:38:39

    Azərbaycanlı hakim "Srvena Zvaezda"nın oyununda

    14.01.2026 15:21:31

    Bu klub Azərbaycan çempionatından kənarlaşdırıldı

    14.01.2026 14:56:17

    AFFA-nı təhqir edən klub prezidentinə 10 oyunluq cəza

    14.01.2026 14:34:03

    Monteneqro klubunun baş məşqçisi Qurban Qurbanovun yanına gəlir

    14.01.2026 14:15:03
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved