Şimali Makedoniyanın paytaxtı Skopyedə 20 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının B divizionunda millimizin tutduğu yer məlum olub.
Prosport.Az xəbər verir ki, millimizin 17 və 20-ci yerlər uğrunda apardığı mübarizədə sonuncu oyunu Albaniya seçməsinə qarşı baş tutub. Bu görüşdə millimiz rəqibinə 59:65 hesabı ilə məğlub olaraq Avropa çempionatını sonuncu pillədə tamamlayıb.
Bununla da Anar Sarıyevin baş məşqçisi olduğu komandamız bütün görüşlərini məğlub başa vurub. Komandamız bundan əvvəl İsveçə 50:102, Ukraynaya 57:94, Kosovoya 71:75, Gürcüstana 66:81, Niderlanda 63:78 və Slovakiyaya 47:61 uduzub.
Qeyd edək ki, Avropa çempionatı B divizionunun final oyunu ev sahibi Şimali Makedoniya ilə Çexiya millisi arasında keçiriləcək. Bu görüş Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq

