Macarıstanın Tata şəhərindəki Olimpiya Kompleksində Azərbaycan komandasının da qatıldığı Avropa Cüdo İttifaqının (EJU) düşərgəsinin açılış mərasimi olub.
Prosport.Az xəbər verir ki, qurumun prezidenti Laslo Tot açılış nitqində bu düşərgənin təkcə Avropa çempionatına deyil, həm də iyunun əvvəlində Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq baxımından əhəmiyyətini vurğulayıb.
O, həmçinin Los Anceles-2028 yolunda yeni Olimpiya dövrünün başlanğıcını qeyd edib.
Tədbirdə Paris Olimpiadasının çempionları və medalçılarının təltif edilməsi mərasimi də keçirilib. Onların bir çoxu hazırda Tatada olduğundan, EJU tərəfindən ehtiram əlaməti olaraq onlara xüsusi xatirə lövhəsi verilib.
Tot Olimpiya çempionlarımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevə (100 kq) də həmin mükafatları təqdim edib.

