"Qalatasaray"ın basketbol komandası 1957-ci ildə Bakıda olub.
Prosport.Az-ın xəbərinə görə, bu barədə Müsəllim Həsənovun müəllifi və aparıcısı olduğu "XX Yüzillik: Faktlar, hadisələr və insanlar" verilişində məlumat gedib.
Düzdür, qısa süjetdə səhvən Türkiyə millisinin Bakıya gəldiyi vurğulansa da, əslində o vaxt Azərbaycana yoldaşlıq matçı üçün gələn komanda "Qalatasaray" olub. Hətta orada "Qalatasaray"ın İcraiyyə Komitəsinin yeni baş katibi, FIFA İcraiyyə Komitəsinə üzv olan ilk türkiyəli, 2012-ci ildə dünyasını dəyişmiş Necdət Çobanlı Bakıda nitq ilə çıxış edib.
Maraqlıdır ki, iyulun 23-də keçirilən oyun qapalı məkanda yox, açıq havada – o vaxt Stalinin adına adlandırılan indiki Respublika stadionunda keçirilib. Qarşılaşmadan Bakı komandası 45:35 hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, məhz o vaxt Azərbaycan SSR və Türkiyə arasında yaranan istiliyin bariz nümunəsi olaraq 3 il sonra "Neftçi" və "Qalatasaray"ın futbol komandaları arasında da eyni məkanda daha bir yoldaşlıq matçı keçirilib. Həmin görüşdə də "Neftçi" 3:1 qalib gəlib.

