Portuqaliyanın Odivelaş şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız qızıl medal qazanıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan komandası Niderland yığmasını 4:1, Almaniyanı 4:2 və yarımfinalda İtaliya millisini 4:2 hesabı ilə məğlub edib.
Cüdoçularımızın final görüşündə rəqibi Fransa komandası olub. İdmançılarımız Fransa yığmasına 4:3 hesabı ilə qalib gələrək yarışın qızıl medallarını və kubokunu qazanıb.
Bu, Avropa çempionatlarının komanda yarışlarında qazandığımız ilk qızıl medal kimi tarixə düşüb.
Qeyd edək ki, millimiz fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal qazanıb və medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.

