"Qarabağ" Akademiyasının meneceri Nail Kərimov Prosport.Az saytına geniş müsahibə verib. Sabiq həmkarımız ilin yekunları ilə bağlı çalışdığı Akademiyada gedən işlərdən, problemlərdən və beynəlxalq turnirlərdə iştirak imkanlarından danışıb.
– Oktyabrda Barselonada Yohan Krayf İnstitutunda futbol menecmenti üzrə magistr təhsilinizi başa vurdunuz. İstərdim ki, müsahibəyə elə bu təhsillə başlayaq...
– Həmin institut onlayn idman təhsili üzrə dünyada 2-ci, Avropada 1-cidir. Mənim təhsilim 1,5 illik idi. İdman marketinqi, strategiyanın qurulması, menecerlər üçün futbol, futbol tədbirlərinin təşkili və s. üzrə 14 modul vardı. Məndə istiqamət futbol menecmenti idi. Ötən ilin martında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə birgə "Qəbələ" klubunda işləyərkən bu təhsilə başlamışdıq. Təşəbbüs 2022-ci ilin sentyabrında Anardan gəlmişdi, klub prezidenti Fariz Nəcəfov tərəfindən də dəstəklənmişdi. Çətin günlərində olsa da, maliyyə tərəfini "Qəbələ" qarşılamışdı.
– Son səfərin xərcini bəs?
– "Qarabağ". Tale elə gətirdi ki, Anarla birgə "Qəbələ"dən sonra "Qarabağ"da da işləməli olduq. Bizim klubdan hazırda 2 nəfər – beynəlxalq əlaqələr üzrə menecer Fərid Ağayev və bilet və marketinq üzrə menecer Yusif Cəfərov da orada təhsil alır. Onlar bizdən 1 il sonra təhsilə başlayıb. Bu o deməkdir ki, "Qarabağ"ın Yohan Krayf İnstitutunu bitirən 4 əməkdaşının "Qarabağ" üçün müəyyən faydası dəyəcək. Biz ölkə olaraq Avropa trendindən geridəyik. Futbolda da həmçinin. Biz bu təhsil müddətində Avropada futbola tətbiq olunan hər nə varsa, onu bildik. Müəyyən vaxtdan sonra bunları öz klubumuzda da tətbiq edəcəyik.
– Ötən il hədəf qrupu kimi əsasən "Qarabağ"ın 13, 14 və 15 yaşadək komandaları nəzərdə tutulurdu. Onlar Azərbaycan çempionu oldu. Bu il üçün də həmin komandalar hədəf qrupu hesab olunur?
– 13 hədəf qrupumuz var: U-7-dən əvəzedici komandaya kimi. Əgər hansısa komandamızda 1 istedadlı futbolçu varsa və o gələcəkdə A komandasına namizəd gözü ilə görülürsə, deməli, o komandamız da hədəf qrupuna aiddir.
– Klubun strategiyasında əsas hədəf A komandaya oyunçu yetişdirmək, yoxsa "Ayaks" nümunəsi kimi futbolçunu Avropaya satmaqdır?
– Ümumiyyətlə, böyük klub olmaq üçün yaxşı akademiyan olmalıdır. İlk növbədə struktur cəhətdən yaxşı təşkilatlanmalısan. 2-cisi, maddi-texniki təminat yerində olmalıdır. Bu ildən U-19 komandamızda GPS sistemi istifadə olunmağa başlayıb. 3-cüsü, bazan olmalıdır. Hazırda "Qarabağ" Akademiyası bu prosesdən keçir.
– Ancaq baza məsələsi dalana dirənib...
– Onun üzərində iş gedir. O məsələ barədə mətbuatdan hər şey bəllidir, yenidən açıqlamağa ehtiyac yoxdur... Bizim U-14-dən yuxarı komandalarımız "Sərhədçi" İdman Mərkəzində, U-13-dən aşağılar Tofiq Bəhramov adına Respublika stadionundakı kiçik meydançalarda məşq keçirdi. Artıq U-12 və U-13 komandamızı da "Sərhədçi"yə göndərmişik. Meydança məsələsi ilə bağlı bəzi planlarımız var. İstəyirik ki, digər komandalarımızı da ora göndərək. Əvvəla, oranın meydançasının örtüyü yeni salınıb. 2-cisi, fiziki cəhətdən bir neçə yerdə olmaq mümkün deyil. Akademiyanın koordinatoru Aftandil Hacıyevin əsas istəyi odur ki, hamını bütün məşqlərdə görsün. Ona görə də istəyirik ki, vahid bir yerə toplanaq. "Sərhədçi" bizim üçün daimi baza ola bilməz. Ancaq bugünkü gündə əlimizdə olandan maksimum yararlanmağa çalışırıq. Mənə görə, biz bu təşkilatlanmanı bitirdikdən sonra akademiya ilə bağlı strategiya daha da aydın olacaq. Əvvəl də buradan futbolçu əsas komandaya yüksəlib. Məsələn, Nəriman Axundzadə buradan çıxıb. Toral Bayramov U-16-dan "Qarabağ"da olub. Təmkin Xəlilzadə "Qarabağ"ın aşağı yaş qrupunda oynayıb. Ancaq 1-2 nəfərin üzə çıxması o deməkdir ki, burada iş davamlı qurulmayıb. Bu təşkilatlanma bitdikdən sonra minimum-maksimum hədəflərimizi müəyyənləşdirəcəyik.
– "Azərsun" şirkətinə məxsus "Sabis Sun Arena"da bir neçə dəfə oyun izləmişəm. Oranın meydançası çox xoşuma gəlib. Niyə davamlı şəkildə təbii örtüyə malik o stadionda oyunlarınızı keçirmirsiniz?
– Əvvəla, oranı daimi istifadə etmək ehtimalımız yoxdur. Çünki ora "Sabis Sun" Beynəlxalq Məktəbin stadionudur, şagirdlərə görə salınıb. Boş olduqca biz də oradan istifadə etməyə çalışırıq. Qış aylarında oradan istifadə etmək çətindir, çünki meydançanın ətrafları açıqdır, üstəlik peşəkar drenaj sistemi yoxdur. Üzü yaza doğru oradan istifadə etmək mümkündür.
– AFFA-ya baza məsələsində sizə köməklik etməsi üçün müraciət etmisinizmi?
– Mən burada işlədiyim müddətdə belə bir şey olmayıb. Ancaq bilirəm ki, AFFA rəhbərliyi ilə görüşlər zamanı əsas mövzulardan biri yerin tapılması, inşası məsələsi olur. Mənə elə gəlir ki, yer tapılsa, maksimum 1-2 il ərzində çox yaxşı akademiya bazası salmaq mümkündür. Bu baza Suraxanı qəsəbəsində olsa, bu daha yaxşı olar. Kommunikasiya, nəqliyyat xərcləri baxımından Suraxanıda olması əlverişlidir.
– Bəlkə də bu sual Aftandil Hacıyevə verilməlidir. Adətən komandasını çempion edən məşqçi növbəti il də komandasının sükanı arxasında olur. Ancaq sizdə fərqli qərarlar verildi. Məsələn, ötən mövsüm U-15 komandasını çempion edən Vüqar Əsgərli bu il U-16-ya çevrilən kollektivi yox, U-19-u çalışdırmağa başladı...
– U-19 komandamızı nisbətən peşəkarlaşdırmağa çalışmışıq. Bayaq dediyim kimi, əsas komandada olduğu kimi GPS sistemi onların üzərinə yerləşdirilir. Məşqçi sayını orada artırmışıq. "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində oynamaq ehtimalına görə, U-19-un da UEFA Gənclər Liqasında çıxış edə biləcəyini nəzərə almışıq. Bu mövsüm U-19 üçün parlaq olmaya bilər. Çünki komandaya yeni oyunçular qoşulub. Akademiyamızın ən təcrübəli məşqçilərindən biri Vüqar Əsgərlidir, Pro kateqoriyasına malikdir, Premyer Liqada çalışıb. Ona görə də qərara gəldik ki, ən təcrübəli məşqçimizi U-19-a təyin edək. Növbəti mövsüm U-19-dan daha parlaq çıxış gözlənilir. Çünki indiki U-17-də istedadlı futbolçular çoxdur. O futbolçuların U-19-a qoşulması həmin komandanı daha yaxşı vəziyyətə gətirəcək. Digər komandalara gəlincə, çempionluq önəm daşımır. Məsələn, Rəşad Sadiqovun çalışdırdığı komanda finalda uduzub çempion ola bilməsə də, o bu mövsüm də həmin kollektivi çalışdırır. Ancaq bu komandanı çempion kimi gördük. Çünki koordinatorumuzun istədiyi futbolu sərgiləyirlər. Mövsümün əvvəlində AFFA-nın imkanları ilə həmin komandanın oyunçularını fiziki testdən keçirdik, necə artırdıqlarını gördük.
Ümumiyyətlə, akademiyada vahid məşq sistemi varsa, futbolçulara məşqçi dəyişikliyi təsir etmir. "Qarabağ"da bunun olması üçün işlər görülür. Yəqin ki, 2-3 ilə bu vahid sistem oturuşacaq.
– Vahid sistem deyərkən, yəqin ki, "Qarabağ"ın oyun üslubu əsas götürülür. Qurban Qurbanovla bu yöndə mütəmadi görüşlər olur?
– Bu gün hələ bu mərhələyə gəlib çatmamışıq. Ancaq buna hazır olanda, gələcəkdə bunu da etmək istəyirik. İnanıram ki, məşqçilərimiz üçün Qurban müəllimin təcrübəsi müsbət bir hal olacaq. Bu gün biz ödənişli platformalardan məşq metodlarını götürürük. Bu məsələlərlə texniki heyətimiz və koordinatorlar məşğul olur.
– Aşağı yaş qrupu üzrə liqalarda hakimliyin səviyyəsi sizi nə dərəcədə qane edir?
– Bu dəqiqə uşaq futbolunda o qədər böyük problemlər var ki, hakimliyin onların yanında kiçik məsələ olduğunu düşünürəm. Bəli, nəticələrə təsir edən hakim səhvləri olur. Uşaq futbolundakı hakimlik problemlərin 1-2%-ni təşkil edir. Bu, daha sonra unudulan məsələdir. Akademiyada futbolçu necə bu idmanın sirlərinə yiyələnirsə, peşəkar hakim də belə liqalarda idarəçiliyi öyrənir. Ona görə də səhv qaçılmazdır. Sadəcə, hakimlər bəzən reqlamenti, oyunda neçə əvəzetmə olduğunu bilmir.
– Bəs böyük problemlər kimi hansıları nəzərdə tutursunuz?
– Təsəvvür edin ki, aşağı liqada ən yaxşı meydança "Sərhədçi"dirsə, görün, o biri klubların ev oyunlarını keçirdiyi stadionlar hansı vəziyyətdədir?! Bəzən uşaqlar 1 stadion olduğu üçün axşam 10-11-də məşq keçməli olur. Onların evə getməsi, səhər dərslərini oxuması, yatması var. Uşaq məşqçilərinin maaşı çox aşağıdır. Forma təminatı çox zəifdir. Nəqliyyat məsələsində problemlər var. Komandaların əksəri səfər oyunlarına matç günündə gedir. Qidalanma zəifdir. Ölkədə fiziki hazırlıq üzrə məşqçi, idman həkimi qıtlığı var.
– AFFA İnkişaf strategiyası ilə bağlı sizin fikrinizi öyrənib?
– Xeyr. Öyrənilsə, bildiklərimizi deməyə hazıram. Bəzən mətbuatda tez-tez rast gəlirik ki, uşaq futbolu düzəldilməlidir. Məncə, ölkədə futbolun niyə bu vəziyyətdə olmasında uşaq futbolundakı problem çox cüzilik təşkil edir. Əsas problem azarkeşlərin stadionlara gəlməməsidir. Deyilir ki, keyfiyyətli futbol olsun ki, azarkeş gəlsin. İndoneziyada keçirilən futbolun keyfiyyəti bizimkindən çoxmu yaxşıdır? Orada stadionlar dolu olur. Azarkeşin stadionu doldurduğu oyunlarda futbolçunun performansı da yaxşı alınır. Tamaşaçı klubun yaşaması üçün olan vasitədir.
– Ötən mövsüm "Qarabağ"ın aşağı yaş qrupları üzrə komandaları Belarus, Estoniya kimi ölkələrə gedirdisə, indi artıq daha çox Qərbə doğru yönəlməyə çalışırsınız...
– Mümkün olduğu qədər, bəli.
– Bunu onunla əsaslandırmaq olarmı ki, məsələn, artıq Minskdəki "Bizim gələcəyimiz" adlı turnirin səviyyəsi sizi qane etmir?
– Bizi qane etmir deməzdim. Çünki biz özümüz də yüksək səviyyədə akademiya deyilik ki, hansısa turnirin keyfiyyətini bəyənməyək. Sadəcə, daha yaxşısını etməyə çalışırıq. Minskdəki turnirdə rəqiblər bizimlə bərabər səviyyədə olan komandalardır. Amma həmin maddi vəsaitə biz daha çətin turnirlərə gedə biləriksə, bunu yoxlamaq istəyirik. Hazırda turnir təşkilatçıları ilə danışıqları belə qururuq ki, təyyarə biletini özümüz ödəyək, qidalanma və qalma xərcləri onlar tərəfindən qarşılansın. Həm şəxsi əlaqələrimiz, həm də "Qarabağ"ın beynəlxalq nüfuzu bunu etməyə imkan verir. Məsələn, bu il U-16 komandamızla İtaliyadakı "Blue Devils Cup" turniri zamanı gördük ki, belə turnirlərə gəlmək bizə daha çox xeyir verir, zəif nöqtələrimizi bizə daha çox göstərir. Belə turnirlər səhvən güclü bildiyimiz oyunçunun əslində nəyə qadir olduğunu və ya əksinə, potensialını bilmədiyimiz futbolçunun əslində istedadını görməyə imkan verir. Ola bilər ki, qarşıdakı 1 il ərzində belə turnirlərə gedib, sonuncu pillələri tutaq və kubok, medal gətirə bilməyək. Kubok və medal futbolçu üçün motivasiya olsa da, özümüz-özümüzü aldada bilmərik. Yerli çempionatdakı hesabları siz bizdən də yaxşı bilirsiniz... Beynəlxalq turnirlər futbolçuları şəxsiyyət kimi də formalaşdırır. Milli komandaya çağırılarkən daha nisbətən təcrübəli olurlar. Ola bilsin ki, 2025-ci ildə də vəziyyətdən asılı olaraq, bizim 2-3 komandamız martda "Bizim gələcəyimiz" adlı turnirdə iştirak etsin. Amma mümkün qədər çalışırıq ki, üzümüzü Qərbi Avropaya tərəf – daha güclü turnirlərə çevirək. Bir neçə danışıq apardığımız belə turnir var. Yekunlaşdıqca, ictimaiyyətə də bu haqda məlumat veriləcək.
– Hansısa turnir varmı ki, bu artıq 99% dəqiqdir?
– Məsələn, Polşada U-11 komandamız üçün "Murapol Cup" turnirinin təsdiqini almışıq. Bizi ora dəvət ediblər. Bu turnir mayın sonlarında keçiriləcək.
– İsveçdə "Hekken" klubunun təşkil etdiyi "Gothia Cup"da iştirakınız necə, dəqiqləşməyib?
– Bizi dəvət ediblər. Yarış iyulda olacaq. U-17 komandamız ora getməlidir. Təşkilatçılar qalmaq xərcimizi qarşılayacaq. Ancaq ora getmək barədə yekun qərarımızı verməmişik. Çünki Fransanın Brest şəhərindəki turnirdə və ya Macarıstandakı "Puskás Cup"da da iştirak etmək ehtimalımız var.
– Belə başa düşürəm ki, sentyabrın əvvəllərində keçirilmiş Neapoldakı turnirdən yaxşı təəssüratlarla qayıtmısınız. O zaman gələn il də "Blue Devils Cup"da iştirak nəzərdə tutulubmu?
– Məhz həmin turnir ola da, olmaya da bilər. Ancaq yenə U-16 komandamızla İtaliyadakı turnirdə çıxış etməyimiz mümkündür.
– Sentyabrda "Qarabağ"ın U-12 komandası "Ulduz" Futbol Akademiyasının təşkil etdiyi beynəlxalq turnirdə iştirak etsə də, sonuncu oldu. Düzdür, bu yaş qrupunda nəticə o qədər də önəm kəsb etməsə də, böyük hesablı məğlubiyyətlərin qeydə alınmasından sonra hansısa addımlar atıldımı?
– Mövsümün əvvəlində bu komandada məşqçi və heyət dəyişikliyi olmuşdu. Biz o komandanın zəif çıxış edəcəyini bilirdik. Ancaq qorxacağıqsa, onda gərək heç bir turnirə qatılmayaq. Göz önünə aldığımız nəticələr qeydə alındı. Hələ ki bu komandanı dəyişməyə çalışırıq. Bəzi yaş qruplarımızda "təmir" prosesi gedir. Daha yaxşı olacağına şübhəmiz yoxdur. Hətta planlaşdırmışıq ki, həmin yaş qrupu üçün də bir beynəlxalq yarış da təşkil edək.
– Ötən ilin oktyabrında "Qarabağ"la EFA (European Football Academy) arasında əməkdaşlığa dair müqavilə imzalandı. Bu əməkdaşlıq kluba nə verdi?
– Bu il onlardan 6 futbolçu götürmüşük. Bu oyunçuların 4-ü U-19, 1-i U-17 və 1-i U-16 komandamızdadır.
– Demək istədiyim odur ki, EFA çempionatda böyük hesabla uduzan komandalardandır. Oradan götürülən futbolçuların "Qarabağ" Akademiyasına nə dərəcədə xeyri dəyir?
– Toni Adams "Qəbələ"də çalışanda deyirdi ki, "Arsenal"ın aşağı yaş qruplarında çıxış edərkən, komandamız həmişə sonuncu pillələrdə qərarlaşırdı, rəqiblərə böyük hesablarla uduzurdu. Ancaq o komandadan Adams, Martin Kioun kimi futbolçular çıxdı... Düzü, EFA-nın özünün nəticələrini izləmirəm. Ancaq oradan bəyənib götürdüyümüz futbolçular yaxşıdır. Demirəm ki, gələcəkdə hər biri "Qarabağ"ın əsas komandasına kimi yüksələ biləcək. Ancaq akademiya səviyyəsində rəqabət gətirəcək futbolçulardır. Ad çəkməyəcəyəm. U-19-da çıxış edən bu futbolçulardan biri əsas komandamıza yüksəlmək potensialındadır.
Səbuhi Musa