3x3 basketbolu üzrə Azərbaycan milliləri Kiprin Limassol şəhərində təşkil olunacaq Avropa Kubokunun seçmə mərhələsində iştirak edəcəklər.
Federasiyadan Prosport.Az-a verilən məlumata görə, serb əsilli bosniyalı baş məşqçi Aleksandar Vlaxoviçin rəhbərlik etdiyi kişilərdən ibarət komandamız A qrupunda meydan sahibləri ilə yanaşı, Lüksemburq və Malta yığmaları ilə də üz-üzə gələcək.
Millinin heyətində Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Zaur Paşayev və Endər Poladxanlı yer alacaq.
Qadınlardan ibarət kollektiv isə serbiyalı mütəxəssis Ratomir Deliçin rəhbərliyi altında A qrupunda İrlandiya və Malta seçmələri ilə görüşəcək. Komandada Tatyana Deniskina, Aleksandra Molenhauer, Mersedes Voker və Dina Ulyanova olacaq.
Qeyd edək ki, qarşılaşmalar 17-18 iyunda gerçəkləşəcək. Avropa Kubokunun əsas mərhələsi 5-7 sentyabrda İsrailin Qüds şəhərində baş tutacaq.

