Turnir cədvəl
Neftçi PFK

Topaz Premyer Liqası
  • Komanda
  • Oyunlar
  • Oyunçular
  • Şəkillər
Turnir cədvəl
Şəhər: Bakı
Club: Neftçi PFK
Stadion: Bakcell Arena

"Neftçi" Peşəkar Futbol Klubu — Azərbaycanın paytaxtı Bakı şəhərini təmsil edən,Azərbaycanın ən uğurlu peşəkər futbol klubudur. "Neftçi" klubu "Qarabağ" klubu ilə yanaşı bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir. "Neftçi" komandası ölkə miqyasında bütün yarışlarda rekorda malikdir. Beləki, 8 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olmuşdur. Həmçinin, komanda beynəlxalq miqyasda 1 dəfə Birlik Kubokuna sahib olmuşdur; bu Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk kubok olmuşdur.

 

 

2012-ci ildə, "Neftçi" UEFA Avropa Liqasının pley-off mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4-2 hesabıyla məğlub edərək yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olmuşdur."Neftçi" əzəli rəqibi,Gəncənin Kəpəz klubundan sonra,ölkədə ən yüksək azarkeş sayına sahib futbol klubudur."Neftçi" komandası öz ev oyunlarını Bakcell Arenada keçirir. Klub həmçinin "Avropa Klub Assosiasiyası"nın (ECA) həqiqi üzvüdür.

 

1930-cu illər

 

1922-ci ildən SSRİ birincilikləri şəhərlərin yığma komandalarının iştirakıyla keçirilirdi. 1937-ci ildən isə qərara alındı ki, çempionat klub komandalarının iştirakıyla təşkil edilsin. Həmin vaxt Azərbaycan SSR-də bir neçə sahənin təmsilçisi olsa da, neft sahəsi sanki unudulmuşdu. Halbuki həmin dövrdə Bakı artıq neft şəhəri kimi şöhrət qazanmışdı. Buna görə də "qara qızıl" sahəsində çalışanlar tezliklə 18 mart 1937-ci ildə futbol komandası yaratdılar. Ad üzərində də çox fikirləşmək lazım gəlmədi. Elə öz adlarını da komandaya verdilər. Amma həmin dövrdə rus dili daha işlək olduğundan komanda əvvəlcə "Neftyannik" adlandırıldı. Komandanın geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanələr əks olundu. Emblemdə neft buruğunun fonunda kiril əlifbasının "H" hərfi - "Neftyannik" sözünün birinci hərfi idi. Təbii ki, "qara qızıl"ın da rəngi formanın əsasını təşkil etdi. Həmin dövrdə neftlə bərabər "ağ qızıl" adlandırılan pambıq da Azərbaycan SSR-in şöhrətlənməsində neftdən az rol oynamadığından qərara alındı ki, pambığın rəngi də formada əks olunsun. O vaxtdan Azərbaycan futbolunun tarixinə çevrilən "Neftçi" ağ-qara rənglərə sadiq qaldı.

 

"Neftçi" ilk rəsmi matçını 24 may 1937-ci ildə keçirib. Bu həmçinin, komandanın debüt oyunu idi. SSRİ Kubokunun 1/64 finalında o zaman "Neftyannik" adlanan komanda Bakının "Dinamo" stadionunda 5 min azarkeşin izlədiyi matçda İrəvan "Dinamo"sunu 1:0 hesabı ilə məğlub etmişdir. Pavel Ştirlinin 87-ci dəqiqə vurduğu qol "Neftçi"nin tarixində ilk qol idi. Həmin oyunun hakimi gürcüstanlı Nikolay Larionov olmuşdur.

 

Yarandığı ildən SSRİ çempionatının "Q" qrupunda çıxış edən komanda debüt ilində 12 komanda arasında 11-ci yeri tutdu. Həmin il SSRİ kuboku uğrunda yarışlarda isə "Neftçi" 1/64 finalda Yerevanın, 1/32 finalda isə Batuminin "Dinamo" komandalarına qalib gəlsə də, 1/16 finalda "Dinamo Tbilisi" klubuna uduzaraq mübarizəni dayandırdı. 1938-1941-ci illərdə "Neftçi" Azərbaycan və Zaqafqaziya birinciliklərində iştirak etdi. Müharibənin başlaması ilə əlaqədar olaraq, futbolçular da Böyük Vətən müharibəsinə yollandılar. Müharibədə həlak olanlar arasında müharibəyəqədərki dövrdə komandanın şərəfini qorumuş Mirmehdi Ağayev də vardı. 1938-ci ildə SSRİ kubokunda iştirak edən "Neftçi" zona yarışlarındaca yenildi.

 

 

1940-1960-cı illər

 

Müharibə sona yaxınlaşdıqca artıq komanda da fəaliyyətini bərpa edirdi. 1944-cü ildə "Neftçi" yenidən Azərbaycan birinciliyinə qayıtdı və bir il sonra respublika çempionu oldu. 1946-cı ildə SSRİ çempionatının 2-ci Cənub yarımqrupunda çıxış edən "Neftçi" 1947-ci ildə ikinci qrupda 4-cü yerə yüksəldi. Növbəti mövsüm 17 yaşlı Ələkbər Məmmədovun debüt ili oldu.

 

1949-cu ildə güclülər dəstəsini genişləndirmək qərarı nəticəsində "Neftçi" də A qrupunda debüt etdi. Həmin heyətə sonralar tanınmış hakimə çevrilən Tofiq Bəhramov və məşhur Ələkbər Məmmədov da daxil idi. "Neftçi" A qrupu tarixində ilk oyununu o vaxt Lenininin adını daşıyan indiki "İsmət Qayıbov" stadionunda HHQ (Hərbi Hava Qüvvələri) ilə keçirib. Bu tarixi matçda komanda 1:0 hesabı ilə qalib gəlib. SSRİ çempionatının A qrupunda ilk qolu isə Viktor Anoşkin vurub.

 

 

Çempionatın startı sensasion oldu. Beş turdan sonra birinci pilləyə "Neftçi" yüksəlmişdi. Lakin təcrübəsizlik tezliklə özünü göstərdi və yekunda komanda 14-cü oldu. "Neftyannik" sözünün "Neftçi"yə çevrilməsi Mərkəzi Komitədə ideoloji şöbənin katibi Cəfər Cəfərovun təşəbbüsü ilə olmuşdur.

 

"Neftçi" SSRİ çempionatlarında ən böyük uğurlarından birini 1966-cı ildə qazandı. Klub vaxtilə "kiçik Avropa çempionatı" adlanan SSRİ çempionatının güclülər dəstəsində fəxri kürsüyə yüksələn ilk və yeganə Azərbaycan klubudur. Əhməd Ələsgərovun başçılıq etdiyi "Neftçi" həmin il SSRİ çempionatının bürünc medalına sahib çıxdı.

 

 

1990-cı illər

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da futbol həvəskarları "Neftçi"nin timsalında parlaq oyununun şahidi oldular. Təsadüfi deyil ki, 1992-ci ildə futbol üzrə ilk milli Azərbaycan çempionatında qızıl medallar məhz "Neftçi"yə qismət oldu. Paytaxt komandasına çempion titulunu Əhməd Ələsgərov qazandırdı. Növbəti nailiyyət bundan 3 il sonra əldə edildi. "Neftçi" 1995-ci ildə Vaqif Sadıqovun rəhbərliyi altında ölkə kuboku uğrunda yarışda bütün rəqiblərini üstələdi. 1995/1996 mövsümünü isə "Neftçi" üçün unudulmaz çempionatlardan biri kimi xarakterizə etmək mümkündür. Çünki klub həmin mövsümü həm ölkə çempionu, həm də ölkə kubokunun qalibi kimi "qızıl dubl"la başa vurdular. Çempionluqla yanaşı, ölkə kubokunun qazanılmasında 3 məşqçi - Vaqif Sadıqov, Asif Əliyev və Kazbek Tuayevin əməyi keçdi.

 

Vaqif Sadıqov həmçinin "Neftçi" klubuna 1993 və 1995-ci illərdə Azərbaycan Superkubokunu da qazandırmışdır.

 

"Neftçi" 3-cü dəfə 1997-ci ildə çempion adına layiq görüldü. Lakin AFFA yekunda əsas və yeniyetmə komandaların topladığı xalların cəmini əsas götürərək, qızıl medalları "Qarabağ"a verdi. Hər halda, ədalət öz yerini tapdı. UEFA çempion qismində "Neftçi"ni tanıdı və Çempionlar Liqasında iştirak hüququna da flaqman yiyələndi.

 

1999-cu ildə növbəti dəfə "Neftçi" klubu ölkə kubokunu Kazbek Tuayevin sayəsində qazandı.

 

 

2000-ci illər

 

2004-cü ildə ağ-qaralar ikinci dəfə “qızıl dubl”a imza atdılar. Kazbek Tuayevin yetirmələri 2004-cü ildə həm milli çempionatda, həm də ölkə kubokunda hamıdan güclü oldular.

 

2005-ci ildə Ağasəlim Mircavadovlu "Neftçi" çempionatın sonunda "Xəzər Lənkəran" klubu ilə eyni xal yığdığı üçün çempionu müəyyənləşdirmək üçün "Qızıl oyun" keçirildi. Gəncə şəhər stadionunda keçirilən oyunda ağ-qaralar "Xəzər-Lənkəran"ı 2:1 hesabı ilə üstələyərək, ardıcıl ikinci dəfə çempionluğu bayram etdi.

 

 

Bundan başqa, flaqman beynəlxalq turnirlərdə də ölkəmizi layiqincə təmsil edib. "Neftçi" avrokuboklarda ilk dəfə qələbə qazanıb (1996-cı ildə Bakıda Bolqarıstan "Lokomotiv"i üzərində 2:1 hesablı qələbə), Çempionlar Liqasında 2 il ardıcıl mərhələ adlayıb (2004/05 və 2005/06 mövsümlərində), avrokuboklarda ilk səfər qələbəsinə nail olub (2005-ci ildə İslandiyada “Hafnarfyordur” üzərində 2:1 hesablı qələbə), avrokuboklarda iki mərhələ adlayan ilk komanda olub (2008-ci ildə İntertoto Kubokunda).

 

 

Flaqman, həmçinin “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” uğrunda yarışda ilk dəfə finala yüksələn (2005-ci il) və ilk dəfə baş mükafata sahib çıxan (2006-cı il) Azərbaycan klubudur.

 

2010-cu illər

 

2011-ci ildə flaqman Arif Əsədovun rəhbərliyi altında 6 ildən sonra sona 3 tur qalmış 6-cı dəfə Azərbaycan çempionu oldu. 2012-ci ildə ardıcıl ikinci mövsüm çempion olan "Neftçi" bu dəfə bunu Böyükağa Hacıyevin başçılığı ilə əldə etdi.

 

2011-12-ci il mövsümünün qalibi kimi Çempionlar Liqasına vəsiqə qazanmış "Neftçi" mübarizəyə ikinci mərhələdən başladı. Flaqman bu mərhələdə Gürcüstan çempionu "Zestafoni"ni iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdı. Bakıda keçirilmiş ilk matçda rəqibini 3-0 hesabı ilə məğlub etmiş komandamız səfərdə rəqibi ilə heç-heçə etdi. 2-2. Növbəti mərhələdə Flaqman İsrailin "Kiryat Şmona" klubuna uduzsa da, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək imkanı əldə etdi. Pley-off mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4-2 (1-1,3-1) məğlub etmiş Flaqman Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub oldu.

 

"Neftçi" Avropa Liqasının qrup mərhələsində, qitənin ən güclü 10 klubundan biri hesab edilən İtaliya "İnter"i, eləcə də Rusiyanın "Rubin" və Serbiyanın "Partizan" klubları ilə qarşılaşdı. "Partizan"la hər iki oyunda heç-heçə etmiş "Neftçi", "İnter"lə "Cüzeppe Meazza" stadionunda sülh bağladı:2-2

 

 

2012/2013 mövsümündə Böyükağa Hacıyevin ardıcıl 2-ci çempionluğu, komandanın isə ardıcıl 3 mövsüm çempion olması, bununla yanaşı, həm də ölkə kubokunu qazanması "Neftçi"nin Azərbaycan futbol tarixi ərzində 3-cü dəfə "Qızıl dubl" edən ilk komanda olmasına səbəb olmuşdur.

 

UEFA Çempionlar Liqasının 2013-2014 mövsümündə 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayan "Neftçi" Albaniyanın "Skenderbeu" komandasına iki oyunun nəticəsinə görə ümumi hesabda 0-1 hesabıyla məğlub olaraq yarışı erkən tərk etməli oldu. Məhz bu uğursuzluqdan sonra Böyükağa Hacıyev istefa verdi və komanda müvəqqəti olaraq Tərlan Əhmədovun başçılıq etdiyi məşqçilər korpusuna həvalə edildi.

 

2013-cü ildə Azərbaycan Superkubokunda əzəli rəqibi "Xəzər Lənkəran"-a minimal hesabla məğlub olan "Neftçi" Tərlan Əhmədovu istefaya göndərdi.2013-cü il oktyabrın 26-da "Neftçi" klubu Nazim Süleymanovu klubun baş məşqçisi təyin etdi. 2014-cü ilin yanvarın 8-də Nazim Süleymanov istefa verdi.

 

2014-cü il yanvarın 11-də yarım illik fasilədən sonra Böyükağa Hacıyev yenidən baş məşqçi təyin olundu. 2014-cü il mayın 22-də "Neftçi" klubu 6-cı dəfə Azərbaycan Kubokununa sahib oldu. Beləki, Böyükağa Hacıyevin yetirmələri ardıcıl olaraq 2-ci dəfə kuboku başı üzərinə qaldırdı.

 

2013-2014-cü il mövsümündə Kubokun qalibi olan komanda UEFA Avropa Liqasının II təsnifat mərhələsindən yarışa başladı. Neftçi ilk öncə Sloveniyanın Koper komandasını iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdı. Bakıdakı ilk matçda rəqibinə 1-2 hesabıyla məğlub olan komandamız səfərdə bunun əvəzini çıxdı. 2-0. Növbəti mərhələdə komandamız Gürcüstanın Çikura komandası ilə mübarizəyə davam etdi. Bakıdakı ilk oyunda qolsuz bərabərlik olsada komandamız səfərdə 3-2 hesabıyla layiqli qələbə qazandı və tarixində ikinci dəfə UEFA Avropa Liqasının Pley-Of mərhələsinə adladı. Bu dəfə komandamızın bəxtinə 2 il öncə qrup mərhələsindən bizə tanış olan Serbiyanın Partizan klubu düşdü. İlk oyun səfərdə keçirildi. Səfərdəki oyunda komandamız 2 erkən qol vursada sonrada 3 qol buraxdı və qələbəni əldən verdi. Cavab qarşılaşması da uğurlu alınmadı və komandamız 1-2 hesabı ilə məğlub olub Avropa macərasını Pley-Of mərhələsində başa vurdu. İkinci dəfə qrupa vəsiqə qazana bilməyən Böyükağa Hacıyev bundan sonra istefa verdi.

 

 

 

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.