“Formula-1”in təşkili üçün Azərbaycan 60 milyon dollar xərcləyəcək

Rusiyanın “Kommersant” qəzeti maraqlı iddia ilə çıxış edib.

Prosport.Az xəbər verir ki, nəşr bu ilin aprelində keçiriləcək “Formula-1” yarışının Azərbaycana 60 milyon dollara başa gələcəyini iddia edir.

Yazıda bildirilir ki, 2017-ci ilədək “Formula-1”ə rəhbərlik etmiş Berni Eklstoun tərəfindən qoyulmuş qaydalara əsasən hər növbəti mərhələ əvvəlkindən 5-10% baha olmalıdır.

Ancaq sözügedən nəşr onu qeyd edib ki, sentyabrın 8-də İtaliyanın Montsa şəhərində keçiriləcək Qran Priyə onun promouterləri yalnız 24 milyon dollar ödəmək istəyir. Halbuki Azərbaycan Qran Prisindən sonra keçiriləcək bu məbləğin məntiqlə daha çox olması lazım idi.

Qeyri-rəsmi mənbənin sözlərinə əsasən, sentyabrın 29-da Rusiyanın Soçi şəhərində keçiriləcək yarışın ilə təxminən 45 milyon dollara başa gələcəyi də qeyd olunub. Halbuki ortalama rəqəm 30,7 milyon dollar olmalıdır. Bununla belə, Rusiya promouterləri “Formula-1” brendinin hazırkı sahibinin qoyduğu “Liberti Media”dan narazı deyillər. 

Lakin Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai saytımıza açıqlamasında bu məlumatı nə təsdiq, nə təkzib edib. O sadəcə olaraq bildirib ki, bu xərclər konfidensial saxlanılır və onun mətbuata sızması mümkün deyil.

Qeyd edək ki, Böyük Britaniyanın paytaxtı Londonda “Formula-1” Promouterlərinin Assosiasiyasının (FOPA) görüşü olub. Burda 21 promouterdən 16-sı (FOPA-ya Rusiya, Monako, Bəhreyn, BƏƏ və Yaponiya daxil deyil – S.M.) qatılıb. Onlar “Liberti Media” əleyhinə bəyanat yayaraq bu qurumun iş prinsiplərini tənqid ediblər.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.