Sabunçu xəstəxanasında ölmüş Xamis Məmmədovun döyüş BİOQRAFİYAsı

Xəbər verdiyimiz kimi, Xamis Məmmədov adlı sabiq samboçu, qaydasız döyüş üzrə idmançımız 34 yaşında dünyasını dəyişib.
 
Prosport.Az bu dəfə onun kimliyi haqqında məlumat təqdim edir:
 
Azərbaycanın Sabirabad rayonunda doğulan X.Məmmədov idmana da elə orda başlayıb. O, Nazim Məlikov adlı məşqçinin rəhbərliyi altında postsovet məkanında məşhur olan döyüş sambosu ilə məşğul olub. Məhz onun uğurları da bu idman növündə olub.
 
2004-cü ildə N.Məlikov onu Dağıstanın paytaxtı Mahaçqalada keçirilən döyüş sambosu üzrə açıq birinciliyə aparır. Orda beş saniyəyə Nurməhəmmədov soyadlı Ukrayna təmsilçisini məğlub etməklə dünya rekordu qırır. Həmin yarışda döyüş sambosu üzrə dünya çempionu Fyodor Yemelyanenko da qalib olur. 
 
2007-ci ildə bu yarışda Xamis 68 kq çəki dərəcəsində hələ o vaxt o qədər də məşhur olmayan 19 yaşlı Həbib Nurməhəmmədovla qarşılaşır və ona qalib gəlir. Lakin Xamis həmin çempionatda finalda uduzaraq gümüş medal qazanır.
 
O daha sonra 2008-ci ildə universal döyüş üzrə Rusiyanın Kalininqrad şəhərində keçirilən dünya çempionatında gənclər arasında qalib olub. Xamis bununla da bu dünya çempionatında çempion olan yeganə azərbaycanlı kimi tarixə düşüb.
 
Daha sonra Xamis özünü MMA-da sınamaq qərarına gəlir. Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmodov vasitəsilə MMA-ya yolu açılan Məmmədov bir neçə döyüş keçirib.
 
İlk döyüşü 2008-ci ilin mayın 23-də Rusiyanın Yekaterinburq şəhərində baş tutur. O üç raundluq döyüşdə rusiyalı Şamil Zavurova hakimlərin qərarına əsasən uduzur. Həmin il Ukraynanın Poltava şəhərində Rüstəm Xabilova və 2010-cu ildə Sankt-Peterburqda Neva çayının üzərində (gəmidə) Ramazan Əndülcəlilovla qarşılaşıb. Hər iki görüşdə hakimlərin qərarına əsasən rusiyalı döyüşçülər qalib elan edilir.
 
Lakin o sınmır və döyüşlərini davam etdirir. 2010-cu ildən digər məşhur döyüş samboçumuz Bəxtiyar Abbasovun yarışdığı ProFC şirkəti ilə müqavilə bağlayır və orda yarışmağa başlayır. Həmin ilin 22 oktyabrında Kabardin-Balkariyanın paytaxtı Nalçikdə rusiyalı Həmzət Auşevi boğma fəndi ilə məğlub edərək MMA-da ilk qələbəsini qazanır.
 
Bundan sonra o ardıcıl yeddi qələbə qazanır. Ancaq bu döyüşlərin arasında Həbib Nurməhəmmədovla ikinci görüşü saymasaq. Tərəflər dörd ildən sonra yenidən rəsmi döyüşdə üz-üzə gəlir. 2011-ci ilin avqustun 5-də Rostovda Don çayının üzərindəki gəmidə baş tutan döyüşdə bu dəfə Həbib Xamisdən qisasını alır. Dağıstanlı idmançı birinci raundun 3 dəqiqə 51-ci saniyəsində Məmmədovu boğma fəndi ilə məğlub edir. Həmin məğlubiyyətdən sonra o bir də ProFC turnirində mübarizə aparmır.
 
O, 2012-2014-cü illərdə Odessa, Naxçıvan və Bakıda ardıcıl dörd görüşdə qalib olur. Onun sonuncu döyüşü Azərbaycan MMA Federasiyasının 2014-cü ilin 26 dekabrında Bakıda təşkil etdiyi Qran Pridə baş tutur. O ikinci raundda çeçen Ruslan Dadayevi nokauta salır. Maraqlıdır ki, Xamis bundan sonra bir də döyüşlərə çıxmır.
 
O, Sabirabada qayıdır və məişət problemləri ilə məşğul olmağa başlayır. Yeyib-içməklə arası yaxşı olan mərhum ara-sıra ovçuluq hobbisini nümayiş etdirir...  

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.