Fazil Məmmədovun işdən çıxardığı qudası federasiyaya geri qayıdır – AÇIQLAMA

Azərbaycan Güləş Federasiyasının sabiq I vitse-prezidenti Namiq Əliyev federasiyaya geri dönür.

Prosport.Az-ın verdiyi xəbərə görə, ötən ilin oktyabrında federasiya prezidenti Fazil Məmmədovun əmri ilə tutduğu vəzifədən çıxarılmış Namiq Əliyev Dünya Güləş Birliyindəki vəzifəsində qalırdı.

Bu gün açıqlama verən Namiq Əliyev işinə geri qayıdacağına eyham vurub:

"Mən Dünya Güləş Birliyində işimə davam edirəm. Yaxın zamanda federasiyaya qayıtmağım mümkündür. İnşallah, bunu tezliklə biləcəksiniz".

Qeyd edək ki, Namiq Əliyev Fazil Məmmədovun qudasıdır. Onlar Vergilər Nazirliyində birgə işləyiblər. Fazil Məmmədov nazir olarkən, Namiq Əliyev onun müavini olub.

Fazil Məmmədovun işdən çıxacağı, onun yerinə məhz Namiq Əliyevin təyin olunacağı gözlənilir. Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin bu yaxında ölkə başçısı İlham Əliyevlə görüşü zamanı məhz bu məsələlər müzakirədə olub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.