Vüqar Həşimovun xatirə turnirinin açılışı oldu – FOTO

Bu gün Şəmkirdə azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess 2018 turnirinin açılış mərasimi keçirilib.

Prosport.Az xəbər verir ki, açılış nitqini Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov edib.

O bildirib ki, Şəmkirdə beşinci dəfə belə bir mötəbər turnirin təşkil olunması böyük hadisədir. İcra başçısı əvvəlki dörd turnirin Synergy Group tərəfindən təşkil edildiyini, budəfəki yarışın isə SOCAR tərəfindən keçirildiyini xatırladıb.

O buna görə SOCAR nümayəndəsi, Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədova təşəkkürünü bildirib.

Bundan sonra çıxış üçün nitq imkanı FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) prezidenti Kirsan İlyumjinova verilib. O, Vüqar Həşimovu güclü şahmatçı kimi xatırladığını bildirib və onu özlərinin dostu adlandırıb.

O, qeyd edib ki, Şəmkir artıq şahmatın mərkəzinə çevrilib və bütün dünyada tanınmağa başlanıb.

Daha sonra şəmkirli rəssam Fərman Hüseynov Kirsan İlyumjinova portretini əks etdirən hədiyyə bağışlayıb.

Bundan sonra Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Mansurov və Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edib. Məmmədov dünyanın gözünün on gün ərzində Şəmkirdə olacağını bildirib.

Vüqar Həşimovun atası Qasım Həşimov da çıxış edənlər arasında olub: 

“Mənim üçün bu çıxışlardan sonra danışmaq asan deyil. Ancaq mən bu mötəbər turnir haqda fikirlərini bildirməliyəm. Əvvəlki dörd turnirin təşkilatçısı Synergy Group və indiki yarışın təşkilatçısı SOCAR-a da böyük təşəkkür düşür.

2009-cu ildə Vüqar Həşimovun da üzvü olduğu Azərbaycan komanda şəklində Avropa çempionu oldu. Bu tək idmanda olan nailiyyət yox, intellektual şəkildə Azərbaycanın qələbəsi idi. İndi komanda şəklində millimizə məcburiyyətdən legioner cəlb olunur.

Ancaq deməliyəm ki, heç bir legioner komanda şəklində Vüqarın boşluğunu doldura bilməz. Bəlkə də fərdi şəkildə ondan güclü ola bilər, ancaq heç bir şahmatçı Vüqarın milliyə verdiyi ruhu, komanda oyununu verə bilməz”. 

Synergy Group nümayəndəsi Fərid Hüseynov və SOCAR-ın nümayəndəsi Xalid Məmmədov da çıxışlarını başa vurduqdan sonra Federasiyanın vitse-prezidenti Faiq Həsənov püşk atılması üçün səhnəyə dəvət olunub.

Beləliklə, ilk turda ilk turda azərbaycanlı şahmatçılar bu rəqiblərlə qarşılaşacaq:

Şəhriyar Məmmədyarov – Maqnus Karlsen (Norveç)

Veselin Topalov (Bolqarıstan) – Teymur Rəcəbov

David Navara (Çexiya) - Rauf Məmmədov

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.