Firdovsi Umudov: Bəzi idmançıların xarakteri xoşumuza gəlmədi – VİDEO

ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında II yeri tutan sərbəst güləşçilərimiz bu gecə Vətənə qayıdıb. 

Prosport.Az xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında milli komandamızın qarşılanma mərasimi keçirilib. 

Hava Limanında media nümayəndələrinə yarışın yekunları ilə bağlı açıqlama verən AGF-nin I vitse-prezidenti, sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov dünyanın səkkiz ən güclü komandasının iştirak etdiyi yarışda II yerin yüksək nailiyyət olduğunu deyib: 

“Dünya Kubokunda dünyanın səkkiz ən güclü komandası yer almışdı. Bizim yarımqrupda Kuba, Qazaxıstan və Monqolustan var idi. İlk görüşümüz Kubaya qarşı oldu. Çox gərgin görüş keçdi. Uşaqlar bütün komandalara qarşı əzmkarlıq nümayiş etdirdilər. Buradan da gedəndə demişdik ki, əsas hədəf finala vəsiqə qazanmaqdır.

Komandanın tərkibində gənc güləşçilərə də üstünlük vermişdik. Aparıcı güləşçilərimizdən Şərif Şərifov, Murtuzəli Məhəmmədov, Nurməhəmməd Hacıyev səhhətində problemlər səbəbindən komandada yer almamışdı.

Biz Toğrul Əsgərovun da çıxışını planlaşdırmışdıq. Lakin o tam formada deyildi. Komandanın liderlərindən Cəbrayıl Həsənov, Hacı Əliyev, Cəmaləddin Məhəmmədov, Aslanbəy Alborov, Aleksandr Qostiyev var idi. Yenilərdən Coşqun Əzimov çox əzmkarlıq göstərdi. Georgi Edişeraşvilinin güləşi çox xoşumuza gəldi”.

Firdovsi Umudov final görüşündə komanda üzvlərinin haqsızlıqla qarşılaşdıqlarını dilə gətirib:

“Final görüşündə pərdəarxası çox şeylər var idi. Biz I yerə iddialı idik. Finaldan qabaq Kuba güləşçisi ilə görüşündə Hacı Əliyevin səhhətində problem yaranmışdı. Cəbrayıl Həsənovun görüşündə hakimlər onu açıq-aşkar məğlubiyyətə uğratdılar, dörd xallıq və iki xallıq fəndlər var idi, onu vermədilər. Buna baxmayaraq, güləşçilərimiz sonadək mübarizə apardılar.

Finalda qarşılaşdığımız ABŞ yığması ötən ilin dünya çempionları idilər. Lakin biz özümüzü qalib kimi hiss edirik. Düzdür, səhvlərimiz var idi. Qarşıda bizi Avropa çempionatı gözləyir. Yığma komandanın heyətinə yenidən baxılacaq. Bəzi idmançılar heyətdə yer almayacaq. Çünki onların əzmkarlıq və xarakteri xoşumuza gəlmədi”.

Cəbrayıl Həsənov (yığma komandanın kapitanı): “Final görüşündə ilk saniyələrdə fənd çıxışı etdim, dörd xal verməli olduqları halda, hakimlər iki balla qiymətləndirdilər. Son saniyələrdə yenə iki xallıq fənd işlətdim, xalı rəqibə verdilər.

Yəni tək mən yox, bəzi komanda yoldaşlarımıza qarşı da haqsızlıq oldu. Bizim üçün bu, Avropa çempionatı öncəsi böyük uğurdur. Sonuncu dəfə 2012-cu ildə Bakıda II yeri tutmuşduq. Avropa çempionatında əlimizdən gələni etməyə çalışacağıq”.

Hacı Əliyev (yığma komandanın üzvü): “Biz sonuncu dəfə 2012-ci ildə Bakıdakı Dünya Kubokunda II yeri tutmuşduq. Ondan sonra neçə il idi ki, heç finala da çıxa bilmirdik. Şükürlər olsun ki, bu, baş verdi. Komandamızın heyətində gənc idmançılarımız, həqiqətən, çox yaxşı güləşdilər: Əfqan, Coşqun. Məncə bu idmançılar gələcəkdə heyətə tam uyğunlaşacaqlar.

Öz çıxışıma gəldikdə isə, düzdür, səhhətimdə bəzi problemlər var idi. Lakin komandaya kömək etməli idim. Əlimdən gələni etdim. Həm də məndə yeni çəki dərəcəsi olduğu üçün fiziki cəhətdən bir az çətinlik çəkirəm. Bununla belə, final görüşünə qələbə qazanmaq məqsədi ilə çıxmışdım.

İlk dəqiqələrdə barmağımın çıxmağı bir az gücümü azaltdı, mübarizəni davam etdirmək istəyirdim. Lakin çox təəssüflər olsun ki, komandaya kömək edə bilmədim”.

Qeyd edək ki, B qrupundakı görüşlərində Azərbaycan millisi Kuba, Qazaxıstan, Monqolustanı məğlub edib və finala yüksəlib. Təşkilatçı ölkə komandası isə A qrupunda Hindistan, Gürcüstan və Yaponiyanı üstələyib. Gərgin keçən final görüşü ABŞ yığmasının 6:4 hesablı üstünlüyü ilə başa çatıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.