Federasiya Rafael Ağayevdən narazıdır

Karate Combat” (Karate Döyüşü) təşkilatı ilə müqavilə bağlamış dörd azərbaycanlı idmançının fəaliyyətindən Azərbaycan Milli Karate Federasiyası (AMKF) narazıdır.

Prosport.Az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında AMKF-nin baş katibi Mirhəsən Seyidov bildirib.

O qeyd edib ki, həmin kommersiya xarakterli turnirdə iştirak federasiyanın planlarına ziddir:

“Onların müqavilələri keçən ilə təsadüf edib. Həmin vaxt federasiyanın maliyyə problemləri vardı. Buna görə idmançılarımız maddi durumlarını düzəltmək üçün belə bir qurumla anlaşma imzalamalı olublar.

Bildiyiniz kimi, yanvardan etibarən qurumun maliyyə çətinlikləri arxada qalıb. Bu yarışdan isə federasiya rəhbərliyinin bilavasitə xəbəri olmayıb. Millinin heyəti Mərakeşdəki turnirdən bu gecə qayıdıb deyə, hələ onlarla söhbət etməmişik. 

“Karate Combat”da iştirak etmək federasiya üçün məqsədəuyğun sayılmır. Orada alınan zədələr gələcəkdə bizi Olimpiadada gözlənilən uğurdan məhrum edə bilər. Həmin müqavilələr federasiya ilə yox, fiziki şəxslə bağlanılıb. Biz həmin anlaşmaların pozulmasına çalışacağıq”.

Xatırladaq ki, adıçəkilən qurumla Azərbaycan karateçilərindən Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (hər ikisi +84 kq) müqavilə bağlayıb. Artıq Rafael Ağayev fevralda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş ilk döyüşündə dominikanlı karateçi Dionosio Qustavonu məğlub edərək müəyyən məbləğdə mükafat əldə edib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.