Avstriyalı idmançı Olimpiadada verilən əşyaları Azərbaycan üçün satışa çıxardı - FOTO

Azərbaycan son iki Qış Olimpiadasında təmsil etmiş dağ xizəksürəni Patrik Braxner Azərbaycan üçün xeyriyyə addımına imza atıb.

Prosport.Az xəbər verir ki, daha Azərbaycan üçün çıxış etməyəcəyi və karyerasını bitirdiyi gözlənilən avstriyalı legioner bunu Oxu.Az-a verdiyi müsahibəsində bildirib:

“Mən xeyriyyə təşkilatı olan Azərbaycan üçün Yardım Birliyi (United Aid for Azerbaijan – UAFA) üçün könüllü aksiyaya başlamışam. Bu aksiyaya əsasən Pyanqçanq Olimpiya Oyunlarından əldə etdiyim əşyaların hamısını bu təşkilata bağışlamışam. Aksiyanın tarixi martın 4-də başa çatır. Ancaq biz, böyük ehtimalla, bu tarixi bir həftə daha uzadacağıq”.

Qeyd edək ki, Patrik Braxnerin hazırda aksiya çərçivəsində 11 əşyası satışdadır. Bunların arasında bel çantası, papaqlar, Kappa geyimləri, açılış mərasimində geydiyi pencək və palto, eləcə də Cənubi Koreyanın Olimpiya Komitəsinin hər iştirakçı üçün verdiyi “Samsung Galaxy Note 8” smartfonu var. Məhz ən bahalı telefon da “Samsung” mobil telefonudur – 900 dollar.

Onu da bildirək ki, satışdan əldə olunan pullar 1998-ci ildə təsis olunmuş UAFA vasitəsilə uşaqlara, xüsusən də əlilliyi olan uşaqların sağlamlıq və təhsil məsələlərinə xərclənəcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.