Rafael Ağayev Dubayda çempion oldu

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən karate üzrə Premyer Liqa seriya yarışı başa çatıb.
 
Prosport.Az xəbər verir ki, beşqat dünya və onqat Avropa çempionumuz olan Rafael Ağayev bu gün başa çatan yarışda çempion olub. 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda macarıstanlı Qabor Harşpatakini 5:2 hesabı ilə məğlub edib.
 
Xatırladaq ki, Rafael Ağayev ötən ay Fransanın paytaxtı Parisdə keçirilmiş ilin ilk Premyer Liqa yarışında da finala kimi irəliləmiş, lakin həlledici görüşün son saniyəsində aldığı zərbə ilə yaponiyalı Ken Nishimuraya 1:2 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənmişdi.
 
Bundan başqa, 84 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev də vətənə bürünc medalla qayıdacaq. O ilk görüşündə sonradan çempion olan misirli Əlməsri Əhmədə 0:4 hesabı ilə uduzsa da, təsəlliverici yarışlara qatılıb. İdmançımız təsəlliverici yarışlarda bütün rəqiblərindən üstün olaraq bürünc medala sahib çıxıb.
 
Həmçinin 50 kq çəki dərəcəsində çıxış edən Nuranə Əliyeva da bürünc medal qazanıb. O yalnız yarımfinalda sonradan çempion olan türkiyəli Serap Özçelik Arapoğluna 1:4 uduzaraq III yerlə kifayətlənib.
 
Qeyd edək ki, yığmamız Dubaya 20 idmançı ilə yollanmışdı. Növbəti Premyer Liqa seriya yarışı martın 16-dan 18-dək Hollandiyanın Roterdam şəhərində keçiriləcək. 
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.