Hacı Əliyev aydınlıq gətirdi: "36 min dollardan mənə 7 mini çatacaq"

Sərbəst güləş üzrə 3 qat dünya çempionumuz Hacı Əliyevin Hindistanın Pro Restlinq Liqa adlanan yarışında iştirak edəcəyini xəbər vermişdik.

Prosport.Az xəbər verir ki, Hacı Əliyevin 36 min dollarlıq müqavilə bağladığı deyilirdi. Lakin Əliyev bu pulun hamısının ona çatmayacağını bildirdi: "Bu 36 min dollardan mənə maksimum 7 mini çatacaq. Qalan pul klubun digər əməkdaşlarına veriləcək. Komandamın adı "Dehli Sultanları"dır (Delhi Sultans). Yeri gəlmişkən, bu komandada millimizin digər üzvü Arslanbəy Alborov da çıxış edəcək. Yəni, o başqa komandada yox, mənimlə eyni klubda olacaq. Liqa yanvarın 9-da start götürəcək. İlk görüşüm Toğrul Əsgərovun Olimpiadanın finalında uduzduğu rusiyalı Soslan Ramonova qarşıdır".

Hacı Əliyev bu yarışda yığmamızın digər üzvü Cəmaləddin Əliyevin də iştirak edə biləcəyini istisna etmədi: "O da son anadək komandalardan birinə qoşula bilər. Yeri gəlmişkən, ötən il Azərbaycanı bu turnirdə Toğrul Əsgərovla Cəbrayıl Həsənov təmsil etmişdi".

Qeyd edək ki, bu yarış 2015-ci ildən Hindistanda keçirilir. Yarışda 6 klub mübarizə aparır. Digər 5 klub bunlardır: "Haryana Hamers", "Pancab Royals", "Mambey Maharathi", "Danqal" və "Vir Maratas". Hər komandanın heyətində 9 idmançı - 5 yerli və 4 əcnəbi olmaqla 5 kişi və 4 qadın güləşçi mübarizə apara bilər. (Oxu.Az)

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.