60 yaşlı idman müəllimi: Dərslərdə də belə emosionalam - MÜSAHİBƏ

Ötən ay AFFA Balakəndə məktəblilər arasında futzal turniri keçirib.

Prosport.Az xəbər verir ki, həmin turnirdə Balakənin Kortala kəndinin Peçaqar ibtidai məktəbinin futzal komandasına məşqçilik edən Pakizə Mikayılova hərəkətləri ilə diqqətləri özünə çəkməyi bacarıb. Belə ki, o, komandasının çıxışı zamanı emosiyalarını cilovlaya bilməyib, şagirdlərə çılğın şəkildə göstərişlər verib.

60 yaşlarında olan bir qadının bu hərəkəti bizim də diqqətimizi çəkib. Beş övladı, doqquz nəvəsi olan Pakizə xanımı tapmaq qərarına gəldik.

- Azərbaycanda məşhur olduğunuzdan xəbəriniz var?

- Bilirəm. Oğlum dünən mənə zəng edib dedi ki, sənin videonu internetə yerləşdiriblər...

- Videoya çəkilməyinizdən xəbəriniz olmayıb?

- Xəbərim vardı. Hiss etdim ki, məni çəkirlər. Hətta soruşdum ki, artıq-əskik hərəkət edirəm ki, siz məni çəkirsiniz? Dedi, yox, əksinə, yaxşı məşqçilik etdiyim üçün məni çəkirlər. Yəni, çəkilməyimdən xəbərim olub. Lakin bunun belə əks-səda verəcəyini gözləmirdim. Hətta bunun üçün “Xəzər” telekanalından mənə zəng vurublar. Deyiblər ki, istəyirlər, gəlib çalışdığım məktəbdə çəkiliş aparsınlar. Amma bu, nəyə lazımdır ki?! Sabah-birisigün 60 yaşımı qeyd edəcəyəm. Açığı, “Xəzər” TV-nin bu təklifinə də etiraz etmədim. İndi bilmirəm gəlib məni çəkəcəklər, ya məktəbi? Nənə olan yaşımda nəyə lazım idi bu? (gülür) Məni işlədiyim müddətdə qiymətləndirmədilər. Bu da AFFA-nın xətti ilə keçirilmiş turnir idi.

- Siz həmin məktəbdə nə müəllimisiniz?

- İdman müəllimi. 40 il stajım var. 1977-ci ildən idman müəllimi işləyirəm.

- Elə həmin kənddə?

- Bəli. Kortala orta məktəbində.

- Deyiləndə ki, futzal komandası ilə bu turnirə qatılacaqsınız, sizə baş məşqçilik həvalə olundu?

- Bizə heç futzal olduğunu demədilər. Məktəb direktoru gəlib dedi ki, uşaq hazırlayın, yarışa gedəcəksiniz. Yəni, bizə heç kim futzalın olacağını demədi. Biz də fikirləşdik ki, voleybol və ya başqa idman növləri ilə çıxış edəcəyik. 13 oğlan, 10-11 də qız aparmışdıq. Düzdür, uşaqlarımız o qədər də fəal olmadılar. Ona görə də gözləmədiyimiz yarış alındı.

- Həmin yarışda neçənci yeri tutdunuz?

- Biz yer tutmadıq. Hamı qalib gələ, hamı qazana bilməz. Amma şəhər məktəbləri buna hazırlaşıb gəlmişdilər. I yeri oğlanlar arasında Zərifə Əliyeva adına şəhər orta məktəbi tutdu. Biz isə, demək olar ki, sonuncu yeri tutduq. Ancaq mən komandamdan razı qaldım. Həm oğlanlar, həm də qızlar rəqibləri ilə başabaş oynadılar.

- Bu, məşqçi kimi ilk təcrübəniz idi?

- Yox, o qədər yarışlarda iştirak etmişik ki... Hər il 8 Martda voleybol komandası ilə çıxış edirik. Yəni, yarışlarda ilk dəfə deyil ki, iştirakçıyıq.

- Amma futzalda ilk dəfədir...

- Bəli, futzalda ilk dəfə idi. Yenə deyirəm, uşaqlardan razıyam. Çünki onlar ora gedəndə futzalın olacağını, qaydaların necə olduğunu bilmirdi. Sadəcə, uşaqlar onu bildi ki, topu vurmaq, hücumda oynamaq lazımdır.

- Bəs sizə deyiləndə ki AFFA tədbir keçirir, başa düşmədiniz ki, futbol qurumudursa, bu idman növünə aid də yarış keçiriləcək?

- Bizə deyildi ki, stadiona uşaq gətirin. Qonşu kəndlərdəki müəllimlərlə də əlaqə saxladım, onlar da hansı idman növünün olduğunu bilmədilər. Şəhər məktəbində qardaşımın gəlini işləyir. Yalnız o mənə dedi ki, futbol olmalıdır. Bundan sonra yarışın səhəri günü 6-7-ci sinif şagirdlərinə futzalla bağlı göstərişlər verdim. Onlara kimin hücumda, kimin müdafiədə oynamaq istədiyini soruşdum. Bir o yaxşı oldu ki, uşaqları meydana 5-5 buraxdılar. Çox qarmaqarışıqlıq olmadı...

- Onsuz da futzalda hər komandada 5 oyunçu çıxış edir.

- Hə, mənim bundan anlayışım yox idi. İlk dəfə idi ki, bu idman növündə uşaqları meydana çıxarırdım.

- Videoda köməkçinizin qadın olduğu görünür. O da müəllim idi?

- Bəli. Biz yarışlara gedəndə bir-birimizə kömək edirik. Bir yerdə komandanı aparırıq, bir yerdə gətiririk. Adı-soyadı Bəsti Qasımovadır. O da bədən tərbiyəsi müəllimidir.

- Siz o videoda çox emosionalsınız...

- Mən elə dərslərdə də belə emosionalam (gülür).

- Həyat yoldaşınız varmı?

- Olmazmı? Məktəb direktoru idi. 65 yaşı bitdi deyə, işdən azad olundu.

- O bu videoya nə dedi?

- Mənə dedi ki, 40 ildə görmədiklərini görürsən (gülür). O, belə şeylərə söz deyən deyil, əksinə, dedi ki, çox gözəl... Bakıdakı oğlum zəng edib deməsəydi, heç mənim xəbərim yox idi ki, videom “Youtuba”a yerləşdirilib.(Oxu.Az)

 

Video "SportFM"ə məxsusdur.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.