"Kim? Harda? Nə Vaxt?"ın dünya çempionu federasiyaya vitse-prezident təyin edildi

Dünən Təhsil Nazirliyində Azərbaycan Qılıncoynatma Federasiyasının ilk geniş tərkibli iclası olub.

Prosport.Az-ın xəbərinə görə, təyinatlar rəsmiləşdirilib.

Belə ki, federasiyanın yeni prezidenti Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda Yaşar Məmmədov rəsmən məsləhətçi təyin olunub. Əvvəl qeyd etdiyimiz kimi, 3 vitse-prezidentlərin təyinatı da rəsmiləşdirilib.

Bunlardan biri Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Osmanovun müavini olan Fərhad Qasımovdur. Digərləri oktyabrda Badminton Federasiyasına vitse-prezident təyin edilmiş Balakişi Qasımov və Mirzə Orucovdur.

Baş katib isə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov olub. Yalnız əvvəl qeyd etdiyimiz yığmanın baş məşqçisi Çingiz Mustafayevin təyinatı hələ rəsmiləşməyib. Yaxın günlərdə bu məsələyə də aydınlıq gətiriləcək.

Qeyd edək ki, bunlardan daha çox Balaş adı ilə tanınan Balakişi Qasımovun təyinatı diqqəti çəkir. 39 yaşlı Qasımov "Kim? Harda? Nə vaxt?" elitar klubunun oyunçusu, Azərbaycanda "Kim? Harda? Nə vaxt?" oyununun aparıcısı və baş prodüsseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir. 

O, 2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə "Kim? Harda? Nə vaxt?" oyununun idman variantı üzrə dünya çempionu olmuşdur. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu da olub. "Kim? Harda? Nə vaxt?" üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə ölkə çempionu adına sahib çıxıb. Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.

Balakişi Qasımov Beynəlxalq "Kim? Harda? Nə vaxt?" Klubları Assosasiyası tərəfindən 2010-cu ildə ilin adamı seçilib. 2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb. O, 2015-ci ildə "Neftçi"nin abunə kardlarından birinə sahib çıxmaqla futbol azarkeşi olduğunu da göstərib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.