Azərbaycanlı İslam Həmrəyliyi İdman Federasiyasına vitse-prezident seçildi - FOTO

İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı toplantısında 4 illik fəaliyyətinə yekun vurub.

Prosport.Az xəbər verir ki, bununla bağlı İHİF-in İcraiyyə Komitəsinin iclası olub.

Orada X Baş Assambleyanın gündəliyi və hesabat məruzələri təsdiq olunub. Bu gün isə İHİF-in Baş Assambleyası işinə başlayıb. Tədbirdə qurumun sədri Türki ibn Əbdülmöhsün Əl-Əlşeyx, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif ibn Əhməd Əl-Otaymin, İHİF-in vitse-prezidentləri Hamad Kalkaba Malbaum və Çingiz Hüseynzadə iştirak ediblər.

İHİF-in Baş Assambleyasının gündəliyində duran əsas məsələ təşkilatın 4 illik fəaliyyəti ilə bağlı hesabat olub. Hesabatda 4 il ərzində görülmüş işlər arasında Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili, onun İslam dəyərlərinin dünya miqyasında yayılmasındakı müstəsna rol oynaması, İslam ölkələri arasında dostluq və həmrəyliyin gücləndirilməsindəki önəmi xüsusi qeyd edilib.

Baş Assambleya təşkilatın 4 illik fəaliyyətinə yekun vurduqdan və növbəti 4 il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirdikdən sonra İHİF-in İcraiyyə Komitəsinin üzvlərinin və rəhbərliyinin seçkisi olub. Toplantıda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin təşkilatın vitse-prezidentliyinə namizədliyi irəli sürülüb və o, 3-cü dəfə İHİF-in vitse-prezidenti seçilib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.