Sadıq Sadıqov Avropa çempionu olmuş cüdoçularımızla görüşdü

Bu gün Azərbaycan Cüdo Federasiyasında Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatında böyük uğur qazanan cüdoçularımız və millinin məşqçi heyətilə görüş keçirilib.

Prosport.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov gənc cüdoçularımızı təbrik edərək, onlara qarşıdan gələn yarışlarda uğurlar arzulayıb. O, cüdo tariximizdə ilk dəfə olaraq millimizin komanda yarışlarında çempion olmasını xüsusi qeyd edib. 

Sonra gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Elçin İsmayılov, Avropa çempionu Hidayət Heydərov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə federasiya rəhbərliyinə təşəkkürlərini bildiriblər. Onlar oktyabr ayında Xorvatiyada keçiriləcək dünya çempionatında da uğurlu çıxışlarını davam etdirərək göstərilən etimadı doğruldacaqlarına söz veriblər. 

Xatırladaq ki, Sloveniyada gənclər arasında cüdo üzrə Avropa çempionatında yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc qazanıb, medalların əyarına görə kişilər komanda hesabında I yeri tutub, komanda yarışlarında isə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.