"Formula 1"in əfsanəsi: "Azərbaycan Qran-Prisində meydana çıxsam..."

Məlum olduğu kimi, Azərbaycanda "Formula 1" yarışı keçirilir.

Prosport.Az xəbər verir ki, yarışa Bakıya çempionat iştirakçıları ilə yanaşı, bu idmanın tanınmış simaları da təşrif buyurub. Onların sırasında "Reno" komandasının səfiri Alen Prostun adını xüsusilə qeyd etmək lazımdır.

Fransanın Azərbaycandakı səfirliyi əfsanəvi fransız pilotu səfirliyə dəvət edib və onunla media nümayəndələrinin görüşü keçirilib. Görüşü Fransanın ölkəmizdəki səfiri Orelia Buşez açıb. Xanım səfir məşhur sürücünü qonaqlara təqdim edib, onun həyatı və karyerası barədə məlumat verib, Prostu "canlı əfsanə" adlandırıb.

Daha sonra söz Prosta verilib. O, ilk dəfə gəldiyi Bakını və yarışın keçirildiyi Bakı Şəhər Halqasını bəyəndiyini bildirib. Daha sonra isə media nümayəndələri məşhur sürücüyə öz suallarını veriblər. Sualların əksəriyyəti onunla braziliyalı Ayrton Senna və dördqat dünya çempionunun onunla rəqabəti barədə olub. Prost əzəli rəqibi barədə həmişə olduğu kimi, bu dəfə də hörmətlə danışıb.

Prosta hazırda çıxış edən gənc sürücülərdən kimləri bəyəndiyi soruşulub. O, Hollandiya bayrağı altında çıxış edən belçikalı pilot Maks Verstapenin adını xüsusi vurğulayıb. Bəyəndiyi digər gənc sürücünün belçikalı Stoffel Vandorn olduğunu bildirib və təbii ki, monakolu sürücü Şarl Leklerkin də adını çəkməyi unutmayıb. Hazırda yarışsa, çempionluq şanslarının nə qədər olduğu soruşulub. Prost bildirib ki, hazırda çempion ola bilməz. Çünki artıq yaşlanıb, karyerasını 38 yaşında başa vurmasından isə 23 ildən artıq vaxt keçir.

"Prosport"un əməkdaşının "sizin vaxtınızda Azərbaycan Qran-Prisi olsaydı, burda qalib olmaq şanslarınızı neçə faiz görərdiniz?" sualına Prost belə cavab verib: "Əgər güclü sürücüsünüzsə və yaxşı komandanız varsa, qalib gəlmək şansınız çoxdur. Bu şans mənim əlimə Monakoda keçib. Bakı Şəhər Halqası çox mürəkkəb trasdır. Düzlükdə tam sürətlə getdikdən sonra döngədə əylənmək çox çətin olur".

Yekunda isə tədbir iştirakçıları Alen Prostla xatirə şəkli çəkdirib və avtoqraf alıblar.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.