İslamiadadan sonra ilk islahatlar karatedə başladı: İranlı legioner qovuldu

Azərbaycan Milli Karate Federasiyası (AMKF) 2 legionerindən imtina edib.

Prosport.Az xəbər verir ki, onlardan biri slovakiyalı idmançı Dorota Baltsiarovadır. Karatenin kata növündə çıxış edən Baltsiaroavanın özü saytımıza açıqlamasında deyib ki, Azərbaycan millisi üçün yarışmayacaq. O bildirib ki, WKF (Ümumdünya Karate Federasiyası) AMKF-a xəbərdarlıq edib.

Əldə etdiyimiz məlumata görə, bu xəbərdarlıq slovakiyalı karateçinin müqaviləsiz əsaslarla yarışmasına görə olub. WKF bundan xəbər tutunca, bizim federasiyaya xəbərdarlıq edib. Nəticədə millimiz ötən ilin sonlarında yığmamıza cəlb olunan legionerin onsuz da İslamiadaya qədər keçirilmiş Premyer Liqa yarışlarında medal qazanmadığını görüb onunla yolları ayırmaq qərarına gəlib.

Bundan başqa, kumitedə Azərbaycanı təmsil etmiş iranlı legioner Neda Rezai ilə də yollar ayrılıb. İslam Həmrəyliyi Oyunlarında ilk mərhələdəcə malayziyalı Selin Liyə 0:5 hesabla uduzaraq mübarizəni dayandırması ona bağışlanmayıb. Nedanın yerinə Tokio Olimpiadasında medal qazanmaq üçün daha səviyyəli legioner axtarılacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.