Daha bir Azərbaycan - Türkiyə duelindən millimiz qalib ayrıldı

IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışına dünən yekun vurulub.

Prosport.Az xəbər verir ki, “Baku Kristal Hol”da keçirilən yarışın finalında Türkiyə yığmasına qalib gələn Azərbaycan milli komandası İslamiadanın çempionu olub.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın 1-ci seti voleybolçularımızın aşkar üstünlüyü ilə yekunlaşıb - 25:12. Lakin 2-ci setdə daha inamlı oynayan türkiyəli voleybolçular 25:23 hesabı ilə qalib gəliblər. 3-cü setdə təşəbbüsü ələ alan yığma komandamız seti öz xeyrinə başa vurub - 25:20. Voleybolçu qızlarımız 4-cü setdə də gözəl oyun nümayiş etdirərək 25:21 hesabı ilə qələbə qazanıblar.

Beləliklə, Azərbaycanın qadın voleybolçuları İslamiadanın qızıl medallarına sahib olublar. Türkiyə millisi II, Qırğızıstan yığması isə III yeri tutub.

III yer uğrunda görüşdə Tacikistan və Qırğızıstan yığmaları üz-üzə gəliblər. Matçda 3:0 hesabı ilə qalib gələn Qırğızıstan millisi İslamiadanın bürünc medallarına sahib olub. Qırğızıstanlı voleybolçular hər 3 setdə böyük fərqlə qələbə qazanıblar - 25:10, 25:12, 25:16.

Yarış başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.

Medalları qaliblərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Abdulazaz Əl-Nassar təqdim edib.

Qeyd edək ki, qadın həndbolçuları arasında keçirilən görüşün finalında da Azərbaycan və Türkiyə üz-üzə gəlmiş və millimiz qalib gəlmişdi.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.