4 güləşçimizdən 2-si qızıl medal qazandı

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarına start verilib.

Prosport.Az xəbər verir ki, ilk olaraq 4 çəki dərəcəsində təmsilçilərimiz xalça üzərinə çıxıb. İdmançılarımız 2 qızıl, 1 gümüş medal qazanıb.

57 kq

Bu çəkidə ölkəmizi Mahir Əmiraslanov təmsil edib. Turnirə 1/4 final mərhələsindən start verən gənc pəhləvanımız ilk görüşündə Roland Tambi Nforsonqu (Kamerun) asanlıqla üstələyib (14:4). Yarımfinalda türkiyəli Nəbi Uzunla qarşılaşan Əmiraslanov yenə çətinlik çəkməyib. İdmançımız 13:2 hesablı qələbə sayəsində adını finala yazdırıb. Mahir həlledici görüşdə Qazaxıstan təmsilçisi Jandos İsmayılovla güləşib və 5:4 qələbə qazanaraq qızıl medala sahib çıxıb. 

65 kq

Komanda yoldaşından fərqli, Məhəmməd Müslümov yarışa 1/8 finaldan başlayıb. Təmsilçimiz Fil Dişi Sahilindən olan İnnosent Aşi Abbi ilə qarşılaşıb. Müslümov vaxtından əvvəl qələbə (10:0) qazanaraq, növbəti mərhələyə adlayıb. İdmançımız 1/4 finalda da çətinliklə üzləşməyib. Belə ki, Mabunde Kumba (Qvineya-Bisau) ilə üz-üzə gələn Müslümov yenə 10:0 hesablı qalibiyyətə sevinib. Yarımfinalda isə təmsilçimizin rəqibi əfqanıstanlı Malik Can Sadid olub. Müslümov bu dəfə də ənənəsinə sadiq qalaraq, rəqibini 10:0 hesabı ilə üstələyib və finalda Meysam Nasiri (İran) ilə güləşmək imkanı qazanıb. Lakin dağıstanlı legionerimiz 3:5 uduzaraq gümüşlə kifayətlənib.

74 kq

Bu çəkidə mübarizə aparan Cəbrayıl Həsənov da İslamiada çərçivəsində ilk görüşünü 1/8 final mərhələsində keçirib. Öz çəkisində ən güclülərdən olan Olimpiadanın bürünc mükafatçısı iranlı Peyman Yarəhmədi ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən qarşılaşmada idmançımız rəqibinə 1:3 hesabı ilə uduzub. Yarəhmədi 1/4 finalda Özbəkistan təmsilçisi Bekzod Abdurəhmanova uduzduğundan (5:8), Həsənovun bürünc medal uğrunda güləşmək şansı da qalmayıb. 

97 kq

Günün ən ağır çəkidəki mübarizəsində millimizin adından dağıstanlı legioner Nurməhəmməd Hacıyev güləşib. 21 yaşlı pəhləvan mübarizəyə 1/4 finaldan başlayıb. Yusup Melejayevlə (Türkmənistan) qarşılaşan idmançımız vaxtından əvvəl qələbə qazanaraq (11:1), yarımfinala adlayıb. O, final yolunda son görüşünü suriyalı Abdallah Karama qarşı keçirib və bu dəfə də qələbə əldə edib (9:0). Hacıyev digər 2 güləşçimiz kimi, həlledici görüşdə iştirak edəcək. Onun rəqibi iranlı Əmir Məhəmmədi olub. Hacıyev rəqibinə 11:2 qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, güləş yığmamız “klassiklər”in mübarizəsində 4 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.