ŞOK! Olimpiya çempionumuz güləş yarışlarından diskvalifikasiya edildi

London Yay Olimpiya Oyunlarının qalibi olan azərbaycanlı güləşçi Toğrul Əsgərov diskvalifikasiya edilib.

Prosport.Az xəbər verir ki, buna 25 yaşlı pəhləvanın antidopinq qaydalarını pozması səbəb olub.

Belə ki, ondan götürülmüş dopinq-test müsbət nəticə verib. Əsgərovun higenamin preparatından istifadə etdiyi məlum olub. Bu dərman ABŞ və Avropa Birliyində qanuni sayılsa da, bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan edilib. Həmin preparat daha çox çəkini qorumaq üçün qəbul olunur.

Bu səbəbdən güləşçimiz 1 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Ona tətbiq olunan cəza 2018-ci ilin aprelin 17-də başa çatacaq. Əsgərov cəza səbəbindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları üçün açıqlanan siyahıya da daxil edilməyib. 

Siyahıya Azərbaycanın daha 3 güləşçisi də düşüb. Yeniyetmələr arasında dünya çempionatında orqanizmindən furosemid aşkarlanan Fail İsgəndərov 2 il - 9 noyabr 2018-ci ilədək, gənclər arasında dünya çempionatında stanozolol metabolites tapılan Zubair Dibilov 4 oktyabr 2020-ci ilədək, 2015-ci il yeniyetmələrin Avropa çempionatında dopinq-testdən imtina edən Turxan Qurbanov 27 avqust 2019-cu ilədək bütün yarışlardan kənarda qalacaq.

Qeyd edək ki, Gəncədən olan Toğrul Əsgərov Olimpiya çempionu olmaqla yanaşı, Rio-2016-da gümüş, Avropa Oyunlarında və qitə çempionatında qızıl medal qazanıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.